
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853
Beyin ölümü diaqnozu necə qoyulur?
Beyin ölümü beyin kötüyü daxil olmaqla beyinin bütün funksiyalarının geridönməz şəkildə dayanmasıdır.
Beyin ölümü diaqnozu qoyulması üçün ilkin şərtlər
Beyin ölümü diaqnozu qoyulması üçün aşağıdakı şərtlər olmalıdır.
1. Pasient komada olmalıdır və komanın səbəbi bəlli olmalıdır.
2. Pasientdə spontan tənəffüs olmamalıdır və süni tənəffüs aparatına qoşulu olmalıdır
3. Xəstənin ölümünə səbəb olan hadisə ən azı 6 saat əvvəl olmalıdır və səbəb aydın şəkildə göstərilməlidir. ( kəllə beyin travması, beyindaxili qanaxma)
4. Pasient kardiovaskulyar şokda olmamalıdır.
5. Aydın endokrin və metabolik kənaraçıxmalar korreksiya edilməlidir
İstisnalar
1. Pasient hipotermik olmamalıdır. Bədən temperaturu ən azı 35.5 C dən aşağı olmamalıdır, aşağı olduqda normal hala gətirilməlidir.
2. Pasient heç bir sedativ, əzələ relaksantları, antikonvulsantlar, hipnotik, narkotik və antidepressant qəbul etməməlidir. Əgər xəstə əvvəllər belə bir dərman qəbul edibsə bu dərmanın qanda səviyyəsi sıfır olmalıdır.
3. Yol qəza hadisəsində, dərman zəhərlənməsində, səbəbi məlum olmayan komalarda toksikoloji müayinə aparılmalıdır. Bu cür müayinə imkanı olmadığı zaman beyin ölümü diaqnozu qoymaq üçün 5 gün gözləmək lazımdır.
4. Komanın metabolik və endokrinoloji səbəbləri istisna edilməlidir.
5. Pasientdə beyin aktivliyinin heç bir əlaməti olmamalıdır.
Beyin ölümü diaqnozunu kimlər qoymalıdır?
1. Beyin ölümü olan pasientlərin müayinə olunmasında təcrübəsi olan nyrocərrah, nevroloq, reanimatoloq və anestezioloq, daxili xəstəliklər üzrə mütəxəssis və pediatr beyin ölümü diaqnozunun qoyulmasına cəlb edilə bilər.
2. Nefroloq və ya transplantasiya komandasının hər hansı bir üzvü bu prosesdə iştirak etməməlidir.
Beyin ölümü diaqnozu necə qoyulur?
1. İlkin kliniki müayinə. Pasientin komada olduğunu təsdiqləməli, hər hansı qıcolma aktivliyi, dekortikasiya və deserebrasiya hərəkətlərinin olmamasını aydınlaşdırmaq lazımdır. Frontal sinusların üzərinə basmaqla üzün qırışdırılmasına fikir verilir və motor reaksiyası yoxlanılır. Ağrı stimuluna olan motor reaksiyası mənfi olmalıdır.
2. Beyin kötüyü refleksləri.
• Göz bəbəyinin işığa reaksiyası göz bəbəklərini işıqlandırmaqla qeyd edilir.
• Korneal reflekslər pambıqla buynuzlu qişaya toxunulur və göz qırpmasının olmaması qeyd edilir.
• Okulo-sefalik refleks . Pasientin başı neytral vəziyyətdə saxlanılır, sonra iki əllə tutulub sağa və sola hərəkət etdirilir. Normal halda göz almaları əks istiqamətdə hərəkət edir. Beyin ölümü olan xəstələrdə göz almaları başla eyni istiqamətd hərəkət edir.
• Vestibular – okular refleks. Xarici qulaq keçəcəyinə 50ml buz kimi soyuq su tökülür. 20-30 saniyədən sonra gözlərin hərəkəti müşahidə edilir. Göz hərəkətinin olmaması beyin ölümündən xəbər verir.
• Yuxarı və aşağı hava yollarının stimulyasiyası ( gag refleks). Sorucu kateter udlağa və traxeyaya toxundurulur və ögümə refleksi alınır. Beyin ölümü zamanı bu müşahidə edilmir.
3. Müayinələr arasındakı fərq büyüklər üçün 6 saat olacaq.
4. Bütün beyin kötüyü reflekslərinin itmiş olduğu yoxlandıqdan sonra təsdiqləyici test icra edilir. Təsdiqləyici test elektroensefaloqram və angiogram ola bilər.
5. Apnea testi. Apnea testi 6 saat fasilə ilə aparılmış 2 müayinədən sonra edilən ən axırıncı tesdir. Bu test bir dəfə aparılır və spontan tənəffüsün olmamasını göstərir. Pa Co2 nin səviyyəsinin qanda kritik səviyyəyə ( 50-60 mm Hg) çatmasına əmin olmaq lazımdır. Xəstəyə əvvəlcə 100% 02 on dəqiqə müddətinə verilir, sonra ventilyator saxlanılır. Bu müddətdə oksigen verilməsi davam edir. Xəstə süni tənəffüs aparatından ayrıldığı müddətcə heç bir respirator hərəkət olmadıqca apnea test pozitiv sayılır.
Bunlar da maraqlı ola bilər.