Böyrək donorları (2-ci hissə).

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS ingiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək donoru,

 

 

 

 

 

 

 

Donorun əməliyyata razılığının alınması prosesin çox vacib hissəsi hesab edilir. Bu həm də ona görə çox vacibdir ki, standart müalicələrdən fərqli olaraq donor üzərində aparılan əməliyyat onu sağaltmaq üçün deyil. Donor əməliyyatı əslində təbabətin birinci qanunu olan xəstəyə zərər vurmamaq prinsipi ilə paradoks təşkil edir. Donorluğa razılıq verəcək adam ilk növbədə anlaşıqlı olmalı (qərar qəbul etmək üçün uyğun), donor olmağa istəkli olmalıdır, təmənnadan azad olmalıdır, tibbi və psixoloji sağlam, əməliyyat riskləri və donorluq barədə tam məlumatlı, və resipient üçün mümkün olan alternativ müalicə üsulları haqqında məlumatlı ( donor bilməlidir ki, o böyrəyin vermədiyi təqdirdə belə xəstə dializlə davam edə bilər və ölməyə bilər) olmalıdır.

Hansı donoru seçməli?

Əgər bir ailədə bir neçə donor varsa o zaman müayinələri toxuma uyğunluluğu daha çox üst üstə düşən donordan başlamaq məsləhətdir ( məsələn, iki haplotip olan bir haplotip olandan daha üstün tutulmalıdır). Toxuma uyğunluqları eyni olanlarda əvvəlcə yaşlı donoru nəzərdən keçirmək məntiqli olar. Cavan donor isə illər sonra qreft yararsız olduqda ikinci transplantasiya üçün saxlanıla bilər. Donor olan qadınların hamilə qalması üçün və ginekoloji problemlərinin artması riski çox azdır. Bioloji uyğun donorlar qohum olmayan donorlardan daha üstün sayılır.

Donorun resipientin müayinələri zamanı onu müşahidə etməsi adətən yaxşı proqnostik əlamət sayılır. Elə potensial donora da ilk yaxınlaşma və bu barədə söhbət resipient tərəfindən olsa daha məqsədəuyğundur, nəinki həkim nefroloq və ya transplant cərrah tərəfindən. Bəzi xəstələr isə öz ailə üzvləri ilə bu barədə söhbət eləməyə çətinlik çəkirlər, bu zaman isə həkim onlar arasında bu mövzunu müzakirə etməyə vasitəçilik edə bilər. Donorluq prosesini izah edən yazılı materiallar adətən donorlara qorxuya və narahatçılığa üstün gəlməyə kömək edir.

Psixoloji müayinə

Psixoloji müayinə potensial donorların müayinəsinin əsas hissələrindən biridir. Bu zaman donorun motivasiyası aydınlaşdırılır, hansı bir şəkildə isə təzyiqlərin olmasını istisna etməlidir. Əməliyyat risklərini anlamayacaq qədər ciddi psixiatrik xəstəliyi olanlar və ya cərrahi əməliyyatın stresinin onların xəstəliyini alovlandıra biləcəyi riski olan psixiatrik problemli xəstələr donor kimi qəbul edilmir. Donorun sosial dəstəyinin də olub olmaması aydınlaşdırılmalıdır. Verilən orqan qarşılığında pulla və ya ona ekvivalent bir şeylə mükafatlandırılan donorlar diskvalifikasiya olunur.  Donorluq prosesi zamanı yol xərcləri, ev kirayəsi xərcləri və məhrum olduğu əməkhaqqı əvəzi pul mükafat hesab olunmur.

Donorluğun riskləri

Böyrək donorlarında qısa müddətdə gözlənilən ağırlaşmalar ehtimalı çox aşağıdır. Ölüm olmaq ehtimalı 0.03% -dir. Orqan Bölüşməsinin Birləşmiş Şəbəkəsi ( UNOS) 1999-2002 illər arasında 15000 canlı böyrək donorunda xəstəxanada olduğu müddətdə cəmi iki ölüm hadisəsi qeydə almışdır. Xəstəxanaya yenidən qəbul olma və təkrar əməliyyat risklərinin də ehtimalı 1%-in altındadır. 1.5% donorlara qan köçürülə bilər.  Dərin vena trombozu, ağciyərin trombemboliyası, yara infeksiyası, sətəlvəm və s. kimi digər ağırlaşmaların da olmaq ehtimalı 3%-dir. Donorlarda gələcəkdə xroniki böyrək çatışmazlığının inkişaf etməsi riski də çox aşağıdır. Araşdırılan 48000 donor arasında yalız 20 nəfərində sonradan böyrək transplantasiyasına ehtiyac olmuşdur.

Donorların yaşı

Yuxarı yaş əməliyyatətrafı ağırlaşmaların olması riskini artırır. Müxtəlif mərkəzlərdə yuxarı  yaş limiti müxtəlifdir.  UNOS araşdırması 27% mərkəzlərdə ümumiyyətlə yuxarı yaş limiti olmadığını aşkar edib. 6% mərkəz 55 yaşı, 13% mərkəz 60 yaşı, 70% mərkəz 70 yaşı, 3% mərkəz isə 75-80 yaşları yuxarı limit kimi qəbul edirlər. Yaşlı donorlarda bir nüansı nəzərə almaq lazımdır ki, onların böyrəklərinin gözlənilən yaşama müddəti daha azdır. Aşağı yaş isə adətən 18 götürülür. Çünki, bu yaşdan aşağı hüquqi olaraq onların əməliyyata razılıq vermək ixtiyarı yoxdur.

Resipientə infeksiya  və xərcəng yoluxdurma riski

Donorlar HİV, Hepatit B, hepatit C kimi infeksiyalara görə yoxlanılır və bu infeksiyalar olduqda diskvalifikasiya olunurlar. Müalicə olunmuş siflis, vərəm, aktiv olmayan sitomeqalovirus infeksiyalarında əməliyyata əks göstəriş yoxdur. HTLV (human T lymphocyt virus), HHV (human herpes virus) kimi infeksiyalar xəstədə kaposi sarkoması, T hüceyrə leykemiyası yaratmaq ehtimalını artırır və ona görə də bu infeksiyalar aktiv fazada olduqda əməliyyat olunmur.

Böyrək donorları həmçinin xərcəng xəstəliyinə görə sorğu sual olunmalıdırlar. Onun həm ailə tarixçəsi, həm də fərdi tarixçəsi araşdırılmalıdır. Bir çox xərcəng xəstəliyi keçirmişlər donorluqdan saxlanılır.

Donorun müayinəsində vacib hissələrdən biri də gələcəkdə onda böyrək xəstəliyinin ola bilmək riskinin araşdırılmasıdır. Donorlarda bundan ötrü aşağıdakılar araşdırılır

  • Qlomerulyar filtrasiya göstəricisi
  • Proteinuriya
  • Hematuriya
  • Hipertenziya
  • Şəkərli Diabet
  • Artıq çəki
  • Böyrəkdə daş
  • İrsi böyrək xəstəlikləri

Bunlar da maraqlı ola bilər