Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək transplantasiyası böyük əməliyyatdır və digər böyük əməliyyatlarda rast gəlinə bilən bütün ağırlaşmaların burada da olması mümkündür. Bunlar erkən və gecikmiş, ümumi və spesifik, cərrahi və ya terapevtik və s. kimi təsnifatlana bilər. Orqanın orqanizm tərəfindən rədd edilməsi ( recekt olması), immunosuppressor dərmanların yaratdığı problemlər digər məqalədə göstərilib. Burada əməliyyatdan sonra rast gəlinə bilən bəzi spesifik ağırlaşmalar haqqında danışılıb.

- Yara infeksiyası. Maraqlıdır ki, böyrək transplantasiyası yeni başlayan illərdə bu göstərici 25% olmuşdur. İndi isə bu göstərici 1% dən də aşağıdır. Bunun müxtəlif səbəbləri vardır. Birincisi böyrək resipientləri indiki zamanda daha sağlamdırlar, ikinci steroidlərin dozası indi əvvəllər istifadə edildiyindən daha aşağıdır, üçüncüsu isə antibiotiklərin istifadəsi ilə bağlıdır. Bütün böyrək transplantasiyalarında profilaktik antibiotiklər istifadə edilir. Adətən seftriakson molekulu yetərli olur. Kök xəstələrdə yara infeksiyası olma ehtimalı kifayət qədər yüksəkdir. Əgər yara infeksiyalaşarsa bu müvafiq şəkildə drenaj edilməklə və uyğun sistem antibiotikləri ilə müalicə edilir.
- Limfosele. Əməliyyat zamanı qalça damarlarını əhatə edən limfa damarlarının kəsilməsi limfa mayesinin axaraq toplanması nəticəsində yaranır. Əməliyyatdan sonra 1-2 həftəyə üzə çıxır. Bu nəzərə çarpmayacaq dərəcədə az, xəstəyə narahatçılıq verə biləcəyi qədər çox ola bilər. Limfasele həcm effekti verərək uretranı, qalça venasını sıxıb bağlaya bilər. Əməliyyat zamanı limfa damarları ehtiyatla bağlanmaqla bu problemin qarşısını almaq olar. İmmunosuppressor dərman kimi Sirolimus istifadə edildikdə limfosele ehtimalı yüksəlir. Ultrasəslə diaqnoz qoymaq mümkündür. Yığıntının iynə ilə biopsiyası diaqnozu təsdiqləyə bilər. Sidik qaçağı və hematoma ilə differensiasiya edilməlidir. Kiçik və asimptomatik limfosele zamanı heç bir tədbir görülmür. Sidik axarının təzyiq nəticəsində bağlanması müalicə üçün göstərişdir. Bu zaman sadəcə drenaj etmək problemi aradan qaldırır.
- Qanaxma. Bu vəziyyətə səbəb həm cərrahi texnika, həm də xəstənin laxtalanma sistemində olan problemlər səbəb ola bilər. Əməliyyat zamanı qanamayan, spastik vəziyyətdə olan xırda damarlar bir müddət sonra qanamaya başlaya bilər. Ona görə də əməliyyat zamanı ehtiyatlı hemostaz vacibdir. Əməliyatdan öncə xəstənin dializ alması uremiya ilə bağlı koaqulopatiyanı azalda bilər və terapevtik qanaxmanın qarşısını alar. Laxtalanma sisteminə təsir edən dərmanlar əməliyyatdan lazım olduğu qədər əvvəl saxlanmalıdır. Məsələn aspirin üçün bu 10 gün, varfarin üçün 3 gündür.
- Qreftin trombozu.
Böyrək venasının trombozu Bu həm arteriyanın, həm də venanın tromb nəticəsində bağlanması səbəbindən yarana bilər. Adətən əməliyyatdan sonra ilk günlərdə əmələ gəlir. Amma bir neçə ay sonra da ola bilər. Tədqiqatlar 0.5% dən 8% ə qədər ehtimalla yarana biləcəyini deyir. Erkən vaxtlarda olan tromboz cərrahi texnika ilə əlaqələndirilir. Gecikmiş tromboz isə adətən kəskin recekt olmanın nəticəsi olur. Normal fəaliyyət göstərən böyrək qəfldən funksiyasını saxlayarsa bundan şübhələnmək lazımdır. Doppler ultrasəs müayinəsi diaqnoz qoymağa kömək edir. Transplant böyrəyin isti işemiya vəziyyətinə dözümlülüyü az olduğundan köçürülmüş böyrək çox halda itirilir. Ancaq sürətli diaqnoz qoymaq mümkün olan hallarda onu qorumaq olur.
- Böyrək arteriyası stenozu. Çox rast gəlinə bilən ağırlaşmalardan hesab edilir. Əməliyyatdan 3 aydan 2 ilə qədər sonra əmələ gəlir. Adətən anastomozdan sonrakı hissənin stenozu ilə görsənir. İnvaziv radioloqlar stent qoymaqla müalicə edə bilərlər. Bu mümkün olmadıqda əməliyyat olunmalıdırlar.
- Sidik qaçağı. Sidik qaçağı sidik kisəsi, sidik axarı və böyrək ləyənləri səviyyəsində ola bilər. Adətən əməliyyatdan bir neçə gün sonra aşkar edilir. Cərrahi texnikaya bağlılığı çoxdur. Anastomoz sıx qoyulmadıqda və ya sidik axarının işemiyası nəticəsində sonradan perforasiya nəticəsində yarana bilər. Şübhələndikdə drenajdan axan maye kreatinin səviyyəsinə görə yoxlanılır. Diaqnoz qoyulan andan müalicə başlanmalıdır. İlkin müalicəsi sadəcə sidik kateteri qoyulmasından ibarətdir. Kateter sidik kisəsində gərginliyi azaldır və bir çox hallarda tam sağalmaya şərait yaradır. Perkutan nefrostom həm diaqnoz qoymaq üçün, həm də sidik axınını kontrollu etmək üçün qoyula bilər. Bu həm də spesifik müalicə üçün vaxt qazandıra bilər. Cərrahi müalicə zədənin səviyyəsindən asılıdır. Bu qaçaq olan yerin tikilməsindən nativ sidik axarlarının istifadə edilməsinə qədər müxtəlif ola bilər.
- Sidik axarlarının obstruksiyası ( bağlanması). Bu vəziyyət adətən transplant böyrəyin funksiyasının pozulması ilə üzə çıxır. USM də hidronefroz aşkar edilir. Əməliyyatdan sonrakı kəskin obstruksiya olduqda təcili cərrahi müdaxilə lazım ola bilər. Bəzi hallarda isə endo uroloji texnikanın köməyi ilə müalicə etmək mümkündür.
Bunlar da maraqlı ola bilər.
- Böyrək Transplantasiyasının qısa tarixi
- Böyrək Transplantasiyası, yoxsa dializ
- Kimlərə böyrək köçürülməlidir? Son dönəm böyrək xəstəliyinin səbəbləri
- İmmunosuppressor dərmanlar
- Böyrək donorları (1-ci hissə)
- Böyrək donorları (2-ci hissə)
- Böyrək Transplantasiyası məlumat sessiyası