Xolangiokarsinoma -Öd yolları xərcəngi

Öd yollarının hüceyrələrindən inkişaf edən xərcəng xəstəliyinə xolangiokarsinoma deyilir.  Bu öd yolları həm qaraciyər daxilində var, həm də qaraciyərdən kənarda. Bu şişlərin əmələ gəlmə səbəbi aydın deyil. Diaqnoz qoyulan ərəfəyə qədər  xolangiokarsinomalar  adətən kifayət qədər irəliləmiş mərhələdə olurlar. Xolangiokarsinomalar öy yollarının istənilən nahiyəsindən inkişaf edə bilər. Adətən onlar öd yollarının mənfəzini bağlayaraq mexaniki sarılıq yaradırlar. Qadınlarda və kişilərdə eyni nisbətdə əmələ gələ bilərlər, 65 yaşdan sonra daha tez tez rast gəlinir. Aşağıdakı xəstəlikləri olan insanların bu xəstəliyə tutulma şansları daha çoxdur.

1.       Öd yolları kistaları (xoledoxal sistlər)

2.       Xroniki öd yolları və qaraciyərin iltihabi xəstəlikləri

3.       Qaraciyərin parazit invaziyası

4.       Birincili sklerozlaşan xolangit

5.       Xoralı kolit

Əlamətləri

1.       Qızdırma və üşütmə ( xolangit əlaməti)

2.       Tünd rəngli sidik və açıq rəngli nəcis ( mexaniki sarılıq)

3.       Qaşınma (öd turşuları)

4.       İştahanın azalması

5.       Qarının yuxarı sağ tərəfində kürəyə irradiasiya edən ağrılar

6.       Çəkinin azalması

7.       Dərinin saralması

Müayinələr

1.       Komputer tomoqrafiya və ultra sən müayinəsi

2.       ERCP ( endoskopik retroqrad xolangiopankreatoqrafiya)

3.       ERCP vasitəsi ilə götürülən biopsiya xəstəliyi təsdiqləyə bilər.

4.       Qaraciyərin sınaqlar

Müalicənin məqsədi şişi və onun yaratdığı öd yolları blokadasını aradan qaldırmaqdır. Şişin çıxarılması mümkün olan hallarda cərrahi əməliyyat  seçim müalicədir və xəstəni birdəfəlik xilas edə bilər. Bəzən diaqnoz qoyulan ana qədər şiş uzaq orqanlara yayılmış vəziyyətdə olur. Bu zaman əməliyyat mümkün olmur.

Kimyəvi müalicə və şüa müalicəsi adətən əməliyyatdan sonra verilir ki, şişin geri qayıtmasını əngəlləsin. Amma onun da faydası hələ sübut olunmayıb.Endoskopik yollarla stentin qoyulması öd yollarında olan blokadanı müvəqqəti aradan qaldırmaq üçündür. Şiş çıxarıla bilinmədiyi hallarda bu üsul mexaniki sarılığı aradan qaldırmaq üçün istifadə edilir.

Proqnos

Şişin cərrahi çıxarılması bir qrup insanlara tam sağalmaq imkanı verir.

Dr. Kamran Beydullayevin bloqu

Bu bölmədə Dr. Kamran Beydullayevin yazılarını oxuya bilərsiniz.

Yırtıq əməliyyatı zamanı hansı tor (torlu implant, setka, mesh) istifadə edilməlidir?

Op. Dr. Kamran Beydullayev  050 406 38 53Yırtıqların ləğv edilməsi və plastikası əməliyyatı zamanı torların istifadə edilməsi konsepsiyası hələ 50 il əvvəl irəli sürülmüşdür. Hal hazırda bu üsul geniş şəkildə qəbul olunub və ilkin istifadə olunan tikişlərlə hernioplastikadan daha effektli hesab edilir. Nəticədə müxtəlif növ torlar istifadə edilir ki, onlar arasında seçim etmək də çətinləşir.

Torlar liflərinin tipinə, gərginlik gücünə (möhkəmliyinə) və məsaməliyinə görə fərqlənir. Bu xüsusiyyətlər torun çəkisini və onun biouyğunluluğunu müəyyən edir. Hal hazırda torun gərginlik gücünə, dözümlüyüyünə əvvəllər hesab edildiyindən daha az ehtiyac olduğu aydınlaşdırılıb. Yüngül çəkili torlar daha asanlıqla qatlana bildikləri üçün və xəstələr tərəfindən daha rahat hiss edildikləri üçün daha çox istifadə edilməkdədir. Torda iri məsaməmələrin, dəliklərin olması isə infeksiya riskinin azalması ilə müşahidə edilir. Periton boşluğuna qoyulan torlarda isə əlavə olaraq onların bitişmələr əmələ gətirmək riski də nəzərə alınmalıdır. Bu istiqamətdə də çoxlu torlar işlənib hazırlansa da hansınınsa digərlərindən daha üstün olması müəyyən edilməyib. Bundan başqa infeksiyası sahələrdə ,,acellular dermis,, kimi biomaterialın istifadə edilməsinin mümkünlüyü ehtimal da irəli sürülüb, amma bu hələ sübut olunmalıdır.

1958 ci ilə qədər yırtıqlar birincili tikişlərlə təmir edilirdi. İlk dəfə Usher polipropilen torlardan (polypropylene mesh) istifadə etməklə yırtıq təmir etmişdir.  Bu ideya 30 il sonra qasıq kanalının Lixtenşteyn üsulu ilə plastikasına təməl oldu, və bu üsul çox sürətlə populyarlıq qazandı. Hal hazırda dünyada ildə 1 milyondan çox torla hernioplastika əməliyyatı icra edilir, və çoxsaylı tədqiqatlar bunun klassik ilkin tikişlərlə plastikadan daha az təkrarolunma riski ilə fərqləndiyini göstərir.

Torların istifadə edilməsinin məntiqi çox sadə idi. Onlar yırtıq həlqəsinin üzərinə örtülüb fiksə edilir, və bu torların üzərində fibroz toxumalar əmələ gəlir və çapıq toxuma formalaşır. Hesab olunurdu ki, çapıq toxumanın güclü olması üçün torlar da qalın olmalıdır. Amma hal hazırda bu konsepsiya dəyişib, Fibrotik toxumanın çox olması ağrı ilə müşahidə olunur və hərəkət məhdudluğu yaradır. Ona görə də bunu minimallaşdırmağa ehtiyac duyulur. Qarındaxili təzyiqin ölçülməsi göstərdi ki, torun funksiyasını pozmadan onu yüngülləşdirmək mümkündür. Hazırkı torların dözümlüyü hətta lazım olduğundan on dəfələrlə artıqdır.

Tək materialdan ideal torlu implantın hazırlanmasının çətinlik törətməsi qarışıq materiallardan torlar hazırlanmasına səbəb oldu. Hazırki torların əsasını bu cür ,,composite,, dizayn təşkil edir. Bu torların üstünlüyü ondan ibarətdir ki, onlar periton daxilində istifadə edildikdə minimal bitişmələrlə keçinmək olur. Bu torlar əsasən 3 təməl materialdan istifadə olunur: Polipropilen, Poliester, ePTFE. Bunlar bir biri ilə müəyyən nisbətdə qarıdırıla bilər, və yaxud omeqa 3, hialuonat, monokril, titan kimi əlavələrlə qarışdırıla bilər. Bu qarışıqların hər birinin özünün çatışmazlıqları var.

Sintetik torlarla yaranan problemlər biomaterialların hazırlanmasına səbəb oldu. İnsan dərisindən və donuzun nazik bağırsağın submukoza qatından hazırlanmış ,,acellular collagen matrix,, biomateriallara aiddir. Onlar toxumaların sağalması zamanı onlara inteqrasiya ola bilir. Lakin bunun da çatışmayan tərəfi odur ki, onlar toxumalarda həll olduqca möhkəmliyi azalır.

Torlu implantların xüsusiyyətləri aşağıdakılardır.

  1. Gəginliyə dözümlülüyü – böyük ölçülü yırtıqların təmiri zamanı torlar ən azı 180mm c.s təzyiqə dözməlidir. İndi istehsal olunan ən nazik torlar belə lazım olan bu göstəricidən ən azı iki dəfə möhkəmdir.
  2. Məsamələrin ölçülər – torların məsaməliəri kifayət qədər iri olmalıdır ki, toxumaların reaksiyasına şərait yarada bilsin. Bu deşiklərə makrofaqlar, fibroblastlar və digər hüceyrələr infiltrasiya edilə biləcək ölçüdə olmalıdır.
  3. Çəki
  4. Biouyğunluğu
  5. Elastikliyi
  6. Tərkibi -monofilament, polifilament.                                                                                                                                                                                                                                                                       Torlu implantların ağırlaşmaları infeksiya riskinin olması, bitişmələrin yaranması, təkrar yırtığın əmələ gəlməsi, ağrı, seromaların əmələ gəlməsidir.                                                                                                                                                                                  Bəs cərrah hansı tordan istifadə etməlidir. Çox yaxşı olar ki, bu yüngül çəkili, iri məsaməli, monofilament torlar olsun. Bunlar daha rahat və az infeksiya riski daşıyır. Peritondaxili torlarda yaxşı olar ki, hibrid torlardan istifadə edilsin. Onların bir tərəfi sorulan material olur. İnfeksiyalaşmış yaralarda isə sorulan torlardan istifadə etmək olar. Bunlara poliqlaktin ( vicryl) aiddir. Biomateriallardan da istifadə etmək olar, lakin onlar bir qədər bahalıdır.   Torların cərrahi tikilməsi də onların seçilməsi qədər vacibdir. Əgər siz olnarı gərkinlik altında yerlərinə tiksəniz, onların növündən asılı olmayaraq ağırlaşmaları ola bilər.

Sizə maraqlı ola bilər

Boğulmuş yırtıq video görüntü

Öd kisəsi polipləri xərcəng ola bilərmi?

Op. Dr. Kamran Beydullayev

Ümumi və Transplant Cərrah, MRCS İngiltərə,

Öd kisəsi polipləri xərcəng ola bilərmi?

Öd kisəsi polipi öd kisəsinin daxili örtüyündən mənfəzə doğru qabarmış yenitörəmədir. Onlar bədxassəli ola bilərlər, amma çox az hallarda. Öd kisəsi poliplərinin 95%-i xoşxassəlidir.

Öd kisəsi polipinin ölçüsü onun bədxassəli və ya xoşxassəli olmasını ehtimal etməyə kömək edə bilər. 10mm-dən kiçik poliplər çox nadir hallarda bədxassəli ola bilərlər və ona görə də ümumilikdə müalicə tələb etmir. Amma bu cür poliplər üçün vaxtaşırı müayinələr və müşahidə tələb olunur ki, onda baş verən dəyişiklikləri vaxtında aşkar etmək olsun. Bu dəyişikliklər xərcəng əlaməti ola bilər və adətən ultrasəs müayinəsi ilə rahatlıqla təqib edilə bilinir.

10mm-dən böyük poliplərin isə xərcəng olma ehtimalı və zaman zaman xərcəngə çevrilmək ehtimalı  yüksəkdir.  18mm-dən böyük poliplərin isə xərcəng olma ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. Xərcəng olma riski daşıyan poliplərin müalicəsi öd kisəsinin cərrahi çıxarılmasıdır. Bu əməliyyat xolesistektomiya adlanır və bu əməliyyatı laparoskopik icra edirik. Amma bir daha təkrar edirəm ki, bütün poliplərin yalnız 5% bədxassəlidir.

Poliplə bərabər öd kisəsində daşlar olduqda polipin ölçüsündən asılı olmayaraq sizə əməliyyat təklif edilə bilər.

5mm-in altında olan poliplər adətən xoşxassəli xolestrol mənşəli poliplərdir, bunlar 6 aydan bir, sonralar isə ildə bir dəfə ultrasəs müayinə ilə müşahidə edilməlidir.

5-10mm aralıqda olan poliplər həm xolestrol poliplər, həm adenoma ( xoşxassəli törəmə), həm də karsinoma (bədxassəli törəmə) ola bilər. Çoxsaylı və ayağcığın üzərində olan poliplər adətən zərərsiz xolestrol poliplər olurlar, tək və enli əsas üzərində olan poliplər isə çox ehtimalla yenitörəmədir (yəni həm adenoma, həm də karsinoma). Bu poliplərin əvvəcə 3 ay, sonra 6 ay intervalında müşahidəsi məsləhətdir. Əgər ölçülər stabil qalmaqda davam edərsə o zaman 1 ildən bir ultrasəs müayinəsi də kifayət edə bilər.

10-18mm ölçüdə poliplər isə bədxassəli şiş kimi qəbul edilir və bu xəstələrə xolesistektomiya əməliyyatı təklif edirik.

18mm-dən iri ölçüdə olan poliplər isə artıq karsinomadır və bu xəstələrin əməliyyatına öd kisəsinin çıxarılmasından başqa qaraciyərin öd kisəsi yatağı hissəsinin hissəvi rezeksiyası (kəsilib çıxarılması) və limfodisseksiya (ətraf limfa düyünlərinin çıxarılması) daxildir.

Açar sözlər: Öd kisəsi, öd kisəsi polipi, öd kisəsi xərcəngi, xolesistektomiya, öd daşı xəstəliyi, laparoskopik xolesistektomiya

Kron Xəstəliyi

Kron xəstəliyi həzm traktının ağızdan anusa qədər istənilən nahiyəsini zədələyə bilən iltihabi bağırsaq xəstəliyinin bir tipidir. Xəstəlik əlamətləri qarın ağrısı, ishal (iltihab güclü olduqda qanlı ishal ola bilər) , hüksək hərarət və çəki itirmə ola bilər. Digər ağırlaşmaları həzm traktından kənarda da ola bilər ki, bunlara da qanazlığı, dəri səpgiləri, artritlər, gözlərdə iltihab, yorğunluq aiddir. Bu xəstələrdə bağırsaq keçməzliyi ola bilər və onlarda bağırsaq xərçənginin olması riski digərlərindən daha çoxdur.

Kron xəstəliyinin səbəbi məlum deyil və hesab edilir ki, bu genetik meyilli adamlarda ətraf mühitin, immun sistemin və mikrobların birlikdə təsirindən yaranır. Orqanizmin immun sistemi mikroblara qarşı hazırlanmış anticisimlər vasitəsi ilə həzm traktına hücum edir ki, bu da xroniki iltihabi bağırsaq xəstəliyinə səbəb olur. Əslində Kron xəstəliyi immun sistemə bağlı xəstəlik olsa da bu autoimmun xəstəlik hesab edilmir. Autoimmun xəstəlikdə anticisimlər orqanizmin öz toxumalarına qarşı hazırlanır, burada isə bakteriyalara qarşı. Altda yatan immun proses tam aydın olmasa da bu vəziyyətin immunçatışmazlığı olduğu məlumdur. Təqribən xəstələrin yarısı genetik meyilli xəstələrdir ki, burada da 70-ə qədər genin bu prosesdə iştirak etməsi sübut olunub. Siqaret çəkənlərdə bu xəstəliyə tutulmaq ehtimalı digərlərindən 2 dəfə çoxdur. Bu həm də qastroenteritlərdən sonra əmələ gələ bilər. Diaqnoz biopsiya, radioloji və bağırsaq mənfəzinin görünüşü ilə qoyulur.

Kron xəstəliyini tam sağalda bilən dərman vasitəsi və ya cərrahi əməliyyat mövcud deyil. Müalicə üsulları simptomları yüngülləşdirməyə, remisiya (simptomlardan azad) dövrünü saxlamağa və kəskinləşmənin qarşısını almağa yönəldilir. Yeni diaqnoz qoyulmuş xəstələrdə qısa dövr üçün kortikosteroidlər istifadə edilir ki, xəstəlik sürətlə yüngülləşdirilsin, bundan sonra isə methotreksate və thiopurine ilə kəskinləşmələrin qarşısını almağa çalışılır. Müalicənin vacib hissələrindən biri də siqaret çəkən xəstələrdə bunu tərgizdirməkdir. 5 xəstədən biri il ərzində bir dəfə stasionar müalicəyə ehtiyac duyur, 10 il müddətində xəstə olanların yarısına qədəri cərrahi əməliyyat olunur. Bu xəstələrdə əməliyyat maksimum şəkildə az istifadə olunmağa çalışılmalıdır, xüsusi ilə abses, xərçəng və bağırsaq keçməzliyi kimi zəruri hallarda cəhd edilməlidir.

Avropa və Şimali Amerikada Kron xəstəliyi hər 1000 nəfərdən 3 nü xəstələndirir. Asiya və Afrikada isə buna daha az rast gəlinir.

Qeyri Spesifik Xoralı Kolit

Bağırsağın iltihabi xəstəlikləri Qeyri Spesifik Xoralı Kolit və Kron xəstəliyi olmaqla iki bir birindən fərqli lakin oxşar cəhətləri olan xəstəliklərdən ibarətdir.
QSXK nədir?
QSXK yoğun bağırsağın içəri qatlarını iltihablaşdıran və orada xoralar əmələ gətirən və bütün həyat boyu sürən xəstəlikdir. Adətən yoğun bağırsağın aşağı bölmələrini – düz bağırsağı və S vari bağırsağı zədələyir, amma bu yoğun bağırsağı tam başdan axıra qədər əhatə edə bilər. Ümumi qanunauyğunluq belədir ki, yoğun bağırsağın nə qədər uzun seqmenti prosesə cəlb olunursa, xəstəliyin gedişi də bir o qədər ağır olur.
Kimlərə xəstələnir?
Xəstəlik istənilən yaşda başlaya bilər, amma əksər xəstələrdə diaqnozun qoyulması 15-25 yaş arası dövrə təsadüf edir.
Səbəbi nədir?
Ekspertlər bu xəstəliyin səbəbi haqqında qəti fikirə gələ bilmirlər. Və hal hazırda düşünülür ki, bu orqanizmin immun sisteminin bağırsağın normal bakteriyalarına qarşı hiper aktivlik səbəbindən yaranır. Və ya hansısa bakteriya və ya virus buna səbəb ola bilər. Əgər ailədə QSXK tarixçəsi varsa o zaman bu xəstəliyə tutulma ehtimalın digər insanlardan daha çoxdur.
Xəstəliyin əlamətləri hansılardır?
İshal, qarında ağrılar, düz bağırsaq qanaxması
Eləcədə bəzi xəstələrdə hərarət, iştahsızlıq, çəki itirmə ola bilər.Bu xəstəlik həmçinin oynaq ağrılarına, gözdə və qaraciyərdə problemlərə səbəb ola bilər.
Xəstəliyin gedişi necədir?
Bəzi xəstələrdə xəstəlik gəlir və gedir, yəni kəskinləşir və remisiya dövrünə keçir. Bəzi xəstələrdə aylarla və ya illərlə xəstəliyin heç bir əlaməti olmur, yəni xəstəlik remisiya mərhələsində olur. 5-10% xəstədə isə hər zaman xəstəlik əlamətləri olur.
Xəstəlik nə qədər ağır ola bilər?
Gedişinə və ağırlığına görə xəstəliyi yüngül, orta ağırlıqlı, ağır və çox ağır formalara bölürük. Müalicə taktikası buna görə dəyişir. Yüngül formada 4 dəfədən az stul olur, nəcisdə qan olmur, analizlər normal olur.
Orta ağır formada 4-6 dəfə nəcis ifrazı olur. EÇS yüngül dərəcədə yüksəlmiş olur.
Ağır formada 6-10 dəfə stul olur. Nəcisdə qan olur. Xəstədə hərarət, qanazlığı və yüksəlmiş EÇS olur.
Çox ağır formada 10 dəfədən çox nəcis ifrazı düz bağırsaqdan daimi qan axma, hərarət, anemiya, qarın ağrıları, qan köçürməyə ehtiyac, rantgen şəkildə çox genişlənmiş bağırsaqlar olur.Ağır və çox ağır xəstələrin stasionar müalicəyə ehtiyacı vardır.
Diqnoz necə qoyulur?
Təbii ki, həkim xəstəni fiziki müayinə edir, müəyyən testlər edir. Bəzi müayinələr xəstəliyi birbaşa təsdiq etmək üçündür, bəzi müayinələr isə bu xəstəliklə eyni əlamətləri olan xəstəliklərlə differensasiya etmək üçündür. Yəni bu əlamətlər Kron xəstəliyində də, divertikulitdə də və başqa xəstəliklərdə də ola bilər. Onları bir birindən ayırmaq lazım gəlir.
Hansı müayinələr aparıla bilər?
Kolonskopiya ucunda kamera olan nazik fibrooptik cihaz düz bağırsaqdan yoğun bağırsağın mənfəzinə yeridilir, və bütün yoğun bağırsaq tam şəkildə görüntülənir. Bağırsaq divarındakı xoralar, iltihab, bağırsağın hansı nahiyələrinin xəstələndiyini gözlə görüb qeyd etmək olur. Bu zaman bağırsaq divarından və xoralardan biopsiya da almaq mümkündür.
Qan analizləri orqanizmdə olan infeksiyanı və iltihabı aşkarlamaqda kömək edə bilər.
Nəcisin analizi – bu da nəcisdə qanı, iltihabı və infeksiyanı aşkarlamağa imkan verə bilər.
Necə müalicə olunur, tam müalicə edilə bilirmi?
Xəstəlik hər kəsdə fərqli keçir. Ekpert həkim sizə xəstəlik əlamətlərinin azalmasına və kəskinləşmələrin olmamasına kömək edəcəkdir. Əksər xəstələr Aminosalisilat turşusu, steroid kimi dərmanlara və orqanizmin immun sistemini aşağı salan dərmanlara ehtiyac duyur.
Dieta gözləməyə ehtiyac varmı?
Bir qisim xəstələr özləri aşkar edir ki, bəzi qidalar onlarda xəstəliyin kəskinləşməsinə səbəb olur. Əgər belə bir şey qeyd edilirsə həmin qidaları yeməmək məsləhətdir. Amma nəzərinizdə saxlamalısınız ki, orqanizmi güclü saxlamaq üçün və çəki itirməmək üçün normal bir şəkildə qidalanmağa ehtiyac vardır.
Bu xəstələrin cərrahi əməliyyata ehtiyacı ola bilərmi?
Bəli. Əgər simptomlar çox kəskin olarsa və konservativ müalicəyə tabe olmazlarsa o zaman cərrahi əməliyyat təklif oluna bilər. Cərrahi əməliyyat həm də planlı şəkildə yoğun bağırsaq xərçəngini önləmək və müalicə etmək səbəbindən ola bilər.
QSXK xəstəliyi sizin həyatınıza necə təsir edə bilər?
10 ildən artıq bu xəstəliklə xəstə olanlarda yoğun bağırsaq şişi olmaq ehtimalı vardır. Xəstəlik müddəti artdıqca xərcəng xəstəliyinin əmələ gəlmə ehtimalı da artır. Ona görə də bu cür xəstələr vaxtaşırı şişə görə skrin olunmalıdırlar. Vaxtaşırı yoxlamalar şiş xəstəliyini erkən mərhələdə aşkar etməyə imkan verir ki, bu da onun müalicəsini asanlaşdırır.
Bəzən bu xəstəlik çox kəskin keçir və xəstələrə psixi və sosial sarsıntılar da verir. Bu zaman ailə üzvlərinin, dostların və profesionalların köməyinə də ehtiyac ola bilər.