Öd kisəsi əməliyyatı təhlükəlidirmi?

Spread the love

Son dövr ərzində laparoskopik xolesistektoiya əməliyyatı öd kisəsi daşlarının müalicəsində əsas seçim müalicə üsulu olmuşdur. Bu əməliyyat risksiz deyil.

Laparoskopik xolesistektomiya hal hazırda seçim metod olaraq qəbul edilsə də bunun bəzi ağırlaşmalarının açıq xolesistektomiyadan çox rast gəlindiyi müəyyən edilib. Əməliyyatın ağırlaşmalarını əməliyyatdaxili və əməliyyatdan sonrakı  olmaqla iki yerə bölə bilərik.

Əməliyyatdaxili ağırlaşmalara aiddir:

1.       Qanaxma. Təqribən 2.5 % hallarda rast gəlinir. Laparoskopik əməliyyatla da qanaxma saxlanıla bilər, və yaxud qanaxma əməliyyatı açıq üsula keçirməyə səbəb ola bilər. Qanaxmaların laparoskopik kontrol olunması daha çətindir, və bəzi hallarda bu yatrogenik öd yolları və ya digər orqanların zədələnməsinə səbəb olur. Yəni bu qanaxmalar zamanı cərrahın kontrol olunmayan reaksiyası daha təhlükəlidir, nəinki qanaxma özü.

2.       Yatrogenik öd kisəsinin deşilməsi (perforasiyası). Bu ağırlaşma daha tez tez rast gəlinir (16%). Ciddi bir ağırlaşma kimi qəbul edilmir, çünki öd kisəsi onsuz da çıxarılır (perforasiyalı ya perforasiyasız). Deşilmiş öd kisəsindən axan öd əməliyyat görünüşünü çətinləşdirə bilər və yaxud infeksiyalaşmış öd olduqda əməliyyatdan sonrakı qarındaxili infeksiyaya səbəb ola bilər.

3.       Öd yollarının zədələnmələri. Təqribən 0.1% hallarda rast gəlinir. Çox ciddi ağırlaşmadır.

4.       Açıq əməliyyata keçilməsi. 2% hallarda rast gəlinir, səbəb isə adətən iltihablı öd kisəsi, və yaxud anatomiyanın aydın olmamasıdır.

Əməliyyatdan sonrakı ağırlaşmalar

1.       Öd qaçağı 0.3%.  Əməliyyatdan sonra yaradan və ya qarın boşluğuna qoyulmuş drenajdan əhəmiyyətli miqdarda öd gəlməsi ilə müşahidə edilir. Səbəbləri müxtəlif ola bilər: öd yolu zədələnməsi, öd kisəsi güdülünün açılması, qaraciyərdən öd kisəsinə gələn əlavə öd yolunun açıq qalması və s.  Əgər gün ərzində gələn ödün miqdarı 500ml dən çox olarsa bu zaman öd yollarının dekompressiya etmək üçün endoskopik sfinterotomiya və ya transpapillar stent qoyulması kimi müalicə üsulunun seçilməsinə ehtiyac olur. Bu müalicə üsulları adətən təkrar əməliyyatdan qaçmağa imkan verir.

2.         Qanaxma 0.1%.

3.       Qaraciyəraltında abses (irinlik) əmələ gəlməsi

4.       Ümumi öd yollarında daş qalması

Əməliyyata texniki çətinlik törədən səbəblər kəskin xolesistin, xroniki iltihab nəticəsində büzüşmüş öd kisəsinin və sirrozun olmasıdır.Bunlardan başqa kişi xəstələrdə və 65 yaşdan yuxarı xəstələrdə əməliyyat daha çətin keçir.

Anadangəlmə öd variasiyaları nəzərdən qaçmamalıdır.  Bunlardan iki variasiya daha tez tez problemlərə səbəb olur.  Bəzən öd kisəsi sağ qaraciyər axarına açılan əlavə axara malik olur. Bu axar adətən öd kisəsinin ümumi öd axarı ilə birləşməsindən yuxarda öd kisəsinə açılır. Bu problemi hell etməyin ən optimal yolu öd kisəsini aksesuar axar açılan yerdən yuxarıdan kəsməkdir. Digər variasiya isə öd kisəsinin tam şəkildə  sağ qaraciyər axarına açılmasıdır. Bu variasiya əməliyyat zamanı sağ qaraciyər axarının öd kisəsi axarı hesab edilərək tam kəsilməsinə səbəb olur.