Böyrək Transplantasiyası yoxsa Dializ ?

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək transplantasiyası yaxşıdır, yoxsa dializ seansları qəbul etmək?

Hətta baxmayaraq ki, böyrək transplantasiyasının ağırlaşmaları hemodializin ağırlaşmalarından daha çox olur, bütün tədqiqatlar göstərir ki, böyrək tranplantasiyası hemodializdən daha üstün müalicə metodudur. Böyrək transplantasiyası böyrək çatışmazlığı olan xəstələr üçün birinci seçim müalicə üsulu hesab edilir.

Böyrək transplantasiyasının hemodializdən üstünlüyü nədir?

3 qrupa bölmək olar bu fərqi.

Birincisi maliyə baxımından böyrək transplantasiyası daha faydalıdır. Hər dializ seansına ayrılan vəsait il ərzində toplanarsa yığılan vəsait böyrək transplantasiyası əməliyyatının qiymətindən daha çox olar. Hal hazırda Azərbaycanda hemodializ dövlət tərəfindən maliyələşdirildiyi üçün xəstələr bu çətinliyi hiss etmirlər. Amma dövlət böyrək transplantasiya əməliyyatını maliyələşdirsə həm də büdcəyə qənaət etmiş olar.

İkinci fərq həyat keyfiyyəti ilə bağlıdır. Böyrək transplantasiyası olmuş xəstələrin həyat keyfiyyəti hemodializ alan xəstəlrdən aydın şəkildə üstündür. Böyrək transplantasiyası olmuş xəstələr hər iki gündən bir saatlarla dializ aparatına bağlanıb qalmırlar. Bu onların ilk öncə vaxtına qənaət edir. Dializdə olan xəstələrin gözləməli olduqları diet məhdudiyyətinin böyrək transplantasiyası olunmuş xəstələrə heç bir aidiyyatı yoxdur. Onlar istədikləri cür qida qəbul edib, istədikləri qədər maye içə bilərlər. Transplantasiya olunmuş xəstələr özlərini daha enerjili hiss edirlər. Bu xəstələrin başqa ölkələrə və yerlərə səyahət etmək üçün heç bir məhdudiyyət yoxdur, çünki onlar bir gündən sonra qayıdıb öz dializ mərkəzlərində hemodializ kursu qəbul etməyə məcbur deyillər. Onların işləmək imkanları da daha çox olur. Transplantasiya olunmuş xəstə qadınların hamilə qalmaq və uşaq doğmaq şansları hemodializ alan  xəstələrdən daha çoxdur.

Üçüncü çox vacib olan üstünlük isə ömrün uzunluğudur. Hemodializ alan böyrək çatışmazlığı olan xəstələrin gözlənilən həyat müddəti ortalama 5 ildir. Transplant xəstələrdə isə bu rəqəm fərqlidir. Canlıdan alınmış böyrək transplantasiyasında gözlənilən ömür 15-20 il, kadavradan alınmış böyrəklər üçün isə 10-12 ildir. Transplantasiyanın hər seansında böyrəyin funksiyasının cəmi 10% -i əvəz olunursa, transplant böyrək üçün bu 60% dən çox olur.

Transplantasiya əməliyyatın və əməliyyatdan sonrakı dövrün ağırlaşmalar olma riskləri isə dializdən daha çoxdur. Əməliyyat zamanı ola bilən ağırlaşmalardan başqa əməliyyatdan sonra xəstələrin qəbul elədikləri immunosuppressor dərmanların təsirindən orqanizm infeksiyaya daha həssas olur və bu infeksiyalara yoluxduqda onlar daha kəskin keçirlər. İmmunitetin aşağı düşməsi onları həm də müxtəlif bədxassəli şiş xəstəlikləri üçün də hədəfə çevirir. Bu dərmanların əlavə təsirlərindən bir də şəkərli diabet hesab edilə bilər.

Lakin bütün ağırlaşmalara baxmayaraq transplantasiya yenə də dializdən daha effekli müalicə metodudur. Hətta transplantasiya olub yenidən dializə qayıtmağa məcbur olmuş xəstələrə ikinci dəfə böyrək köçürdükdə belə onların həyat keyfiyyəti  və gözlənilən həyat müddəti daha çox olur.

Sizə bunlar da maraqlı ola bilər.

Böyrək transplantasiyasının qısa tarixi

363 böyrək və qaraciyər donorlarının nəticələri  ppt

Canlı böyrək donorları üçün əməliyyata əks göstərişlər