Yoğun bağırsaq şişlərinin əlamətləri

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Yoğun bağırsaq şişinin əlamətləri ilə tanış olmadan öncə bilmək lazımdır ki, bu əlamətlər təkcə yoğun bağırsaq xərcənginə xarakterik deyil. Çoxlu xəstəliklər vardır ki, onlar da bu əlamətlərlə üzə çıxır. Bunlara qıcıqlanan bağırsaq sindromu, iltihabi bağırsaq xəstəlikləri, babasil, bağırsaq infeksiyaları və sairə aiddir. Əksər hallarda bu əlamətlər olan adamda xərcəng xəstəliyi deyil, digər xəstəliklər olur. Bu əlamətlərin olması sadəcə ondan xəbər verir ki, siz öz doktorunuzla görüşməli və vəziyyətinizi aydınlaşdırmalısınız.

Yoğun bağırsaq xərcənginin ən çox rast gəlinən əlamətləri aşağıdakılardır.

  1. Bağırsaq vərdişlərinin dəyişməsi. Bu o deməkdir ki, xəstənin əvvəllər vərdiş elədiyi bağırsaq hərəkətləri dəyişməyə başlayır. Məsələn, qəbizliyə meyilli olan xəstədə ishal əmələ gəlir və ya tərsinə, gündə 1 dəfə böyük bayıra çıxan xəstə indi bunu 2-3 gündən bir edir, nəcis nazikləşir və sairə.
  2. Böyük bayıra çıxmaq istəyi. Xəstələrdə elə bir hissiyat olur ki, o böyük bayıra çıxmaq istəyir, amma defekasiyadan sonra bu hiss keçmir. Bu adətən solda, düz bağırsağa yaxın şişlərdə olur.
  3. Düz bağırsaq qanaxması. Bu bəzən xəstə stul ifrazı zamanı nəcisin üstündə qan olması ilə təzahür edir, bəzən də defekasiya olmadıqda belə anusdan qan axması ilə görsənir.
  4. Qarında sancışəkilli ağrılar. Şiş bağırsaq mənfəzini daraltdıqca bağırsaq möhdəviyyatının keçməsi çətinləşir, kompensator bağırsaq peristaltikaları qarında sancışəkilli ağrıların əmələ gəlməsinə səbəb olur. Adətən kolonun sağ tərəfində olan şişlər qanazlığı və qanaxma ilə manifestasiya edir, sol tərəfdəki şişlər isə bağırsaq keçməməzliyi əlamətləri ilə. Çünki, kolonun sağ tərəfi daha geniş mənfəzə malik olur, və burada mənfəzin daralmasına qədər digər əlamətlər üzə çıxır.
  5. Ümumi zəiflik və yorğunluq
  6. Çəkinin azalması. Şiş toxumasının ifraz etdiyi toksiki maddələr orqanizmdə maddələr mübadiləsini pozur, eyni zamanda iştahsızlıq yaradır ki, bu da bir neçə ay ərzində çəki itkisinə səbəb olur.

Bir daha təkrar etmək istəyirəm ki, bu əlamətlər digər xəstəliklərə də aiddir, və bu əlamətlər olan xəstələrin əksəriyyətində şiş olmur. Lakin bu əlamətlər olduqda mütləq həkiminizə müraciət edin. Yoğun bağırsaq şişlərinin müalicəsinin effektivliyi onların vaxtında diaqnoz qoyulmasından çox asılıdır. Əgər vaxtında diaqnoz qoyularsa xəstələrin 90% -i bu xəstəlikdən birdəfəlik xilas ola bilər.

Bunlar da maraqlı ola bilər

Yoğun bağırsaq şişlərinin səbəbləri və risk faktorlar

Kron xəstəliyi

Qeyri spesifik xoralı kolit

Bağırsaq şişinə görə əməliyyatdan video