Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853
İmmunosuppressor dərmanlar nədir?
Orqanizmi yad cisimlərdən müdafiə edən immun sistemi vardır. Bu sistem orqanizmə daxil olan bütün yad zülallara, cisimlərə və maddələrə reaksiya verərək onları məhv etmək və orqanismdən kənarlaşdırmaq istəyir. Bədənin hansısa bir yerinə batan tikanı təsəvvür edin. Az müddətdən sonra tikanın ətrafında yaranan qızartı, şişkinlik, yüksək hərarət və sairənin hamısına səbəb tikan deyil, orqanizmin immun sistemidir. Bu sistem özünə yad hesab elədiyi cismi məhv edib kənarlaşdırmaq istəyir və orqanizmi qorumağa çalışır. Orqan transplantasiyasından sonra da həmin proseslər baş vermək istəyir. Əgər immunosupressor dərmanlar qəbul edilməsə o zaman köçürülən orqanı da eyni aqibət gözləyir. Ona görə də köçürülən orqanı qorumaq üçün xəstənin immun sistemini zəiflətmək lazım gəlir ki, kəskin recekt olma (rejection) prosesi baş verməsin. İmmuniteti azaldan bu dərmanlara immunosuppressor deyilir.
İmmunosuppressorlar iki cür olur.
- İnduksiya dərmanları ( başlanğıcda istifadə edilən dərmanlar)
- Alınan vəziyyəti sabit saxlamaq üçün lazım olan dərmanlar.
Bunu kreditlə bir şey almaqla müqayisə edə bilərsiniz. İlkin ödəniş edirsiniz və sonar aylıq ödəmələr. Buradada əvvəlcə daha güclü induksiya dərmanları verilir və sonra hər ay eyni miqdarda daha az dozada dərmanlar qəbul edilir.
İnduksiya dərmanı kimi çox vaxt Thymoglobulin istifadə edilir.
Ümumilikdə isə bu dərmanlar 4 qrupa bölünür.
- Kalsineurin ingibitorları: Takrolimus və Cyclosporine
- Antiproliferativ agentlər: Mycophenolate Mofetil, Azathiopirine
- mTOR ingibitorları: Sirolimus
- Steroidlər: Prednizalone
Böyrək transplantasiyası olunmuş hər kəsmi immunosuppressiv dərmanlar qəbul etməlidir?
Demək olar ki, böyrək transplantasiyası olunmuş hər kəs bu dərmanı qəbul etməlidir. Yalnız donoru özünün eyni yumurta ekizi olan şəxslər bu dərmanı qəbul etməyə biər. Hətta əgər pasient bu dərmanın birdozasını qəbul etmədikdə belə kəskin recekt ( orqanın bədəndən kəskin rədd olması) prosesi başlaya bilər. Dərmanın hansınısa yaddan çıxarıb qəbul edilmədisə növbəti qəbul zamanı iki dozanı birdən qəbul etmək lazım deyil. Bu təhlükəli ola bilər. Dərmanlar çox olduğu üçün onları qarışdırmamaq üçün onların hər birinin nə üçün təyin edildiyini bilməkdə fayda var. Bundan başqa çalışıb dərmanları hər gün eyni vaxtda qəbul etmək lazımdır ki, yaddan çıxmasın.
Dərmanları qəbul edən zaman xəstələr nələrə fikir verməlidir?
Dərmanları qəbul etməsinə baxmayaraq xəstələrdə hələ də orqanın kəskin rədd olması baş verə bilər. Bunlardan başqa dərmanların bir xeyli əlavə təsirləri var. Xüsusi ilə əməliyyatdan sonrakı 6 ay ərzində dərmanın dozaları adətən lazım olduğundan yüksək olur. Bu əlamətlər olduqda həkimə müraciət etməlisiniz:
- Yüksək hərarət
- Sidik ifrazının azalması
- Transplant böyrək nahiyəsində ağrılar
- Sidikdə qan
- Qripə oxşar əlamətlər
- Sürətli çəki artımı
- Yaradan ifrazatın gəlməsi zamanı
- Sidik ifrazı zamanı göynəmə və s.
Bu hallarda həkiminiz sizə əlavə müayinələr təyin edəcək və lazım olduqda sizin dərmanın dozasını artırıb ya da azaldacaq. Dərmanın qanda miqdarının müntəzəm cədvəllənmiş ölçülməsi çox vacibdir. Adətən birinci 6 ay ərzində dərmanların dozaları tədricən azaldılır, bəziləri isə ümumiyyətlə dayandırılır. Ona görə də sonrakı dövrlərdə dərmanların əlavə təsirləri minimal olur.
Bəzi qidalar və digər dərmanlar immunosuppressorların qəbulunda problem yarada bilərmi?
Bəli. Bir çox dərmanlar immunosuppressor dərmanların qandakı səviyyəsinə təsir edə bilər. Bu səbəbdən də nefroloqunuzla məsləhətləşmədən əlavə dərmanlar qəbul etməyin. Bəzi qida məhsulları da eyni cür təsir edə bilər. Bunlardan qreypfrut meyvəsini göstərmək olar. Dərmalardan isə eritromitsin, vərəm əleyhinə dərmanlar, qıcolma əleyhinə dərmanlar və s. buna misal ola bilər.
Bunlar da maraqlı ola bilər
- Kimlərə böyrək köçürülməlidir. Son dönəm böyrək xəstəliyinin səbəbləri
- Böyrək Transplantasiyası, yoxsa dializ
- Böyrək Transplantasiyasının qısa tarixi