Lipoma və Liposarkoma

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Lipoma və liposarkoma arasında fərq nədir?

Lipoma və liposarkoma hər ikisi piy toxumalarından inkişaf edən şiş xəstəliyidir. Lakin lipoma xoşxassəli bir şişdir, liposarkoma isə bədxassəli törəmədir. Hər ikisi cərrahi yolla çıxarıla bilər.  Lipoma həyati təhlükəli bir xəstəlik deyil, amma bir çox hallarda lipomalar kosmetik və ya digər səbəblərdən çıxarılır.

Lipoma çoxsaylı piy hüceyrələri yığınıdır və bədənin hər yerində dərialtı nahiyələrdə ola bilər. Əllədikdə yumşaq və elastik konsistensiyalı ola bilər. Bədxassəli şişlərdən fərqli olaraq onlar çox yavaş sürətlə böyüyürlər və ya olduqları ölçüdə qalırlar. Lipoma üçün ən çox xarakterik olan yerlər boyun, baş, yuxarı ətraf, bud nahiyələridir. Onlar çox vaxt heç bir diskomfort verməsələr də bəzən görünüş baxımından xəstəni narahat edir.

 

Liposarkoma lipomalardan fərqli olaraq adətən dərində yerləşmiş piy toxumalarından inkişaf edir. Bu piy toxumaları bud nahiyəsində və qarında ola bilər. Dərin toxumalardan inkişaf etdikləri üçün onlar aşkar edilənə qədər kifayət qədər iri ölçülərə çatmış olurlar. Liposarkomalar bədxassəlidir. Onlar ətrafdakı toxumaları invaziya edə bilər. Lipomalarda olduğu kimi onların da əsas müalicə metodu cərrahi çıxarılmadır. Liposarkomaların yaranmasına nəyin səbəb olduğu aydın deyil.  Lipomalar heç vaxt liposarkomaya çevrilmirlər. Maqnit rezonans müayinə əməliyyatdan əvvəl liposarkoma diaqnozunun qoyulmasına kömək edə bilər. Liposarkomanın 5 tipi var: yüksək differensiyasiyalı liposarkoma, miksoid, yumru hüceyrəli liposarkoma, pleomorfik liposarkoma və differensiyasiya olunmamış liposarkoma. Birinci iki tip liposarkomalar uyğun cərrahi müdaxilədən sonra çox yaxşı proqnozla fərqlənirlər. Onlar hə də ən çox rast gəlinən liposarkomalardır.

Lipoma
İri həcmli lipomanın çıxarılması.

Liposarkomaların müalicəsi cərrahidir. Hal hazırda əməliyyatdan sonra radioterapiyadan da istifadə edilir. Böyük ölçülü liposarkomalarda əməliyyatdan öncə də şişin ölçüsünün kiçildilməsi məqsədi ilə radioterapiya edilə bilər. Çox az hallarda ətraflarda olan liposarkomalar zamanı amputasiya da edilə bilər. Əvvəllər bundan daha çox istifadə edilirdi. Liposarkomalarda kimyəvi müalicənin rolu aydın deyil.