Öd kisəsi polipləri xərcəng ola bilərmi?

Spread the love

Op. Dr. Kamran Beydullayev

Ümumi və Transplant Cərrah, MRCS İngiltərə,

Öd kisəsi polipləri xərcəng ola bilərmi?

Öd kisəsi polipi öd kisəsinin daxili örtüyündən mənfəzə doğru qabarmış yenitörəmədir. Onlar bədxassəli ola bilərlər, amma çox az hallarda. Öd kisəsi poliplərinin 95%-i xoşxassəlidir.

Öd kisəsi polipinin ölçüsü onun bədxassəli və ya xoşxassəli olmasını ehtimal etməyə kömək edə bilər. 10mm-dən kiçik poliplər çox nadir hallarda bədxassəli ola bilərlər və ona görə də ümumilikdə müalicə tələb etmir. Amma bu cür poliplər üçün vaxtaşırı müayinələr və müşahidə tələb olunur ki, onda baş verən dəyişiklikləri vaxtında aşkar etmək olsun. Bu dəyişikliklər xərcəng əlaməti ola bilər və adətən ultrasəs müayinəsi ilə rahatlıqla təqib edilə bilinir.

10mm-dən böyük poliplərin isə xərcəng olma ehtimalı və zaman zaman xərcəngə çevrilmək ehtimalı  yüksəkdir.  18mm-dən böyük poliplərin isə xərcəng olma ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. Xərcəng olma riski daşıyan poliplərin müalicəsi öd kisəsinin cərrahi çıxarılmasıdır. Bu əməliyyat xolesistektomiya adlanır və bu əməliyyatı laparoskopik icra edirik. Amma bir daha təkrar edirəm ki, bütün poliplərin yalnız 5% bədxassəlidir.

Poliplə bərabər öd kisəsində daşlar olduqda polipin ölçüsündən asılı olmayaraq sizə əməliyyat təklif edilə bilər.

5mm-in altında olan poliplər adətən xoşxassəli xolestrol mənşəli poliplərdir, bunlar 6 aydan bir, sonralar isə ildə bir dəfə ultrasəs müayinə ilə müşahidə edilməlidir.

5-10mm aralıqda olan poliplər həm xolestrol poliplər, həm adenoma ( xoşxassəli törəmə), həm də karsinoma (bədxassəli törəmə) ola bilər. Çoxsaylı və ayağcığın üzərində olan poliplər adətən zərərsiz xolestrol poliplər olurlar, tək və enli əsas üzərində olan poliplər isə çox ehtimalla yenitörəmədir (yəni həm adenoma, həm də karsinoma). Bu poliplərin əvvəcə 3 ay, sonra 6 ay intervalında müşahidəsi məsləhətdir. Əgər ölçülər stabil qalmaqda davam edərsə o zaman 1 ildən bir ultrasəs müayinəsi də kifayət edə bilər.

10-18mm ölçüdə poliplər isə bədxassəli şiş kimi qəbul edilir və bu xəstələrə xolesistektomiya əməliyyatı təklif edirik.

18mm-dən iri ölçüdə olan poliplər isə artıq karsinomadır və bu xəstələrin əməliyyatına öd kisəsinin çıxarılmasından başqa qaraciyərin öd kisəsi yatağı hissəsinin hissəvi rezeksiyası (kəsilib çıxarılması) və limfodisseksiya (ətraf limfa düyünlərinin çıxarılması) daxildir.

Açar sözlər: Öd kisəsi, öd kisəsi polipi, öd kisəsi xərcəngi, xolesistektomiya, öd daşı xəstəliyi, laparoskopik xolesistektomiya