Öd yollarının xoşxassəli strikturası və müalicəsi

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, 0504063853

Öd yollarının strikturlarının 15%-i xoşxassəlidir. Bu strikturaların formalaşmasının çoxsaylı səbəbləri var. Xoşxassəli strikturaların böyük bir hissəsinin səbəbi cərrahi əməliyyatdır. 80% xoşxassəli strikturlar əməliyyatların payına düşür ki, bunlar da əsasən laparoskopik xolesistektomiya hesabına olur. Xoşxassəli öd yolları daralmasının ikinci ən böyük səbəbi qaraciyər transplantasiyasıdır. Bu daralmaların 10% ni əhatə edən bu səbəb adətən qaraciyər transplantasiyasından 3-6 ay sonra əmələ gəlir. Digər səbəblər birincili sklerozlaşan xolangit, xoledoxolitiaz səbəbindən öd yollarında iltihab, şüa terapiyası və kimyəvi terapiya, vərəm, öd yollarının parazitik xəstəlikləri vəs. ola bilər. Mirizi sindromu və qarının küt travması da bu etioloji faktorlara aid ola bilər.

Xoşxassəli öd yolları strikturalarında bütün hallardamı müalicə lazımdır?

Bu hallarda müalicənin səbəbi öd yollarının açıq olmasını təmin etməkdir. Öd yolları yetərincə açıq olmadıqda kəskin xolangit halları və ya uzun dönəmdə ikincili biliar sirroz yarana bilər. Əvvəllər əsas müalicə üsulu kimi cərrahi əməliyyat hesab edilirdi. Son dövrlərdə isə endoskopik üsulun populyarlığı sürətlə artmaqdadır, xüsusi ilə də söhbət əməliyyatdan sonrakı öd yolu daralmalarından gedirsə. İlkin müalicə üsulunun seçilməsi strikturanın səbəbindən, ağırlığından, yerindən və nəhayət xəstənin ümumi vəziyyətindən asılı ola bilər. Əgər daralma öd stazı yaradacaq qədər yetərincə çox deyilsə o zaman bu xəstələr asimptomatik olurlar. Xəstələrdə simptomların əmələ gəlməsinə qədər gözləmək daha uyğun taktika ola bilər. Xüsusi ilə bu daralma pankreatit hesabına olduqda bunun ikincili biliar sirroz kimi ağırlaşmalar əmələ gətirmək ehtimal çox azdır. Ona görə də xəstənin müşahidə edilməsi daha düzgündür.

Öd daralmaları zamanı cərrahiyənin rolu nəcədir?

Cərrahi müalicənin effektivliyi və uzun müddət nəticələri çox yaxşıdır. Ən çox istifadə edilən cərrahi üsul hepatikoyeyunostomiya və xoledoxoyeyunostomiyadır. Bu zaman Roux en Y metodundan istifadə edilir. Bəzən daralmanın səbəbi ağır xroniki pankreatit olduqda Vipple prosedurası və ya pankreatoduodenoektomiya icra edilə bilər. Birincili sklerozlaşan xolangit zamanı isə xəstəyə qaraciyər transplantasiyasımı, yoxsa təkrar təkrar endoskopik stentləmə edilməli olmasını ölçüb biçməyə ehtiyac olur.

Öd yolları strikturaları zamanı endoskopik üsulun nəticələri digər müalicə üsulları ilə müqayisə edilə bilərmi?

Hal hazırda müəyyən bu qənaətə gəlinib ki, çoxsaylı plastik stentlərin qoyulması çox effektli üsuldur. Xoşxassəli daralmalarda dəmir stentlərin qoyulması qətiyyətlə məsləhət görülmür. Endoskopik stenlərin qoyulması öd yolu daralmalarında artıq o dərəcədə effektlidir ki, cərrahiyyə artıq bu üsul fayda vermədiyi hallar üçün saxlanılır. Bəzi tədqiqatlarda bu üsul hətta 90% hallarda effektli oldu kimi təqdim edilir.

Endoskopik retroqrad xolangioqrafiya strikturanın yerini təyin etməkdə çox faydalıdır. Bu həm də strikturanın bədxassəli və ya xoşxassəli olmasını da aydınlaşdıra bilər. ERXQ zamanı sfinkterotomiya icra edilir, strikturanın balonla genişləndirilməsindən sonra ora stent yerləşdirilir. Stent qoyulmadıqda balanla genişləndirmə nəticə vermir.

Bütün xəstələrmi endoskopik yolla müalicə edilməlidir, yoxsa bu müalicə hansısa qrupa şamil edilir?

Ümumilikdə götürsək endoskopik müalicənin effektivliyi strikturanın yerindən və səbəbindən çox asılıdır. Yaşlı və çoxlu yanaşı xəstəlikləri olan xəstələr cərrahi əməliyyat üçün yararsız ola bilər və bu zaman endoskopik üsul yeganə seçim olur.  Cərrahi əməliyyatdan sonrakı daralmaların endoskopik yolla müalicəsi əhəmiyyətli dərəcədə effektlidir. Xroniki pankreatit zamanı isə endoskopik üsul yalnız ilkin dövrlərdə istifadə edilir. Uzun dövr üçün isə bu faydasızdır.