Oğluma məktublar -Ömürşah

Spread the love

“Oğul sözlərimə yaxşı qulaq as,

Ata nəsihəti faydasız olmaz.”

OĞLUMA MƏKTUBLAR

Bu yazıda mən heç bir şeyi kəşf etmirəm. Lap çoxdan insanları narahat edən tərbiyə məsələləri bu və ya digər adamlar tərəfindən yazılıb, ədəbiyyatda öz əksini tapıb. Mən qarşıma heç də bu cür məqsəd qoymamışam. Yazdıqlarımın çap olunması, geniş oxucu kütləsinə çatdırılması yatsam yuxuma da girmir. Təkcə Sizin üçün – Abdulla və Emel üçün məni düşündürən, narahat edən məsələləri, hərtərəfli insan münasibətlərini yazacaq, əgər imkanınız olacaqsa, ona bir ata vəsiyyəti kimi əməl edəcəksiniz. Mənim bu yazılarımı Siz 16-17 yaşlarından tez əldə etməyəcəksiniz. Oxuyarsınız, özünüz götür-qoy edərsiniz, ehkam kimi qəbul etmək də lazım deyil. Bunlar qanun deyil, hamı tərəfindən qəbul edilməsi də vacib deyil. Bu mənim istək və arzularımdır. 35 yaşlı atanın istək və arzularıdır, düşüncələridir. (Bu sətirlər köçürülərkən mənim 44 yaşım vardır. Bilmirəm, bəlkə dünyaya baxışımda müəyyən dəyişikliklər əmələ gəlibmi?) Bu düşüncələr sizin haqqınızdadır, sizdə görmək istədiklərim keyfiyyətlərin təsviridir.

Aşağıda yazacaqlarım keyfiyyətləri sizdə görmək istəyirəm. Bu keyfiyyətlər mənə xoşdur. Həmin keyfiyyətləri sizdə görmək Sizi bütün varlığı ilə sevən atanın ən böyük arzusudur.

Mən çoxdandır ki, istədiklərimi məktublar şəklində sizə çatdırmaq istəyirdim. Axı niyə məktublar şəklində? Çünki ömrə vəfa yoxdur, oğlum. (Yox, ömrə vəfa var. Bu sətirləri yazandan sonra 10 ilə yaxın yaşamışam. Uşaqlar böyüyüblər. İndi daha iki körpəm gəlib dünyaya. Abdullanın 6 yaşı var, Emel isə hələ heç nə bilmir, dünya işlərindən xəbərsizdir, cəmi 4 aydır ki, dünyaya göz açıb. Məktublar da qoyulan məsələləri elə uşaqlara söhbətlər vasitəsilə, tərbiyə prosesində başa sala bilmişəm deyəsən. Narazı deyiləm. Amma bircə bu əcnəbi musiqisi məni təngə gətiribdir.

Nə qədər hələ ömrüm var, bilmirəm. Bir onu bilirəm ki, nəvələrimçün də olsa bu fikirlər lazımlıdırlar. Onları yaddan çıxarmaq elə uşaqlarımın gələcəyini yaddan çıxarmaq olardı. Nə isə…)

Lakin tələsmirdim, elə hesab edirdim ki, hələ tezdir. İndi uşaqların hərəkətləri, dəcəlliyi – ataya son dərəcə mənalı bir əyləncə təsiri bağışlayan hərəkətlərini görüncə bunun vaxtı çatdığını hiss edir, “Allah, Məhəmməd, ya Əli” deyib işə başlayıram.

Oğlum, bu məktublarda mən sizə həyat, sevgi, dostluq, yoldaşlıq, sənət haqqında öz mülahizələrimi söyləyəcəyəm. Onlara nə dərəcədə əməl edəcəksinizsə, bu sizin özünüzün şəxsi işinizdir. Ola bilər ki, siz mənimlə hesablaşmayasınız, mübahisəyə girişəsiniz, hətta oxuyub təəccüb edəsiniz ki, görün bu kişi nə qədər mühafizəkar imiş, geri qalıbmış və s. və ilaxır. Siz haqlısınız. Mənim anadan olduğum vaxtla sizinkinin arasında təxminən 30-35 il fərq var. Müasir inkişaf sürətini nəzərə alsaq bu çox böyük vaxtdır. Hətta lap çox. Amma bu vaxt hər şeyə ciddi təsir göstərə bilər – dünyagörüşə də, məişətə də, əxlaqdan başqa, ləyaqətdən başqa. Elə şeylər də var ki, onların dəyişilməsi vacibdir. Əgər dəyişilmirsə, onda bizi gerilikdə ittiham etmək olar. Elə şeylər də var ki, onların dəyişilməsi inkişaf deyil, bəlkə də geriyə – nadanlığın zirvəsidir. Məsələn, özümün gözəl dilim ola-ola başqa dildə danışmaq atamla, anamla, sevgilimlə, uşaqlarımla… Dəhşətdir!

Bu yazılardan daha vacibi sizin çox şeylər əxz edə biləcəyiniz məsələlər, “Kəlilə və Dimnə”, “Qobusnamə”, N. Gəncəvinin, M.Füzulinin, S.Ə.Şirvaninin, A.Bakıxanovun və s. şair və yazıçıların, N.Babayevin “Oğluma məktublar”, “Qızım, sözüm sizədir” və s. yazılarıdır ki, ümidvaram ki, onları oxuyacaq və lazımi nəticələr çıxaracaqsınız.

Oğlum, söhbətimizə başlamamışdan səni özümlə tanış edim. Gəl bir qədər tarixə, keçmişə səyahət edək, sənin üçün, elə mənim özüm üçündə anlaşılmaz olan tarix kitabını səhifələyək.

Bizim nəsil Bico kəndindəki Yusiflilər təbəsinin bir qolunu təşkil edir. Ulu babalarımızdan Ağası—–  Yusif və Qurban adında iki oğlu olur. Onlar XVIII əsrdə yaşayıblar. Onlardan birinin – Qurbanın vələdiyik biz. Ona görə də bəzən bizə Qurbançılar da deyərdilər. Mən bunu ağsaqqallardan və ağbirçəklərdən eşitmişəm. Bu nəsil kəndin ən sayılan adamlarından olmuşdur, həmişə bir tikə çörəkləri olmuş, heç kəsə möhtac olmamışdır.

Qurbanın oğlu Abdulla (1815-1880 təxminən) deyilənlərə görə bütün Şirvan mahalında məşhur imiş. Bicolu Abdulla təxəllüsü ilə şeirlər qoşarmış. Hətta belə nəql eləyirlər ki, elminə, savadına görə Şirvan xanının sarayına dəvət olunubmuş. Sarayda Şirvan xanı Mustafa xanın silahdaşlarından olub. Qarabağ xanının qızının toyunda Şirvan nümayəndə heyətinin başçısı kimi çıxış edib və s. və ilaxır.

Hər kim olursa olsun, o bizim üçün bir baba kimi maraqlıdır. Beydulla – sizin familiyanız olan babanızın atası kimi maraqlıdır. Abdullanın şeirləri çoxdur. Bu yaxınlarda onları tapmışam. Nümunə üçün bir bəndini burada qeyd edirəm:

Bicolu Abdullayam, demərəm yalan,

Dəryada balıqdan xəracın alan

Bütün yer üzünə zəlzələ salan

Taxt üstündən Süleymanlar gedibdir.

Daha iki nəfəri sizinlə yaxından tanış eləmək istəyirəm. Çünki onlar da artıq sizin üçün tarixə çevriliblər. Baxmayaraq ki, bu yaxınlara qədər yaşayıblar.

Bunlardan biri Əsbətin atası Süleyman idi. Onun adını Nafiqin oğluna qoymuşuq. Nəslimizin son dövr böyüyü, ağsaqqalı idi. Çox hörməti, nüfuzu var idi kənd camaatı arasında. Bizim ailənin rəhbəri idi. Tədbirli, elmi-savadı yüksək qiymətləndirən idi, baxmayaraq ki, özü savadsız idi. Bir tikə haram şeyə əl vurmaz idi. Allahını, peyğəmbərini tanıyan, oruc tutub namaz qılan ömrü-günü bu pir və övliyalarla keçən bu kişi qəribə adam idi. Onun evi şeyxlərin, əfəndilərin düşərgə yeri idi. Məhəmməd baba, İbrahimpaşa baba, Bilal əfəndi həmişə Bicoya gələndə onun evinə düşərdilər.

Mənim böyüyüb boya-başa çatmağımda onun böyük əməyi, zəhməti olub. Məni oxutmağa xüsusi səy göstərirdi, rəhmətlik. Dərsdən gələn kimi maraqlanardı qiymətlərimlə. Yaxşı qiymət alanda hamıdan çox o sevinərdi. “Bərəkallah, ay ağrısın aldığım” deyərdi. Bir qədər əsəbi idi. Əsəbiləşirdi və tezliklə də əsəbi ötüşərdi. Əsəbiləşməyi istəyindən, məhəbbətindən gəlmə idi. Bəlkə başqa səbəblər də var idi: axı, yeganə oğlu Alışı müharibəyə yola salmış, o isə qayıtmamışdı. Kişi həsrət, nisgil dolu bir ömür yaşayırdı. Mənim təhsilimlə, oxumağımla ciddi maraqlanırdı. Yaxşı yadımdadır ki, orta məktəbi qurtarandan sonra (hələ orta məktəbi də mən əmimin hesabına qurtardım. Biz 9-cu sinifə keçəndə cəmi 4 nəfər olduğumuz üçün sinif bağlandı. Bu da taleyin bir töhfəsiymiş. Biz qaldıq kənddə boş-bekar. Bu vaxt əmim xəstələndi və əmimə baş çəkməyə gələn Mirzəkişi müəllim – indi o sovxozda nəsə məsul işdədir – Gəgəli orta məktəbində işləyirdi. Əmim ona müraciətlə: “Ay Mirzəkişi, bizim bu oğlan axı bekar qaldı. Sinfi bağlayıblar, indi uşağın oxuması üçün şərait yoxdur. Mirzəkişi o dəqiqə dedi ki, dayı, qoy gəlsin Gəgəliyə, mən orda hər cür şərait düzəldərəm”. Mən getdim Gəgəli kənd orta məktəbinə, o da doğrudan, mənə hər cür köməklik etdi. Tam iki il tək-tənha o yolu gedib-gəldim. Nəhayət, oxuub Gəgəli kənd orta məktəbini bitirdim. Yeri gəlmişkən, mənim zəhmətimi çəkən bütün müəllimlərimə xüsusilə rəhmətlik Emin müəllimə, Mirzəkişi müəllimə, Alxan müəllimə və Ağasəlim babaşova xüsusi ehtiramımı bildirirəm) gmimlə atamın arasında təxminən aşağıdakı söhbət oldu:

– Ay Süleyman, Ömürşah çəlimsiz uşaqdı, o Bakı kimi yerdə baş çıxarda bilməz. Qoysana qalsın yanımızda, qoyun-quzuya əl-ayaq eləsin. Atam deyirdi bunları. Əmim cavabında dedi:

– Əhliman, uşaq-uşaq danışma. Qoyun-quzu yüz illərdi saxlayırıq. Ondan bir şey çıxmaz. Qoy gedib oxusun. Ondan da çəlimsizlər dünyanın bu başından vurub o başından çıxır. Oxumalıdır vəssalam. Beləliklə, mənim taleyim müəyyənləşdirildi: “Oxumalı idim”. Əmimin iradəsilə, əmimin arzusu ilə.

Səhər Bakıya yola düşəcəkdim. Aramızda aşağıdakı söhbət oldu:

– Əmi, sənədlərimi hara verim?

– Hara vermək istəyirsən, oğul?

– Nə bilim, müəllimliyə, həkimliyə, bir də jurnalistliyə həvəsim var ey.

Nəsə axırıncısın tuta bilmədi. Bilmədi o nə olan şeydi. Ona görə də müəllimliklə həkimliyin üstündə dayandı.

– Yox, elə müəllimlik yaxşıdır, müəllim ol. Müəllimlik hər şeydən üstündü, bala. Müəllimlərə böyük hörmət bəsləyirdi əmim. Mən APİ-nin tarix-filologiya fakültəsinə daxil oldum. Bilsəydiniz, əmim necə sevinirdi. Atamdan-anamdan da çox, özümdən də çox. Bütün o oxuduğum illər əmimin əli üstümdə idi.

Hər ay əgər atam 20-30 manat göndərirdisə, əmim 50-100 manat göndərirdi. Məni çətinlik çəkməyə qoymurdu. Kəndə gedən kimi bir toğlu hökmən kəsilməli idi. Nə isə, mənim bax belə bir mənəvi hamim var idi. Xeyirxahlıqdan, təmənnasız köməkdən yoğrulmuş bu kişi, təəssüf ki, mənim institutu qurtarmağımı görmədi. Dövlət imtahanları ərəfəsində – 1969-cu il iyun ayının 1-də əmim rəhmətə getdi. Onu Bico qəbristanlığında dəfn etdik. Yeri behiştlik olsun!!!

Bu dünya fanidir-fani,

Bu dünyada qalan hanı?

Davud oğlu Süleymanı

Yıxıb taxtdan salan dünya!

Uca-ucv dağlar gördüm,

Yeniyetmə bağlar gördüm,

Mən çoxunu ağlar gördüm,

Kimdi səndə gülən dünya!

Ümid Əli qalıb naçar,

Hər qardaş əkdiyin bicər,

Gələn qopar, qopan köçər

Kimdi səndə qalan dünya!

Haqqında danışmaq istədiyim ikinci adam –  Əhliman, mənim atam, sənin baban, sizlərdən birinə adını verdiyim atamdır.

Sarıbuğdayı, bədənli, qüvvətli bir adam idi. Xasiyyətcə əmimdən fərqlənirdi. Əmim nə qədər əsəbi, tündməcaz idisə, bu o qədər sakit və təmkinli idi. Amma coşduğunun da şahidiyəm. Coşanda kənd-mənd qabağında duran döyüldü. Əlindəki zoğal ağacı hər şeyi həll eləyirdi.

Xeyirxahlığının çox şahidi olmuşam. Dostcanlı, çörəkverən adam idi. Ağsuda, Kürdəmirdə, Şamaxıda onunla bağlı qəribə vəziyyətlərə düşmüşəm. Bir də görmüşəm ki, məni bir qoca kişi qucaqlayıb ki, bəs sən Ghlimana oxşayırsan. Sənə qurban olum. Onun yatdığı torpağa, goruna qurban olub. Nə qədər ağlayır, çəxəb gedir.

Bir dəfə Ağsuda tay-tuşlarımla çayxanada oturmuşdum. Bir qoca kişi birdən qalxdı məni qucaqladı. Sən Əhlimanın oğlu olarsan ha? – dedi. Dedim oğluyam. Bunu deyən mənim ayaqlarıma yıxıldı. Atanın goruna qurban olum – dedi. Ağlamağa başladı. Atamdan çoxlu xatirələr danışdı. 30-cu illərdən. Bicoya getməyindən, orda işləməyindən, atamın bu adama köməyindən, çörək kəsməyindən. Mənim kefimi açdı. Yoldaşlarım da təəssüb etdilər. Yəqin ki, indi o kişi də həyatda yoxdur. Allah ona da rəhmət eləsin.

Üzüm bağı Bicoda əkiləndə onun ilkin qarovulçusu atam idi. Hamı gəlib o bağın yanından keçib gedərdi. Bir adam gözünün ucu ilə baxmazdı. Amma atam özü hamının payını verərdi. Torbanı doldurub qoyurdu yanına. anından keçəndə deyərdi: Ay filankəs, ayə üzüm bağından niyə üzüm yığmırsan? Deyərdilər ki, Ay Əhliman dayı sənin qorxundan hansı köpək oğlu o bağa gözünün ucuynan baxar?

Çağırardı, gəlib o dolu torbanı boşaldardı onun qabına, apar, deyərdi, oğul-uşağın var, qoy yesinlər.

Oxumağa-filana, təhsilə-zada fikir verən deyildi. Məni uşaq vaxtlarımdan özü ilə gəzdirib, qoyun-quzuya hüsn-rəğbət yaradıb məndə. Deyirdi, oxumağı neynirsən, gəl yanımda ol, ata-bala heyvan-qara saxlayaq. Mənə olan istəyindən idi. Başa düşürdüm onu. Gözündən uzaq qoymaq istəmirdi.

Gedirdik çölə. Aparıb kibrit qutusunu qoyurdu. Tüfəngi verirdi ki, vur. Atırdım, gah dəyirdi, gah dəymirdi. Dəyəndə iftixar hissi keçirirdi, dəyməyəndə məzəmmət eləyirdi. Kişi —-??????? axı. Amma sonralar təliminin bəhrəsini gördüm, hərbi xidmətdə 1 (bir) ilin tamamında yaxşı atıcı olduğum üçün vətənə on günlük məzuniyyət verdilər. Onun ilk rüşeymlərini Ağdərə, Alpoyt yerində, Bedrüs bulağının yanında atam qoymuşdu, o taylülə tüfəngimizlə.

Mənimlə oğul kimi yox, dost, tay-tuş kimi davranırdı. Mənə təəccüblü gəlirdi. Sonralar başa düşdüm, çox sonralar, onda da gec idi. Ömrünün son illərində bütün oğul-uşağın adını unudanda bircə mənimkini yadında saxlayanda başa düşdüm. Ölüm məqamında artıq nitqini itirmişdi. Mənim Ərəbuşağından gəlməyimi həsrətlə gözlədiyinin, məni görəndə, səsimi eşidəndə gözlərini açıb-yummasından,öləndə dodaqlarımı yarım saat dodaqları ilə sovurub saxlamasından, buraxandan sonra canını tapşırmasını gördükdə başa düşdüm. Çox gec başa düşdüm. Hisslərini gizlədə bilirdi.

Yaylığı ağ saxlaram

Yuyaram, ağ saxlaram.

Bir də əlimə düşsən

Yüz il səni saxlaram.

Göyçək demişdi bu ağını atam öləndə. Heç yadımdan çıxmır. De, bacı, de, deyən dilinə qurban olum. 100 il dedin, nə az, ay bacı?!

1972-ci il yanvar ayının 27-si cümə günü deyildi bu ağı. Buna qədər isə çox var hələ, çox var. Hələ quşçu bulağı, erməni bulağı, öyüdağılmış bulağa yıxılması, mənim qorxudan xəstələnməyim, çox yaddaqalan atalı günlərim var.

Tay-tuşlarımdan fərqli olaraq uşaq vaxtından kostyum geyinməyim, məktəbə çanta ilə getməyim, taytuşlarımın, hətta böyüklərin yanında ötkəmliliyim atalı dünyamın adına yazılmalıdır. Atamın qorxusundan böyük buğuburma cavanlar da mənimlə hesablaşırdılar. Bəli, mənim atalı dünyam…