Portal vena trombozu

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

 

Portal vena trombozu portal venanın trombla (qan laxtası) tutulmasına deyilir. Portal vena həyati əhəmiyyətli venadır, bu vena qaraciyərə gedən qanın 75 -80% ni daşıyır. Portal vena trombozu həm uşaqlarda, həm də böyüklərdə ola bilər. Xroniki və kəskin portal vena trombozu eyni xəstəliyin müxtəlif mərhələləri ola bilsə də iki ayrı ayrı vəziyyətlərdir. Həm də tromboz nəticəsində postal venanın mənfəsinin bağlanması tam və ya hissəvi ola bilər.

Səbəbləri ümumi olaraq Virxov Triadasındakı kimi göstərmək olar: qanlaxtalanmanın yüksəlməsi, damardaxili durğunluq, damarın zədələnməsi.

Ən çox yayılmış səbəbləri

  • Pankreatit
  • Kəskin appendisit
  • Yenidoğulmuşlarda göbək ciyəsinin infeksiyası
  • Polisitemiya
  • Xərcəng
  • Hamiləlik əleyhinə həblər
  • Qaraciyər sirrozu
  • Qaraciyər xəstəliyi
  • Qaraciyər travması

Portal vena trombozunun risk faktorlarına həmçinin hamiləlik və cərrahi əməliyyat da daxildir.

Çox hallarda portal vena trombozu heç bir əlamət vermir və ya çox minimal əlamətlərlə keçir.  Ən çox yayılmış əlamətləri qarında ağrı, qarında şişkinlik (maye toplanması ilə bağlı) və hüksəlmiş hərarətdir. Daha ağır hallarda portal vena trombozu portal hipertenziyaya ( portal sistemdə yüksək təzyiqə) səbəb ola bilər. Bu da dalağın böyüməsinə (splenomeqaliya) səbəb olur. Splenomeqaliya öz növbəsində hipersplenizm törədir ki, bu da qan hüceyrələrinin azalmasına və infeksiya və qanaxma riskinin artmasına səbəb olur. Portal hipertenziya eləcə də qida borusu və mədədə varikoz venaların əmələ gəlməsinə gətirib çıxarır ki, bunlardan da çox güclü qanaxmalar ola bilər. Kəskin portal vena trombozu üçün ağrı, hərarət, ürəkbulanma və qusma əsas əlamətlər olduğu halda, xroniki vəziyyət üçün portal hipertenziya əlamətləri (varikoz venalar, splenomeqaliya, assit) daha xarakterikdir.

Necə diaqnoz qoymaq olar?

  1. Dopler ultrasəs müayinəsi
  2. Venadaxili kontrastla komputer tomoqrafiya.
  3. Maqnit rezonans tomoqrafiya
  4. Angioqrafiya ( Selektiv angioqrafiya. Kontrast maddə birbaşa damara yeridilmiş kateterə vurulur və damar şəkilləndirilir.)

Müalicə

Ümumi bir müalicə protokolu yoxdur.

Ən çox istifadə edilən dərman antikoaqulyantlardır. Əgər antikoaqulyantların istifadəsi üçün əks göstəriş yoxdursa müalicə adətən standart heparinlə başlanılır, üzun müddətli ambulator təyinat üçün isə varfarin və aşağı molekulyar kütləli heparindən istifadə edilir. Xroniki portal vena trombozlarında antikoaqulyasiya müalicəsindən əvvəl xəstələr varikoz venalar üçün endoskopik müayinə olunmalıdır. Antikoaqulyantlar trombun böyüməsinin qarşısını alır və onun rekanalizasiya prosesini sürətləndirir.

Müalicə adətən 3-6 ay davam etdirilir. Bu müddətdən sonra adətən xəstələrin 45% ə qədərində rekanalizasiya müşahidə edilir. Müalicə qəbul edənlərin yalnız 10% dən azında trombun böyüməsi müşahidə edilir. Onu da həmişə yadda saxlamaq lazımdır ki, müalicə dayandırıldıqdan sonra 40% xəstələrdə hadisə təkrarlana bilər.

Sirrozla bağlı portal vena trombozunda adətən aşağı molekulyar kütləli heparinlər təyin edilir. Bu müalicə transplantasiyaya qədər ( əgər nəzərdə tutulursa) aparılmalıdır.

Bağırsaq infarktı, divertikul perforasiyası və ya kəskin xolesistit hallarında təcili əməliyyat nəzərdən keçiriliə bilər.

Bunlar da maraqlı ola bilər