Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, telefon 050 406 38 53

Canlı qaraciyər donorlarının əməliyyatdan öncə ən çox soruşduqları suallardan biri belədir.
,,Həkim mənim qaraciyərim nə vaxt yerinə gələcək? ,,
Adətən qaraciyər donoru olmaq istəyənlər klinikamıza vizit etməzdən öncə ətraf adamlardan əməliyyat haqqında müəyyən məlumatları alırlar. Bu məlumatlardan biri həmişə qaraciyərin parçasının əməliyyatda kəsilib çıxarılmasından sonra onun bərpa olunmasıdır.
Əslində qaraciyərin bərpa olunması canlı qaraciyər donorlarının motivasiyasının dəstəkləyən bir amildir. Bu faktı qaraciyər donoru olmaq istəyən şəxslərə söyləmək çox xoşdur. Bu həqiqətən də belədir. Qaraciyərin parçası kəsilib çıxarıldıqdan sonra həcm etibari ilə o əvvəlki vəziyyətini yenidən bərpa edir.
Ümumiyyətlə orqanizmdə olan toxumalar regenerasiya (zədələndikdən sonra bərpa olmaq) qabiliyyətinə görə 3 qrupa bölünür: daimi hüceyrələr, stabil hüceyrələr və labil hüceyrələr. Daimi hüceyrələr heç vaxt regenerasiya etmirlər. Onlar anadan olandan ölənə qədər necədirlərsə elə də qalırlar. Onlar zədələndikdə yerlərini birləşdirici toxuma elementləri doldurur. Bu hüceyrələrə sinir və əzələ hüceyrələri aiddir. Əzələ hüceyrələri hipertrofiya edir (yəni həcm etibari ilə böyüyür, amma sayı artmır), lakin hiperplaziya etmir. Labil hüceyrələrə isə bağırsağın epitel hüceyrələrini misal göstərmək olar. Onlar demək olar ki, hər saniyə məhv olurlar və yeniləri ilə əvəz edilirlər. Hər gün bağırsaqda minlərlə hüceyrə ölür və regenerasiya olur. Stabil hüceyrələr isə orta mövqe turmaqdadır. Onlar labil hüceyrələr kimi çox sürətlə regenerasiya etməsələr də daimi hüceyrələr də deyillər. Onlar yavaş sürətlə amma stabil şəkildə regenerasiya edirlər. Qaraciyər hüceyrələri bu qrupa daxildir.
Qaraciyər donorlarının əməliyyatları da fərqli olur. Resipientin çəkisindən asılı olaraq canlı donorun qaraciyərinin sol lateral sektoru (xəstələr uşaq olduqda), sol payı (aşağı çəkisi olan resipientdə) və ya sağ payı (uşaq olmayan resipientlər üçün ən çox istifadə edilən əməliyyat ) kəsilib çıxarıla bilər. Bu zaman donorlar müxtəlif həcmdə qaraciyər parçası itirir. Sol lateral sektor çıxdıqda 20%, sol pay çıxdıqda 30-40 %, sağ pay çıxdıqda isə 60-70% qaraciyər hissəsi çıxarılır. Ümumilikdə insanın funksiyalarını saxlamaq üçün 20% qaraciyər parçası yeterlidir. Lakin xəstənin özünə qalan qaraciyər hissəsi komputer tomoqrafiya hesablamasında 30% dən az olduqda donorluğu qəbul etmirik. Donorun sağlamlığının saxlaya biləcək 20% qaraciyər parçası yetərli olsa da bu rəqəm 30% in altında olduqda donor diskvalifikasiya edilir, çünki əməliyyat zamanın gözlənilməz hadisələr donorun həyatını riskə ata bilər. Ona görə də donorun verə biləcəyi maksimum qaraciyər parçası 70% dir. Bir faktı qarışdırmaq lazım deyil ki, tutaq ki, sağ payı çıxardan zaman qaraciyərin neçə faizini çıxartmağı cərrah müəyyən etmir. Qaraciyərin yapısında sağ pay neçə faizdirsə o da çıxır. Cərrah sadəcə sağ paymı, sol paymı və ya sol lateral paymı çıxacaq qərarını verir. Bunu da o resipientin və donorun göstəricilərini nəzərə alaraq qərar verir. Amma qaraciyərin sağ payının neçə faiz olması orqanizmin anadangəlmə xüsusiyyətidir.

Qaraciyərin parçası çıxarılıqdan sonra qaraciyər regenerasiya etməyə başlayır, ilk dövrdə daha sürətlə, sonra daha yavaş regenerasiya edərək 1 il müddətində əməliyyatdan əvvəlki həcminin 90-100% ni bərpa edir. Tutaq ki, ən çox icra edilən sağ tərəfli donor hepatektomiyasından sonra qaraciyər əvvəlki həcminin 60-70 % ni birinci həftə ərzində bərpa edir, 1 ilə qədər də regenerasiya davam edir və bu rəqəm 100% ə qədər çata bilər. Yadda saxlamaq lazımdır ki, qaraciyərin sağ payı yerinə gəlmir, yəni sağ payın portal venası, arteriyası , öd yolları yerinə gəlmir. Sadəcə sol pay öz damarları üzərində hipertrofiya və hiperplaziya edərək əvvəlki həcmi almağa çalışır. Bu səbəbdən də qaraciyər donorları bərpa olduqdansonra ikinci dəfə donor ola bilməzlər.
Bunlar da maraqlı ola bilər
- Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi
- Qaraciyər sistlərinin bədxassəli olma ehtimalı
- Assit yaranmasının səbəbləri
- Canlı qaraciyər və böyrək donorlarının ilkin nəticələri, Mərkəzi Neftçilər Xəstəxanasının orqan transplantasiya şöbəsi
- İmmunosuppressor dərmanlar