Qeyri Spesifik Xoralı Kolit

Spread the love

Bağırsağın iltihabi xəstəlikləri Qeyri Spesifik Xoralı Kolit və Kron xəstəliyi olmaqla iki bir birindən fərqli lakin oxşar cəhətləri olan xəstəliklərdən ibarətdir.
QSXK nədir?
QSXK yoğun bağırsağın içəri qatlarını iltihablaşdıran və orada xoralar əmələ gətirən və bütün həyat boyu sürən xəstəlikdir. Adətən yoğun bağırsağın aşağı bölmələrini – düz bağırsağı və S vari bağırsağı zədələyir, amma bu yoğun bağırsağı tam başdan axıra qədər əhatə edə bilər. Ümumi qanunauyğunluq belədir ki, yoğun bağırsağın nə qədər uzun seqmenti prosesə cəlb olunursa, xəstəliyin gedişi də bir o qədər ağır olur.
Kimlərə xəstələnir?
Xəstəlik istənilən yaşda başlaya bilər, amma əksər xəstələrdə diaqnozun qoyulması 15-25 yaş arası dövrə təsadüf edir.
Səbəbi nədir?
Ekspertlər bu xəstəliyin səbəbi haqqında qəti fikirə gələ bilmirlər. Və hal hazırda düşünülür ki, bu orqanizmin immun sisteminin bağırsağın normal bakteriyalarına qarşı hiper aktivlik səbəbindən yaranır. Və ya hansısa bakteriya və ya virus buna səbəb ola bilər. Əgər ailədə QSXK tarixçəsi varsa o zaman bu xəstəliyə tutulma ehtimalın digər insanlardan daha çoxdur.
Xəstəliyin əlamətləri hansılardır?
İshal, qarında ağrılar, düz bağırsaq qanaxması
Eləcədə bəzi xəstələrdə hərarət, iştahsızlıq, çəki itirmə ola bilər.Bu xəstəlik həmçinin oynaq ağrılarına, gözdə və qaraciyərdə problemlərə səbəb ola bilər.
Xəstəliyin gedişi necədir?
Bəzi xəstələrdə xəstəlik gəlir və gedir, yəni kəskinləşir və remisiya dövrünə keçir. Bəzi xəstələrdə aylarla və ya illərlə xəstəliyin heç bir əlaməti olmur, yəni xəstəlik remisiya mərhələsində olur. 5-10% xəstədə isə hər zaman xəstəlik əlamətləri olur.
Xəstəlik nə qədər ağır ola bilər?
Gedişinə və ağırlığına görə xəstəliyi yüngül, orta ağırlıqlı, ağır və çox ağır formalara bölürük. Müalicə taktikası buna görə dəyişir. Yüngül formada 4 dəfədən az stul olur, nəcisdə qan olmur, analizlər normal olur.
Orta ağır formada 4-6 dəfə nəcis ifrazı olur. EÇS yüngül dərəcədə yüksəlmiş olur.
Ağır formada 6-10 dəfə stul olur. Nəcisdə qan olur. Xəstədə hərarət, qanazlığı və yüksəlmiş EÇS olur.
Çox ağır formada 10 dəfədən çox nəcis ifrazı düz bağırsaqdan daimi qan axma, hərarət, anemiya, qarın ağrıları, qan köçürməyə ehtiyac, rantgen şəkildə çox genişlənmiş bağırsaqlar olur.Ağır və çox ağır xəstələrin stasionar müalicəyə ehtiyacı vardır.
Diqnoz necə qoyulur?
Təbii ki, həkim xəstəni fiziki müayinə edir, müəyyən testlər edir. Bəzi müayinələr xəstəliyi birbaşa təsdiq etmək üçündür, bəzi müayinələr isə bu xəstəliklə eyni əlamətləri olan xəstəliklərlə differensasiya etmək üçündür. Yəni bu əlamətlər Kron xəstəliyində də, divertikulitdə də və başqa xəstəliklərdə də ola bilər. Onları bir birindən ayırmaq lazım gəlir.
Hansı müayinələr aparıla bilər?
Kolonskopiya ucunda kamera olan nazik fibrooptik cihaz düz bağırsaqdan yoğun bağırsağın mənfəzinə yeridilir, və bütün yoğun bağırsaq tam şəkildə görüntülənir. Bağırsaq divarındakı xoralar, iltihab, bağırsağın hansı nahiyələrinin xəstələndiyini gözlə görüb qeyd etmək olur. Bu zaman bağırsaq divarından və xoralardan biopsiya da almaq mümkündür.
Qan analizləri orqanizmdə olan infeksiyanı və iltihabı aşkarlamaqda kömək edə bilər.
Nəcisin analizi – bu da nəcisdə qanı, iltihabı və infeksiyanı aşkarlamağa imkan verə bilər.
Necə müalicə olunur, tam müalicə edilə bilirmi?
Xəstəlik hər kəsdə fərqli keçir. Ekpert həkim sizə xəstəlik əlamətlərinin azalmasına və kəskinləşmələrin olmamasına kömək edəcəkdir. Əksər xəstələr Aminosalisilat turşusu, steroid kimi dərmanlara və orqanizmin immun sistemini aşağı salan dərmanlara ehtiyac duyur.
Dieta gözləməyə ehtiyac varmı?
Bir qisim xəstələr özləri aşkar edir ki, bəzi qidalar onlarda xəstəliyin kəskinləşməsinə səbəb olur. Əgər belə bir şey qeyd edilirsə həmin qidaları yeməmək məsləhətdir. Amma nəzərinizdə saxlamalısınız ki, orqanizmi güclü saxlamaq üçün və çəki itirməmək üçün normal bir şəkildə qidalanmağa ehtiyac vardır.
Bu xəstələrin cərrahi əməliyyata ehtiyacı ola bilərmi?
Bəli. Əgər simptomlar çox kəskin olarsa və konservativ müalicəyə tabe olmazlarsa o zaman cərrahi əməliyyat təklif oluna bilər. Cərrahi əməliyyat həm də planlı şəkildə yoğun bağırsaq xərçəngini önləmək və müalicə etmək səbəbindən ola bilər.
QSXK xəstəliyi sizin həyatınıza necə təsir edə bilər?
10 ildən artıq bu xəstəliklə xəstə olanlarda yoğun bağırsaq şişi olmaq ehtimalı vardır. Xəstəlik müddəti artdıqca xərcəng xəstəliyinin əmələ gəlmə ehtimalı da artır. Ona görə də bu cür xəstələr vaxtaşırı şişə görə skrin olunmalıdırlar. Vaxtaşırı yoxlamalar şiş xəstəliyini erkən mərhələdə aşkar etməyə imkan verir ki, bu da onun müalicəsini asanlaşdırır.
Bəzən bu xəstəlik çox kəskin keçir və xəstələrə psixi və sosial sarsıntılar da verir. Bu zaman ailə üzvlərinin, dostların və profesionalların köməyinə də ehtiyac ola bilər.