Sirroz nədir?

Spread the love

Dr. Rəna Əliyeva, Hepatoloq( Mərkəzi Neftçilər Xəstəxanası Orqan Transplantasiya şöbəsi)

Dr. Rəna Əliyeva
Dr. Rəna Əliyeva

Sirroz nədir?

Qaraciyər bir çox zədələnməyə qarşı çox stereotipik nekroz (hüceyrələrin ölməsi) və regenerasiya ilə cavab verir. Ancaq çox zaman meydana gələn memarlıq işləri anormal olur və bağ toxumasının artması səbəbilə qaraciyər nodullara (düyünlərə) ayrılmış olur. Sirroz-(yunan dilində narıncı rəngli anlamına gəlir və xəstə qaraciyərin görüntüsünü tərif edir) qaraciyər toxumasının bu düyünlü görüntüsünə və diffuz fibrozisinə verilən patoloji termindir və təəəssüf ki, bir çox qaraciyər xəstəliyinin son ortaq nöqtəsidir. Düyünlər 3mm-dən kiçik olarsa, mikronodulyar sirroz, 3mm-dən böyük isə makronodulyar sirroz deyilir. Amerika Birləşmiş Ştatlarında sirroz ən çox Hepatit C və alkoqola bağlı meydana çıxır və ölüm səbəbləri arasında 12-ci yerdədir, ildə isə təqribən 25.000 insanın ölümünə səbəbdir. Qaraciyər toxumasında baş verən patoloji degenerasiya  hepatosellülyar yetməzlik(qaraciyər hüceyrəsi yetməzliyi) və portal hipertenziyaya gətirib çıxarır. Qaraciyər toxumasının yetərsizliyi sarılıq, koaqulopatiya(qanın laxtalanma sisteminin pozulması) və ensefalopatiya ilə nəticələnir. Sirroza bağlı portal hipertenziya gastroezofaqeal varislərə, assitə və hipersplenizmə yol açır. Sirroz, qaraciyər yetməzliyi və portal hipertenziyanın klinik olaraq görünən nəticələri bunlardır:

-Palmar eritem ( qırmızı ovuc)

-Arterial hörümçək –Spider naevi (damarların dəridə tor şəkillənməsi)

-Flapping tremor ( çırparaq titrəmə)

-Fetor hepatikus (pis iy gəlməsi)

-Ginekomastiya (kişilərdə  süd vəzilərinin patoloji böyüməsi)

-Testikulyar atrofiya ( testislərin kiçilməsi)

-Sarılıq

-Maye toplanması

-Assit

-Splenomeqaliya (dalağın böyüməsi)

-Ensefalopatiya ( huşun pozulması)

-Qastroezofaqeal varislər (mədə-qida borusu damarlarının genişlənməsi)

Sirroz  hepatosellülyar yetməzliyin varlığı və ya yoxluğuna görə kompensasiya olmuş və kompensasiya olmamış(dekompensə) olaraq klassifikasiya olunur. Kompensə xəstələr özlərini yaxşı hiss edə bilirlər, laboratoriya analizlərinin nəticələri normal ola bilir. Bu xəstələrin  bəzilərində sirrozlu qaraciyər tamamən təsadüfən bir UZİ, kompüter-tomoqrafiya müayinəsində və ya başqa bir səbəblə laporatomiya edildiyi zaman aşkarlana bilir.

Dekompensasiya isə sarılıq və assitlə ortaya çıxır. Dekompensasiyaya səbəb olan faktorlar bunlardır:

-Özbaşına bitkisəl və ya dərman müalicəsi

-İnfeksiyalar

-Qastrointestinal qanama

-Qaraciyər xəstəliyinin irəliləməsi.

Assit qaraciyər xəstəliyinin ən çox rast gəlinən ağırlaşmasıdır və həyata neqativ təsir edərək, nəinki varlığı qarında rahatsızlığa səbəb olur, həmçinin ciddi şəkildə ağciyər problemlərinə, təkrarlayan infeksiyalara, böyrək yetməzliyinə, yırtıqların əmələ gəlməsinə yol açır. Ümumən, uzun sürədə sağqalmanın pessimist xəbərvericilərindən biridir.

Bunlar da maraqlı ola bilər