Təsadüfən aşkarlanmış öd daşı xəstəliyi – lal daşlar və onların müalicə taktikası

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah,  0504063853

Öd daşı xəstəliyi həzm sisteminin ən çox yayılmış xəstəliyidir.  Kliniki prezentasiyasından asılı olaraq öd daşı xəstəliyi 3 yerə bölünür.

  1. Lal daşlar, asimptomatik daşlar, təsadüfən aşkarlanmış öd daşları, insidental daşlar
  2. Simptomatik və ağırlaşmamış öd daşı xəstəliyi
  3. Ağırlaşmış öd daşı xəstəliyi

Birinci qrupa daxil olan xəstələrdə öd daşları olduğu adətən təsadüfü ultrasəs müayinədə, MRT və ya KT müayinədə aşkar edilir. Simptomatik və ağırlaşmamış öd daşı xəstəliyi dedikdə isə öd daşlarının artıq müəyyən narahatçılıqlar verdiyi nəzərdə tutulur. Burada adətən söhbət öd sancılarından gedir.  Ağırlaşmış öd daşı xəstəliyinə isə öd daşlarının xolesistit, xoledoxolitiaz və s. kimi xəstəliklərlə ağırlaşmış vəziyyətləri aiddir.

İnsidental daşlar heç bir xəstəlik əlamətləri ilə müşahidə edilmir. Onlar digər səbəblərə görə ultrasəs müayinəsi zamanı aşkar edilir. Ultrasəs müayinəsi ümumilikdə öd daşı xəstəliyinin müayinəsində və müşahidəsində əvəzsiz rola malikdir. Bu müayinə metodunun qeyri invaziv olması, öd daşı üçün yüksək sensitivliyi və spesifikliyi onun geniş əhali kütləsini skrin etmək üçün uyğun olmasını mümkün edir. Ümumilikdə hesab edilir ki, əhalinin 7% də öd daşları mövcuddur. Bu rəqəm qadınlarda bir az artıq 9%, kişilərdə 6%dir.

Təsadüfən tapılmış öd daşı xəstəliyi olan xəstələrin 10-15 illik müşahidəsi onu göstərik ki, onların təqribən 20% də bu müddətdə əlamətlər əmələ gəlir. Bu əlamətlər adətən öd sancıları olur.

Artıq simptomlar əmələ gəlmiş xəstəliyin gedişi  asimptomatik xəstələrdən çox fərqlənir. Onlarda böyük ehtimalla təkrar təkrar öd sancıları əmələ gələcək və ağırlaşmalar olması riski çox yüksəkdir.

Bu müşahidələr göstərir ki, lal öd daşları olan xəstələrin çox böyük əksəriyyətində xəstəlik əlamətləri əmələ gəlmir və gəldikdə də bu adətətən öd sancılarından ibarət olur.

Təsadüfü aşkarlanmış öd daşı xəstəliyi olanların yalnışlıqla simptomatik qrupa daxil edilməsi də tez tez baş verən haldır. Bəzən xəstələrdə dispeptik əlamətlər olur ki, bunda da öd daşlarını günahlandırırlar. Dispeptik əlamətlər çox geniş yayılmışdır. Belə hallar olduqda detallı incələnməlidir. Bəzən lal daşlar digər səbəbdən yaranmış dispeptik əlamətlərlə yanaşı olmuş ola bilər.

Asimptomatik öd daşı xəstəliyi olan pasientlərdə profilaktik xolesistektomiya məsləhət görülmür və əməliyyat üçün göstəriş yoxdur. Lakin bu hallar istisna təşkil edir:

  1. Öd kisəsi xərcənginə yüksəlmiş riski olan xəstələr və
  2. Öd daşının ağırlaşmaları ola biləcək xəstələr

Ikinci qrupa ayırdığımız ağırlaşmamış öd daşı xəstəliyi olan simptomatik xəstələrin isə ümumi vəziyyəti yol verirsə əməliyyat üçün göstəriş var. Cərrahi riski yüksək olanlar isə konservativ  müalicə ala bilərlər.

Bəzi asimptomatik öd daşı olan xəstələr öd daşı ağırlaşmaları üçün yüksək risk daşıyırlar. Bu xəstələr ayrıca müzakirə olunmalıdır.

  1. Şəkərli diabet- Bu xəstələrdə öd daşı tez tez rast gəlinir. Belə bir ümumi fikir var ki, bu qrup xəstələrdə kəskin xolesistit çox ağır keçir. Ona görə də öd daşı varsa bu xəstələr profilaktk xolesistektomiya olunmalıdır. Lakin çoxsaylı tədqiqatlar şəkərli diabeti olan xəstələrdə də profilaktik xolesistektomiyaya haqq qazandırmır.
  2. Oraqvari hüceyrə anemiyası – bu xəstələrdə öd daşı tez tez rast gəlinir və adətən asimptomatik olur. Bu qrup xəstələrdə də profilaktik xolesistektomiya məsləhət görülmür. Lakin hər hansı digər səbəbdən xəstə başqa əməliyyat olunarsa, öd kiləsini də çıxartmaq olar. Bu vəziyyət insidental xolesistektomiya adlanır.
  3. İrsi sferositoz anemiyası – Bu xəstələrdə əgər öd kisəsində daş varsa onlar planlı şəkildə çıxarıla bilər. Çünki bu xəstələrdə tez tez splenektomiya əməliyyatı icra etmək lazım gəlir. Ona görə də onlarda splenektomiya və xolesistektomiya əməliyyatı birgə planlaşdırıla bilər.
  4. Öd kisəsinin Xərcəng xəstəliyi riski daşıyan xəstələr –Bu xəstələrin əksəriyyətində profilaktik xolesistektomiya əməliyyatını icra etmək üçün göstəriş var. Bu xəstəliklərə Karol xəstəliyi, Xoledox sisti, öd kisəsi adenoması, porselein öd kisəsi, mədəaltı vəz axarının anomalik şəkildə xoledoxa açılması
  5. Bariatrik əməliyyat keçirən xəsətlərdə öd daşı xəstəliyinin gələcəkdə yaranması ehtimalı çox yüksək olduğu üçün profilaktik xolesistektomiya edilə bilər. Lakin bu konsepsiya bir qədər mübahisəlidir.                                                                                                                                                                                                                                                                    Bunlar da sizə maraqlı ola bilər                                                                                Öd yollarının xoşxassəli strikturası və müalicəsi   http://virtualklinika365.com/?p=304                                                                                            Yatrogenik öd yolları zədələnmələri və müalicəsi http://virtualklinika365.com/?p=258                                                                       Öd kisəsi əməliyyatı təhlükəlidirmi? http://virtualklinika365.com/?p=223               Öd yollarının zədələnmələri, öd qaçaqları zamanı müalicə taktikası http://virtualklinika365.com/?p=246