Öd kisəsi əməliyyatından sonra nə gözləməliyik

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Öd kisəsinin əsas funksiyası qaraciyərdə hazırlanmış ödü yığıb saxlamaq və qatılaşdırmaqdır. Qida qəbulu zamanı isə bu öd incə boruşəkilli axarla bağırsağa tökülür və həzm prosesinə kömək edir. Öd kisəsinin çıxatılması əksər xəstələrdə həzm prosesinin heç bir pozuntusuna səbəb olmur.

Öd kisəsi əməliyyatından sonra nə gözləməliyik?

  1. Öd kisəsi əməliyyatı böyük əməliyyat sayılır və bu əməliyyatdan sonra əməliyyat nahiyyəsində ağrılar ola bilər. Əməliyyat səbəbindən və ya qəbul edilən anesteziya səbəbindən müvəqqəti və keçici ürəkbulanma və qusma baş verə bilər. Lakin bu adətən 1-2 gün çəkir.
  2. Laparoskopik xolesistektomiya əməliyyatından sonra xəstələrin əksəriyyəti əməliyyat günü və ya əməliyyatın səhərisi günü evə gedirlər
  3. Xəstələrin aktivliyi onların özlərini necə hiss etməsindən asılıdır. Əməliyyatdan 5-6 saat sonra xəstələrə durub gəzmək məsləhət görülür. Əməliyyat olan günü xəstələr piləkənlə düşüb qalxa bilərlər.
  4. Əməliyyatın səhərisi gün xəstələr sarğını çıxara bilər və duş qəbul edə bilər.
  5. Xəstələr adətən 1 həftə ərzində normal aktivliyə (avtomobil idarə etmək, yüngül şeylər qaldırmaq, və işləmək) qayıda bilirlər.
  6. Xəstələr adətən hər növbəti gün özlərini daha yaxşı hiss edirlər.
  7. Əməliyyatdan sonra hüksəlmiş temperatur, dərinin saralması, güclənən qarın ağrıları, köp, davamlı ürəkbulanma və qusma, yaradan ifrazatın gəlməsi müəyyən problemlərin olduğunu göstərir və həkiminizə müraciət etməniz məsləhətdir.
  8. İşinin xarakterindən asılı olaraq əksər insanlar laparoskopik xolesistektomiya əməliyyatından 1 həftə sonra öz işlərinə geri dönə bilirlər. Admnistrativ işdə və stolarxası işlə məşğul olanlar bir neçə gündən sonra işlərinə geri dönə bilərlər. Daha ağır işdə çalışanlar isə bir neçə gün daha gözləməlidirlər. Açıq cərrahi əməliyyata məruz qalan xəstələr isə adətən 4-6 həftədən sonra normal aktivliyə qayıda bilirlər.

2-3 həftə sonra öz həkiminizlə bir də görüşməniz məsləhətdir.

 

Sizə bunlar da maraqlı ola bilər.

Təsadüfən aşkar edilmiş öd daşı xəstəliyi – lal daşlar, onların müalicə taktikası   http://virtualklinika365.com/?p=337

Öd yollarının xoşxassəli strikturası və müalicəsi http://virtualklinika365.com/?p=304

Yatrogenik öd yolları zədələnmələri və müalicəsi  http://virtualklinika365.com/?p=258

Öd kisəsi əməliyyatı təhlükəlidirmi?  http://virtualklinika365.com/?p=223

 

Öd kisəsi əməliyyatı təhlükəlidirmi?

Son dövr ərzində laparoskopik xolesistektoiya əməliyyatı öd kisəsi daşlarının müalicəsində əsas seçim müalicə üsulu olmuşdur. Bu əməliyyat risksiz deyil.

Laparoskopik xolesistektomiya hal hazırda seçim metod olaraq qəbul edilsə də bunun bəzi ağırlaşmalarının açıq xolesistektomiyadan çox rast gəlindiyi müəyyən edilib. Əməliyyatın ağırlaşmalarını əməliyyatdaxili və əməliyyatdan sonrakı  olmaqla iki yerə bölə bilərik.

Əməliyyatdaxili ağırlaşmalara aiddir:

1.       Qanaxma. Təqribən 2.5 % hallarda rast gəlinir. Laparoskopik əməliyyatla da qanaxma saxlanıla bilər, və yaxud qanaxma əməliyyatı açıq üsula keçirməyə səbəb ola bilər. Qanaxmaların laparoskopik kontrol olunması daha çətindir, və bəzi hallarda bu yatrogenik öd yolları və ya digər orqanların zədələnməsinə səbəb olur. Yəni bu qanaxmalar zamanı cərrahın kontrol olunmayan reaksiyası daha təhlükəlidir, nəinki qanaxma özü.

2.       Yatrogenik öd kisəsinin deşilməsi (perforasiyası). Bu ağırlaşma daha tez tez rast gəlinir (16%). Ciddi bir ağırlaşma kimi qəbul edilmir, çünki öd kisəsi onsuz da çıxarılır (perforasiyalı ya perforasiyasız). Deşilmiş öd kisəsindən axan öd əməliyyat görünüşünü çətinləşdirə bilər və yaxud infeksiyalaşmış öd olduqda əməliyyatdan sonrakı qarındaxili infeksiyaya səbəb ola bilər.

3.       Öd yollarının zədələnmələri. Təqribən 0.1% hallarda rast gəlinir. Çox ciddi ağırlaşmadır.

4.       Açıq əməliyyata keçilməsi. 2% hallarda rast gəlinir, səbəb isə adətən iltihablı öd kisəsi, və yaxud anatomiyanın aydın olmamasıdır.

Əməliyyatdan sonrakı ağırlaşmalar

1.       Öd qaçağı 0.3%.  Əməliyyatdan sonra yaradan və ya qarın boşluğuna qoyulmuş drenajdan əhəmiyyətli miqdarda öd gəlməsi ilə müşahidə edilir. Səbəbləri müxtəlif ola bilər: öd yolu zədələnməsi, öd kisəsi güdülünün açılması, qaraciyərdən öd kisəsinə gələn əlavə öd yolunun açıq qalması və s.  Əgər gün ərzində gələn ödün miqdarı 500ml dən çox olarsa bu zaman öd yollarının dekompressiya etmək üçün endoskopik sfinterotomiya və ya transpapillar stent qoyulması kimi müalicə üsulunun seçilməsinə ehtiyac olur. Bu müalicə üsulları adətən təkrar əməliyyatdan qaçmağa imkan verir.

2.         Qanaxma 0.1%.

3.       Qaraciyəraltında abses (irinlik) əmələ gəlməsi

4.       Ümumi öd yollarında daş qalması

Əməliyyata texniki çətinlik törədən səbəblər kəskin xolesistin, xroniki iltihab nəticəsində büzüşmüş öd kisəsinin və sirrozun olmasıdır.Bunlardan başqa kişi xəstələrdə və 65 yaşdan yuxarı xəstələrdə əməliyyat daha çətin keçir.

Anadangəlmə öd variasiyaları nəzərdən qaçmamalıdır.  Bunlardan iki variasiya daha tez tez problemlərə səbəb olur.  Bəzən öd kisəsi sağ qaraciyər axarına açılan əlavə axara malik olur. Bu axar adətən öd kisəsinin ümumi öd axarı ilə birləşməsindən yuxarda öd kisəsinə açılır. Bu problemi hell etməyin ən optimal yolu öd kisəsini aksesuar axar açılan yerdən yuxarıdan kəsməkdir. Digər variasiya isə öd kisəsinin tam şəkildə  sağ qaraciyər axarına açılmasıdır. Bu variasiya əməliyyat zamanı sağ qaraciyər axarının öd kisəsi axarı hesab edilərək tam kəsilməsinə səbəb olur.