İmmunosuppressor dərmanlar

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

İmmunosuppressor dərmanlar nədir?

Orqanizmi yad cisimlərdən müdafiə edən immun sistemi vardır. Bu sistem orqanizmə daxil olan bütün yad zülallara, cisimlərə və maddələrə reaksiya verərək onları məhv etmək və orqanismdən kənarlaşdırmaq istəyir. Bədənin hansısa bir yerinə batan tikanı təsəvvür edin. Az müddətdən sonra tikanın ətrafında yaranan qızartı, şişkinlik, yüksək hərarət və sairənin hamısına səbəb tikan deyil, orqanizmin immun sistemidir. Bu sistem özünə yad hesab elədiyi cismi məhv edib kənarlaşdırmaq istəyir və orqanizmi qorumağa çalışır. Orqan transplantasiyasından sonra da həmin proseslər baş vermək istəyir. Əgər immunosupressor dərmanlar qəbul edilməsə o zaman köçürülən orqanı da eyni aqibət gözləyir. Ona görə də köçürülən orqanı qorumaq üçün xəstənin immun sistemini zəiflətmək lazım gəlir ki, kəskin recekt olma (rejection) prosesi baş verməsin. İmmuniteti azaldan bu dərmanlara immunosuppressor deyilir.

İmmunosuppressorlar iki cür olur.

  1. İnduksiya dərmanları ( başlanğıcda istifadə edilən dərmanlar)
  2. Alınan vəziyyəti sabit saxlamaq üçün lazım olan dərmanlar.

Bunu kreditlə bir şey almaqla müqayisə edə bilərsiniz. İlkin ödəniş edirsiniz və sonar aylıq ödəmələr. Buradada əvvəlcə daha güclü induksiya dərmanları verilir və sonra hər ay eyni miqdarda daha az dozada dərmanlar qəbul edilir.

İnduksiya dərmanı kimi çox vaxt Thymoglobulin istifadə edilir.

Ümumilikdə isə bu dərmanlar 4 qrupa bölünür.

  1. Kalsineurin ingibitorları: Takrolimus və Cyclosporine
  2. Antiproliferativ agentlər: Mycophenolate Mofetil, Azathiopirine
  3. mTOR ingibitorları: Sirolimus
  4. Steroidlər: Prednizalone

Böyrək transplantasiyası olunmuş hər kəsmi immunosuppressiv dərmanlar qəbul etməlidir?

Demək olar ki, böyrək transplantasiyası olunmuş hər kəs bu dərmanı qəbul etməlidir. Yalnız donoru özünün eyni yumurta ekizi olan şəxslər bu dərmanı qəbul etməyə biər.  Hətta əgər pasient bu dərmanın birdozasını qəbul etmədikdə belə kəskin recekt  ( orqanın bədəndən kəskin rədd olması) prosesi başlaya bilər. Dərmanın hansınısa yaddan çıxarıb qəbul edilmədisə növbəti qəbul zamanı iki dozanı birdən qəbul etmək lazım deyil. Bu təhlükəli ola bilər. Dərmanlar çox olduğu üçün onları qarışdırmamaq üçün onların hər birinin nə üçün təyin edildiyini bilməkdə fayda var. Bundan başqa çalışıb dərmanları hər gün eyni vaxtda qəbul etmək lazımdır ki, yaddan çıxmasın.

Dərmanları qəbul edən zaman xəstələr nələrə fikir verməlidir?

Dərmanları qəbul etməsinə baxmayaraq xəstələrdə hələ də orqanın kəskin rədd olması baş verə bilər. Bunlardan başqa dərmanların bir xeyli əlavə təsirləri var. Xüsusi ilə əməliyyatdan sonrakı 6 ay ərzində dərmanın dozaları adətən lazım olduğundan yüksək olur. Bu əlamətlər olduqda həkimə müraciət etməlisiniz:

  • Yüksək hərarət
  • Sidik ifrazının azalması
  • Transplant böyrək nahiyəsində ağrılar
  • Sidikdə qan
  • Qripə oxşar əlamətlər
  • Sürətli çəki artımı
  • Yaradan ifrazatın gəlməsi zamanı
  • Sidik ifrazı zamanı göynəmə və s.

Bu hallarda həkiminiz sizə əlavə müayinələr təyin edəcək və lazım olduqda sizin dərmanın dozasını artırıb ya da azaldacaq. Dərmanın qanda miqdarının müntəzəm cədvəllənmiş ölçülməsi çox vacibdir. Adətən birinci 6 ay ərzində dərmanların dozaları tədricən azaldılır, bəziləri isə ümumiyyətlə dayandırılır. Ona görə də sonrakı dövrlərdə dərmanların əlavə təsirləri minimal olur.

Bəzi qidalar və digər dərmanlar immunosuppressorların qəbulunda problem yarada bilərmi?

Bəli. Bir çox dərmanlar immunosuppressor dərmanların qandakı səviyyəsinə təsir edə bilər. Bu səbəbdən də nefroloqunuzla məsləhətləşmədən əlavə dərmanlar qəbul etməyin. Bəzi qida məhsulları da eyni cür təsir edə bilər. Bunlardan qreypfrut meyvəsini göstərmək olar. Dərmalardan isə eritromitsin, vərəm əleyhinə dərmanlar, qıcolma əleyhinə dərmanlar və s. buna misal ola bilər.

Bunlar da maraqlı ola bilər

 

 

 

Kimlərə böyrək köçürülməlidir? Son dönəm böyrək xəstəliyinin səbəbləri.

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Kimlərə böyrək köçürülməlidir?

Son dönəm böyrək xəstəliyi olan xəstələrə böyrək köçürülür.

Son dönəm böyrək xəstəliyi nədir?

Xroniki davam edən böyrək xəstəliyi bir müddətdən sonra böyrəklərin funksiyasının tədricən itirilməsinə gətirib çıxarır. Bu xəstəlik artıq çox irəliləmiş mərhələlərə gəlib çıxdıqda böyrəklər artıq orqanizmin tələblərini qarşılayacaq durumda olmurlar. Böyrəklərin bu vəziyyətinə son dönəm böyrək xəstəliyi deyilir.

Böyrəkdə olan çoxsaylı filtirlər orqanizmdə olan suyu və artıq maddələri süzüb bədəndən atır və onlar sidiklə xaric edilir. Son dönəm böyrək xəstəliyi olan insanlarda bu böyrəklərin süzmək qabiliyyəti pozulduğu üçün maddələr mübadiləsi məhsulları , elektrolitlər və maye bədəndə təhlükəli səviyyəyə qədər yüksəlir.

Son dönəm böyrək xəstəliyi olan xəstələr sağ qalmaq üçün ya dializ seansları qəbul etməlidir, ya da onlara böyrək köçürülməlidir.

Hansı xroniki xəstəliklər son dönəm böyrək xəstəliyinə gətirib çıxara bilər?

Böyrək çatışmazlığına gətirib çıxaran xəstəliklər aşağıdakılar ola bilər.

  1. Şəkərli diabet. Qanda uzun müddət şəkərin yüksək olması böyrək filtrlərini zədələyir və böyrəyin funksiyasının pozulmasına səbəb olur. Bu vəziyyət diabetik nefropatiya adlanır.
  2. Yüksək təzyiq –hipertoniya. Bu son dönəm böyrək xəstəliyinə gətirib çıxaran ən böyük səbəblərdən biridir. Şəkərli diabet ilə birlikdə onlar son dönəm böyrək xəstəliklərinə gətirb çıxarılmasının üçdə ikisinin səbəbidirlər. Yüksək təzyiq kiçik böyrək damarlarını zədələyir və böyrəyin süzmə qabiliyyətini pozur.
  3. Böyrəklərdə qanı süzən kiçik struktur vahidi qlomerul adlanır. Qlomerulların iltihabı ilə xarakterizə olunan xəstəliyə qlomerulonefrit deyirik
  4. İnterstisial nefrit. Qlomerullar deyil onları əhatə edən toxumaların, borucuqların iltihabı belə adlanır.
  5. Polikistik böyrək xəstəliyi. Bu böyrəklərdə çoxlu sayda kistaların əmələ gəlməsi ilə xarakterizə olunur. İrsi xəstəlikdir və sonda böyrək çatışmazlığına gətirib çıxarır.
  6. Sidik yollarının üzün müddətli obstruksiyası, bağlanması. Buna böyrək daşları, böyümüş prostat və bəzi hallarda şişlər səbəb ola bilər.
  7. Təkrar olunan böyrək infeksiyası. Xroniki pielonefrit bu vəziyyətin digər səbəbinə adıdır.
  8. İmmun sistem xəstəlikləri, məsələn Systemic Lupus Erythematosis da böyrək çatışmazlığına səbəb ola bilər.
  9. Bundan başqa az rast gəlinən digər səbəblər də var və 10% hallarda isə ümumiyyətlə son dönəm böyrək xəstəliyinə gətirib çıxaran səbəbi aşkar etmək olmur.

Bunlar da maraqlı ola bilər

 

Böyrək Transplantasiyası yoxsa Dializ ?

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək transplantasiyası yaxşıdır, yoxsa dializ seansları qəbul etmək?

Hətta baxmayaraq ki, böyrək transplantasiyasının ağırlaşmaları hemodializin ağırlaşmalarından daha çox olur, bütün tədqiqatlar göstərir ki, böyrək tranplantasiyası hemodializdən daha üstün müalicə metodudur. Böyrək transplantasiyası böyrək çatışmazlığı olan xəstələr üçün birinci seçim müalicə üsulu hesab edilir.

Böyrək transplantasiyasının hemodializdən üstünlüyü nədir?

3 qrupa bölmək olar bu fərqi.

Birincisi maliyə baxımından böyrək transplantasiyası daha faydalıdır. Hər dializ seansına ayrılan vəsait il ərzində toplanarsa yığılan vəsait böyrək transplantasiyası əməliyyatının qiymətindən daha çox olar. Hal hazırda Azərbaycanda hemodializ dövlət tərəfindən maliyələşdirildiyi üçün xəstələr bu çətinliyi hiss etmirlər. Amma dövlət böyrək transplantasiya əməliyyatını maliyələşdirsə həm də büdcəyə qənaət etmiş olar.

İkinci fərq həyat keyfiyyəti ilə bağlıdır. Böyrək transplantasiyası olmuş xəstələrin həyat keyfiyyəti hemodializ alan xəstəlrdən aydın şəkildə üstündür. Böyrək transplantasiyası olmuş xəstələr hər iki gündən bir saatlarla dializ aparatına bağlanıb qalmırlar. Bu onların ilk öncə vaxtına qənaət edir. Dializdə olan xəstələrin gözləməli olduqları diet məhdudiyyətinin böyrək transplantasiyası olunmuş xəstələrə heç bir aidiyyatı yoxdur. Onlar istədikləri cür qida qəbul edib, istədikləri qədər maye içə bilərlər. Transplantasiya olunmuş xəstələr özlərini daha enerjili hiss edirlər. Bu xəstələrin başqa ölkələrə və yerlərə səyahət etmək üçün heç bir məhdudiyyət yoxdur, çünki onlar bir gündən sonra qayıdıb öz dializ mərkəzlərində hemodializ kursu qəbul etməyə məcbur deyillər. Onların işləmək imkanları da daha çox olur. Transplantasiya olunmuş xəstə qadınların hamilə qalmaq və uşaq doğmaq şansları hemodializ alan  xəstələrdən daha çoxdur.

Üçüncü çox vacib olan üstünlük isə ömrün uzunluğudur. Hemodializ alan böyrək çatışmazlığı olan xəstələrin gözlənilən həyat müddəti ortalama 5 ildir. Transplant xəstələrdə isə bu rəqəm fərqlidir. Canlıdan alınmış böyrək transplantasiyasında gözlənilən ömür 15-20 il, kadavradan alınmış böyrəklər üçün isə 10-12 ildir. Transplantasiyanın hər seansında böyrəyin funksiyasının cəmi 10% -i əvəz olunursa, transplant böyrək üçün bu 60% dən çox olur.

Transplantasiya əməliyyatın və əməliyyatdan sonrakı dövrün ağırlaşmalar olma riskləri isə dializdən daha çoxdur. Əməliyyat zamanı ola bilən ağırlaşmalardan başqa əməliyyatdan sonra xəstələrin qəbul elədikləri immunosuppressor dərmanların təsirindən orqanizm infeksiyaya daha həssas olur və bu infeksiyalara yoluxduqda onlar daha kəskin keçirlər. İmmunitetin aşağı düşməsi onları həm də müxtəlif bədxassəli şiş xəstəlikləri üçün də hədəfə çevirir. Bu dərmanların əlavə təsirlərindən bir də şəkərli diabet hesab edilə bilər.

Lakin bütün ağırlaşmalara baxmayaraq transplantasiya yenə də dializdən daha effekli müalicə metodudur. Hətta transplantasiya olub yenidən dializə qayıtmağa məcbur olmuş xəstələrə ikinci dəfə böyrək köçürdükdə belə onların həyat keyfiyyəti  və gözlənilən həyat müddəti daha çox olur.

Sizə bunlar da maraqlı ola bilər.

Böyrək transplantasiyasının qısa tarixi

363 böyrək və qaraciyər donorlarının nəticələri  ppt

Canlı böyrək donorları üçün əməliyyata əks göstərişlər