Dr. Kamran Beydullayevlə müsahibə

AZƏRBAYCAN » CƏMİYYƏT

Kamran Beydullayev: İnsanlar daha rasional düşünməli və vaxtında peyvənd olunmalıdırlar

06 Noyabr 2019, 11:25 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews. Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bu gün transplantologiya – müasir elmin ən mühüm nailiyyətlərindən biridir, tibb sahəsində əldə edilən ən yüksək zirvədir.

Əgər bir vaxtlar orqan transplantasiyası elmi fantastika sahəsinə aid edilirdisə, bu gün belə əməliyyatların həyata keçirilməsi nəticəsində yüzlərlə insanın həyata qaytarılması reallığa çevrilib.

Transplantologiya perspektiv sahə olub, şübhəsiz ki, nə vaxtsa insanlar tərəfindən adi tibbi əməliyyat kimi qəbul olunacaq, hələlik isə bu sahədə təcrübəli və peşəkar həkimlər sayladır. Belə həkimlərdən biri Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloq Kamran Beydullayevdir.

Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin imtahanlarını keçərək ümumi cərrahiyyə diplomunu almışdır. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Dr.Kamran Beydullayev müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 12-yə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Dr.Kamran Beydullayevlə müsahibəni diqqətinizə çatdırırıq:

-Doktor, Siz artıq 23 ildir ki, cərrah işləyirsiniz, 10 ildir ki, orqan transplantasiyası əməliyyatlarıda həyata keçirirsiniz. Təcrübənizdə daha çox hansı əməliyyatlar olub? Ən çox hansı orqan transplantasiyası əməliyyatı icra etmisiniz?

-Bəli, mən son 10 ildə ümumi cərrahiyyə əməliyyatları ilə yanaşı, orqan transplantasiyası əməliyyatlarını da icra edirəm. Bunlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları daxildir. Ümumi cərrahiyyə əməliyyatlarına isə seçim qoymuruq, bütün cərrahi əməliyyatları – qida borusundan başlamış mədə, mədəaltı vəzi, bağırsaqlar, öd yolları, dalaq və s. – hamısını icra edirik. Ümumi cərrahiyyə əməliyyatlarında statistika aparmamışıq, amma yəqin ki, bu statistika digər böyük ümumi cərrahiyyə mərkəzlərinin statistikasından çox da fərqlənməz. Qaraciyər transplantasiyası ilə bağlı olaraq bu sahənin əməliyyatlarında daha dərin biliyə və vərdişlərə malik olduğumuz üçün hepatobiliar əməliyyatlarla bir az daha çox rastlaşırıq. Qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəlikləri ilə bağlı müraciətlər çox olur.

Mən fəaliyyətimin son 10 ilində 550-dən çox böyrək transplantasiyası, 180-dən çox qaraciyər transplantasiyası əməliyyatlarında iştirak etmişəm. Qeyd edim ki, Azərbaycan üçün bu rəqəm yetərincə böyük rəqəmdir və mən bu rəqəmi söyləməkdən qürur duyuram.

-Müalicəsi yalnız orqan transplantasiyası olan bəzi xəstəliklərə yoluxmamaq üçün peyvəndlər mövcuddur. Bu xəstəliklərə qarşı peyvənd olunmaqla, qarşısını almaq mümkündürmü?

-Burada söhbət yəqin ki, hepatit B virusundan gedir, çünki qaraciyər sirrozuna gətirib çıxaran xəstəliklərdən yalnız hepatit B-yə qarşı peyvənd mövcuddur. Hepatit C-yə qarşı peyvənd hal-hazırda təəssüf ki, mövcud deyil. Situasiya belədir ki, biz adətən son dönəm qaraciyər xəstəlikləri ilə qarşılaşırıq, onların yeganə yolu transplantasiya qalır ki, biz də onu icra edirik. Son dönəm qaraciyər xəstəliyinə – sirroza qədər qaraciyər uzun müddət xəstə vəziyyətdə olur. Onu xəstələndirən səbəblər çoxdur, bunların böyük bir hissəsini də virus hepatitləri təşkil edir. Virus hepatitlərinə hepatit A, hepatit B, hepatit C, hepatit D və hepatit E aiddir.

Hepatit A virusuna qarşı peyvənd var. Amma hepatit A virusunun özünün xroniki qaraciyər xəstəliyi yaratması çox nadir halda rast gəlinə bilir. Daha doğrusu, nadir hallarda hepatit A virusu qaraciyər sirrozuna gətirib çıxara bilər. Yalnız kəskin qaraciyər çatışmazlığı dövründə hepatit A-ya görə qaraciyər transplantasiyası edilməsi mümkündür.

Hepartit C üçün vaksin mövcud deyil. Hepatit B-nin isə qarşısını almaq mümkündür. Hazırda dövlət tərəfindən hepatit B-yə qarşı doğum evlərində bütün uşaqlara ilk peyvəndlər vurulur, müəyyən fasilələrlə – 2 aydan, 6 aydan sonra növbəti dozalar vurulur. Həqiqətən, bu peyvəndlər vurulan insanlar hepatit B virusundan tam immun oluna bilir.
Qeyd etmək istəyirəm ki, son vaxtlar sosial mediada peyvəndlərin əleyhinə olan fikirlərə tez-tez rast gəlirik. Bəzən ajiotajmı yaratmaq üçün, populizm xatirinəmi, yoxsa başqa bir səbəbdənmi, tanınmış adamlar və ya həkimlər çalışırlar ki, peyvəndləri pisləsinlər, müxtəlif əlavə təsirləri olduğu haqda miflər uydururlar. Mən burdan insanlara səslənirəm ki, daha rasional düşünsünlər və vaxtında peyvənd olunsunlar.

-Dediniz ki, uşaqların peyvənd olunması vacibdir. Bəs böyüklərdə necə olmalıdır? Onlar da peyvənd olunmalıdırlar?

– Yaşın fərqi yoxdur, əgər uşaq vaxtı kimsə peyvənd olunmayıbsa, onların immun vəziyyəti yoxlanılır, bu vaxta qədər bu xəstəliyə yoluxub-yoluxmamaları aşkarlanır, immun statusları müəyyən edilir. Yəni bəzən olur ki, peyvənd olunmadan hepatit B virusu ilə qarşılaşırlar, xəstələnib sağalırlar. Böyüklərdə 18 yaşdan sonra təqribən 40-50 %-i hepatit B virusuna yoluxduqdan sonra virusundan tam təmizlənirlər. Həmin xəstələrdə təbii immunitet olur, onlarda vaksinasiyaya ehtiyac yoxdur. Ona görə də analiz verib immun statusunu yoxlayırlar. Əgər hepatit B-yə qarşı immunitet yoxdursa, vaksin oluna bilərlər. Onlar da eyni qaydada vaksinasiya olunmalıdırlar. Vaksinasiya olunublarsa, amma immun statusları zəifdirsə, bonus doza vaksinasiya ala bilərlər. Uşaq vaxtı hepatitə yoluxanlarda 95% xəstəlik xroniki qalır.

-Vaxtında hepatitlərə qarşı peyvəndlər edilərsə, mütəmadi olaraq analizlər verdikdə qaraciyəri bu xəstəliklərdən sığortalamaq mümkündürmü?

-İnsanlar hepatit B virusundan tam profilaktika oluna bilərlər, belə ki, peyvəndlə yetərincə yüksək immunitet yarada bilərlər. Biz hamımız, həkimlər və tibb bacıları immunizasiya olmuşuq, biz hepatitli xəstələrlə işləyirik, onlarla kontaktda oluruq, olur ki, iynə batır, gözümüzə qan sıçrayır, amma biz yoluxmuruq, çünki yetərin qədər immunitetimiz yüksəkdir. Təəssüf ki, hepatit C-yə qarşı peyvənd yoxdur.

-Əksər hallarda insanlar hər hansı xəstəliyə yoluxduqdan sonra həkimlərin dedikləri analizləri verir və gözləmədiyi, heç bir ağrı onları narahat etmədən hepatit virusunun daşıyıcısı olduqları məlum olur. Hepatiti vaxtında aşkarlamaq üçün nə etmək lazımdır? Bu xəstəliyə tutularkən hansı əlamətlər özünü göstərir? Analiz vermədən hepatitə yoluxmağı necə bilmək olar?

-Hepatit olub-olmamağını bilməyin ən düzgün, etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir. Burada xroniki qaraciyər xəstəliyi törədən hepatit B və hepatit C-dən söhbət gedirsə, onların B-də 20%-i kəskin formada keçir, yəni saralma ilə müşahidə olunur, C-də isə saralma hallarına daha az rast gəlinir. Digər hallarda hepatitə yoluxma hiss olunmur, yuxarı tənəffüs yollarımın katarı kimi, qrip kimi qısa xəstəlik əlamətləri müşahidə olunur, bunlar qeyri-spesifik əlamətlərdir. Ona görə də yeganə yol analiz verməkdir. Bütün əməliyyat olunan, doğuşa gedən, stasionarda olan xəstələr məcburi yoxlanır, analiz verir, bilmədən bu virus daşıyıcısı olduğu məlum olur.

-İnsanların hepatit viruslarına daha çox hansı səbəblərdən yoluxma ehtimalı var?

-Mən qeyd etmək istəyirəm ki, aşkar etdiyimiz hepatit B və hepatit C virusları daşıyıcalırının çoxu yoluxmalarının hər hansı stomatoloji klinikalarda olduğunu söyləyirlər. Biz özümüz də bir neçə diş klinikasına müraciət edib söhbət edəndə məlum olub ki, həkimlərin böyük əksəriyyəti aseptika, antiseptika qaydalarını bilmir, bir qismi də bu qaydalara laqeyd yanaşır. Onların fikri, diqqəti virusa yoluxmaq təhlükəsizliyindən çox, dişin müalicəsində konsentrasiya olunur. Nəzərə almır ki, xəstəni virusa yoluxdurmaqla bu xəstəyə ömürlük bəla gətirə bilər. Biz tez-tez virusa yoluxmuş xəstənin somatik, psixoloji və maliyyə problemləri yaşadığını görürük, bu tək onun özü üçün yox, bütün ailəsi üçün böyük bir sarsıntıdır. Bəzi ailələr bu xəbərdən şoka düşmüş olur. Bu işin ciddiliyinin prioritet olmasına çalışmalıyıq. Diş klinikalarında həkimlər bəzən tibb bacılarının iştirakı olmadan proseduralar edirlər ki, bu zaman da ümumi setin alətlərinin bulaşması qaçılmaz olur. Diş həkimləri alətlərə, aksessuarlara sadəcə antiseptik məhlullar püskürtməklə kifayətlənirlər, halbuki, hər xəstə üçün bunlar dəyişilməlidir.

-Son vaxtlar tez-tez cavan insanlarda və xüsusən də, uşaqlarda qaraciyər sirrozu, hepatitlər, böyrək çatışmazlığı və s. aşkarlanır. Adətən eşitmişik ki, belə xəstəliklər pis vərdişlərdən əmələ gəlir. Maraqlıdır, erkən yaşlarda bu xəstəliklər necə yaranır? Bundan qorunmaq üçün hansı tədbirləri görməliyik?

-Uşaq vaxtı yaranan sirrozların çoxu irsi, genetik xəstəliklərlə bağlı ola bilər. Onların qarşısını almaq mümkün olmur, yalnız yaranan zaman müalicə etmək mümkün olur. Təbii ki, pis vərdişlərdən bu xəstəlik yarana bilər, məsələn, alkoqollu içkilərə aludəçilik qaraciyər sirrozuna gətirib çıxarır. Necə edək ki, xəstələnməyək? Sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena, hər bir insana lazım olan normal həyat tərzi. Qorunmaq üçün bundan artıq heç nə lazım deyil. Mütəmadi tibbi müayinədən keçmək, analizlər verib yoxlanmaq, vaxtında peyvənd olunmaq lazımdır. Bəzən xəstəliyin ilk əlamətləri əmələ gələndə insanlar gözləyirlər ki, bəlkə keçdi, bəlkə sağaldı, amma yaxşı olar ki, elə o müddətdə də həkimə müraciət etsinlər, xəstəlik vaxtında aşkar edilərsə daha effektli müalicə edilməklə müsbət nəticə əldə etmək olar.

-Orqan transplantasiyası zəruri olan xəstəliyə məruz qalmış insan üçün donor tapmaq nə qədər çətin prosesdir? İdeal donor necə olmalıdır? Donora qarşı tələblər hansılardır?

-Mən hazırda transplantasiya komandasında donorlarla daha çox məşğul oluram. Donor üçün ilk tələbimiz – qan qrupunun xəstənin qan qrupuna uyğun olmasıdır, qaraciyər transplantasiyası üçün yaşı 18-dən 55- qədər, böyrək transplantasiyası üçün isə 18 yaşdan başlayaraq yuxarı yaş həddi qoymamışıq, hətta 78 yaşında da donorumuz olub, dünyada 84 yaşında böyrək donoru var.

İkincisi, könüllü, təmənnasız qaraciyərinin bir parçasını verən insanlar, bu, ilk növbədə, qohumlardır, emosional və ya genetik bağlılığı olan insanlar ola bilər. Bunlar ilkin seçim üçün şərtlərdir. Donorlar gətiriləndən sonra biz onları kliniki, instrumental, laborator müayinə edirik. Belə ki, donor özü də sağlam olmalıdır, çünki o da böyük əməliyyata məruz qalır. Riskləri artıra biləcək xəstəliyi olmamalıdır, viruslu olmamalıdır. Sağlam olmalıdır ki, xəstəyə əlavə xəstəlik keçirməsin.

Üçüncü şərt əməliyyatın texniki icrasının mümkünlüyünü aydınlaşdırmaqdır. Başqa müayinələrdə (kompüter tomoqrafiyası və digər müayinələr) qaraciyərin həcminin yetərin qədər olması, xəstəyə bir parça verəndən sonra özünə qalan hissənin yetərli qədər olması, damarlarının bu əməliyyatı icra etməyə imkan verməsi və s., böyrək transplantasiyasında da eyni şəkildə.
Bəzən elə olur ki, bir xəstə üçün bir donor tapmaq kifayət edir və əməliyyat icra olunur. Elə hallar da olur ki, 10 namizəd donor kimi yoxlanılır, heç biri uyğun gəlmir…
Hazırda bütün dünyada donor qıtlığı var, bu səbəbdən də marjinal donorlar istifadə olunur. Dünyada KADAVRA proqramı var. Bizim ölkəmizdə bu istiqamətdə iş gedir. Əgər bu proqramı qurmaq mümkün olarsa, bunun hesabına müəyyən mənada donor qıtlığı məsələsi həll edilmiş olar.

-Həkim-transplantoloq kimi xəstələrinizə orqan köçürdükdən sonra keçirdiyiniz hisslər barədə nə deyə bilərsiniz? Bir insan həyatını xilas etmək, bir insanı yenidən yaşatmaq Sizin üçün nə deməkdir?

-Həqiqət budur ki, biz bunu adi, gündəlik bir iş kimi qəbul edirik. Bəlkə də karyeramın ilk illərində hər uğurlu əməliyyatdan sonra qürur kimi bir hiss yaşayırdım. Professional vərdişdənmi irəli gəlir, – deyə bilmərəm, hazırda elə bir xüsusi hiss keçirmirəm. Qəribə görünsə də, deyərdim ki, bəlkə də bu bir tərəfdən yaxşıdır, o mənada ki, emosiyalar sənin qərar verməyinə təsir etmir. Əslində kənardan görünən odur ki, orqan transplantasiyasına gəlmiş xəstələr çox üzülmüş vəziyyətdə olurlar, görünüşləri acınacaqlı olur. Təsəvvür edin, həyatının son günlərinii sayan bir insan əməliyyatdan sonra özünü yenidən həyata qayıtmış insan kimi hiss edir, görünüşləri tam dəyişir. Kənardan bu möcüzə kimi görünə bilər, amma mən bu prosesdə özümü qəhrəman saymıram.

-Maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Qida borusu xərcəngi əməliyyatı

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

Dr. Kamran Bbeydullayev
Op. Dr. Kamran Beydullayev

Qida borusu xərcəngi Azərbaycan ərazisində çox rast gəlinən şişlərdən hesab edilir. Ona görə də bu xəstəliyin müalicəsi aktual hesab edilir. Əməliyyat qida borusu şişlərində yeganə radikal müalicə hesab edilə bilər. Qida borusunun şiş ilə kəsilib çıxarılması və mədənin döş qəfəsinə qaldırılaraq qida borusu ilə anastomoz qoyulması əməliyyatın əsas prinsipidir.

Qida borusu əməliyyatının həm döş qəfəsində olan, həm də qarında olan kəsiklə icra edilməsini ilk dəfə  1946 cı ildə İngiltərə Kral Cərrahlar Kollecində İvor Levis tərəfindən təklif edilmişdir. O zamanlar bu əməliyyat iki mərhələdə aparılırdı. Birinci qarın boşluğu açılırdı, mədə mobilizasiya edilirdi. İkinci mərhələ isə 15 gün sonra aparılırdı və döş boşluğu açılaraq qida borusu çıxarılırdı və anastomoz qoyulurdu. Sonralar bu əməliyyat bir etapda aparılmağa başlandı və hal hazırda qida borusu şişinə görə icra edilən ən populyar əməliyyatdır.

Qida borusu əməliyyatı
Qida borusu əməliyyatı cərrahiyyənin çətin əməliyyatlarından hesab edilsə də komanda güclü olduqda bu söhbət mövzusu deyil

İvor Leus əməliyyatı adətən qida borusunun aşağı hissəsində və mədə qida borusu birləşməsində yaranan bədxassəli şişlər üçün daha uyğundur. Karina səviyyəsindən yuxarıda yerləşən şişlər üçün isə adətən Mc Keovn əməliyyatı təklif edilir.

Mədənin döş qəfəsinə qaldırılması zamanı mədəni qidalandıracaq sağ qastroepiploik arteriya

İvor Levis əməliyyatının üstünlüyü ondan ibarətdir ki, bu əməliyyat zamanı qida borusunu bütün əməliyyat sahəsi boyu sərbəst görə bilirsən, iki sahədə ( döş qəfəsi və qarın boşluğu) limfadisseksiya etmək mümkündür, anastomoz qaçağı daha az ehtimallıdır və qayıdan qırtlaq siniri zədələnməsi daha az rast gəlinir. Çatışmayan cəhəti döş qəfəsindəki yaranın kəskin ağrılı olması, ağciyər tərəfdən ağırlaşmaların yaranması ehtimalı, anastomoz qaçağı zamanı yüksək toksikliyin olmasıdır.

Qarın boşluğundakı əməliyyat zamanı piloroplastika

İvor Levis əməliyyatının ümumi prinsipləri eyni olsa də bəzi xüsusiyyətləri cərrahdan cərraha dəyişir. Məsələn mədənin 12 barmaq bağırsağa drenajını yüngülləşdirmək üçün aparılan əməliyyatlar piloroplastika, pilorusun miotomiyası, botulin toksininin vurulması ola bilər, və yaxud pilorusun drenajı üçün heç bir əməliyyat aparılmaya bilər. Eləcə də qidalandırıcı yeyunostomiyanın qoyulması bəzi cərrahlar üçün rutin icra edilir, digərləri isə yalnız ehtiyac olduqda icra edirlər. Anastomozun qoyulması da bəzi cərrahlar tərəfindən əl ilə, digərləri tərəfindən isə sirkulyar stapler ilə aparılır. Biz adətən ehtiyac olmadıqca yeyunostomiya qoymuruq və drenaj üçün piloroplastika icra edirik. Anastomoz isə sirkulyar stapler ilə qoyulur.

D2 limfodisseksiya
D2 səviyyədə limfa düyünlərinin disseksiyası

Əməliyyatdan sonra isə bu xəstələrdə diqqət yetiriləsi əsas məqamlar ağciyər ağırlaşmalarının qarşısını almaq, ağrıları kontrol etmək, xəstənin qidalanmasına nəzarət etməkdir.

Bunlar da maraqlı ola bilər.

Beyin ölümünün patofiziologiyası

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

beyin ölümü
Beyin ölümünün patofiziologiyası

Beyin ölümünün patofiziologiyası
Beyin ölümü dedikdə bütün funksiyalarının yox olması ilə müşahidə olunan mərkəzi sinir sisteminin tam ölümü nəzərdə tutulur. Bu zaman xəstənin huşu və nəfəs almaq qabiliyyəti itir. Beyin ölümü orqanizmdə pisləşməyə gedən bir prosesi başlayır ki, hətta ən yaxşı dəstəkləyici müalicə ilə belə bu prosesi saxlamaq olmur.
Müxtəlif tədqiqatlar zamanı beyin ölümü olan orqanizmdə aşağıdakı problemlər aşkarlanır: şəkərsiz diabet, qan təzyiqinin aşağı olması, bədən temperaturunun aşağı olması, hipokalemiya, şəkərin qanda yüksək olması, hipernatremiya, qanın laxtalanma sistemində olan pozğunluqlar və s. Bütün bu problemlər donor orqanları zədələyə bilər və qaydaya salınmadıqda orqanizmin bütün sistemlərinin tam çatışmazlığına səbəb ola bilər. Zamanla bu dəyişikliklər daha ciddi şəkil alır. Bu səbəbdən də beyin ölümü elan edildikdən sonra orqanların tezliklə çıxarılması məsləhətdir.
Hipotoniya – təzyiqin aşağı olması ən tez tez rast gəlinən və təhlükəli ağırlaşmalardan biridir. Buna səbəb periferik damarlarda tonusun aşağı düşməsi, kəskin hipovolemiya və ürəyin disfunksiyasıdır. Adətən vazopressin və maye köçürməklə aradan qaldırılır.
Şəkərsiz diabet yaranmasına səbəb hipotalamus – pitutary vəzi arasındakı əlaqənin pozulmasıdır. Bu zaman antidiuretik hormonun ifrazı itir və çoxlu sidik ifrazına səbəb olur. Yetərincə qaydasına qoyulmadıqda şəkərsiz diabet hipovolemiya, hipotoniyaya səbəb olur ki, bu da orqanların perfuziyasını pozur və kəskin elektrolit inbalansı yaradır.
Tiroksin çatışmazlığı. Bəzi tədqiqatlar donorun müalicə protokoluna tiroksin daxil etməklə transplantasiyaya yararlı orqanların sayının artmasını iddia edirlər.
Hiperqlisemiya tez tez rast gəlinir. Bu mədəaltı vəzinin insulin ifrazının azalması ilə deyil, periferik toxumaların insulinə rezistentliyinin artması ilə əlaqədardır.
Ağciyərlərin neyrogenik ödemi beyin ölümü olan xəstələrin müalicəsi zamanı baş verə biər.
Hipotermiya hipotalamusda termorequlyator sistemin itməsi səbəbindən baş verir. Bəzən müalicə məqsədi ilə də qəsdən hipotermiya yaradılsa da bədən temperaturu 34 C dən yuxarı olmalıdır.
Ölmüş beyin toxumasından toxuma plazminogen aktivləşdiricisi və toxuma fibrinolitik agentlərin qan dövranına daxil olması qanın laxtalanma sistemində pozulmalara gətirib çıxarır və müxtəlif diatezlərlə görsənir.

Bunlar da maraqlı ola bilər

Beyin ölümü nədir və necə təyin edilir?
Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
Böyrək Transplantasiyası məlumat sessiyası
Böyrək donorları (1-ci hissə)
Böyrək donorları (2-ci hissə)
Kimlərə böyrək köçürülməlidir? Son dönəm böyrək xəstəliyinin səbəbləri
Böyrək Transplantasiyası, yoxsa dializ

Beyin ölümü donorlarının müayinəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Həkim Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Tibbi koordinatorun əsas funksiyalarından biri donora lazım olan düzgün müayinələrin təyin edilməsidir. Burada əsas məqsəd donorun kliniki vəziyyətinin onun orqanlarının transplantasiya üçün yararsız hala gətirməməsindən əmin olmaq və donordan resipientə əlavə xəstəlik keçirməməsinə əmin olmaqdır.
Əvvəlcə orqan orqan deyil, ümumi müayinələr edilməlidir. Bundan ötrü
1. Ölümün səbəbi müəyyən edilməlidir. Ölümün səbəbi müəyyən edilən zaman aktiv və kontrol olunmayan infeksion və neoplanstik xəstəliklər inkar edilməlidir.
2. Xəstəliyin kliniki gedişi təkrar nəzərdən keçirilməlidir. Pasientin əvvəlki xəstəlikləri, pis vərdişləri, aldığı müalicələr gözdən keçirilir və orqanların funksiyasını poza bilən xəstəliklər aşkarlanır.
3. Pasientin perfuziya və oksigenasiya veziyyəti qiymətləndirilir. Xəstənin hemodinamik və tənəffüs statusuna baxılır və bu vəziyyətdən orqanın zədə almaması aydınlaşdırılır.
Mütləq əks göstərişlər
1. HİV pozitiv
2. Virus, bakteriya və ya göbələk mənşəli kontrol olunmayan sepsis
3. Aktiv bədxassəli şiş xəstəliyi. Bura yalnız mərkəzi sisir sisteminin şişləri, bazosellular karsinoma, və uşaqlığın ,,in situ,, karsinomaları aid edilmir. Bəzi ölkələr bəxsassəli şiş olan donorları kornea üçün əks göstəriş hesab etmir.
Nisbi əks göstərişlər
Bəzi pasientlər donorluq üçün ideal olurlar. Digər bir qismi isə bir az riskli donorlar olurlar. Buna aşağıdakılar səbəb ola bilər.
• Kliniki – yaş, əvvəlki xəstəlikləri
• Hemodinamiki – 4-8 saatdan çox müddətdə aşağı təzyiqlə olmaq, inotroplara resistant olmaq, kardiak arest epizodlarının olması
• Biokimyəvi – Qaraciyər enzimlərinin 2 dəfədən artıq yüksək olması, kreatinin 2mg% dən yüksək olması, hemoqlobinin 8 dən aşağı olması, oksigenin parsial təzyiqinin 65-70 mmHg dən aşağı olması və s.
• Farmakoloji – inotrop dərmanların qəbulu, yüksək dozada vazopressin və hepatotoksik dərmanların qəbulu
Morfoloji – qaraciyərin ultrasəs müayinədə yağlı olması, exokardioqrafiyada abnormallıq və s.

Bunlar da maraqlı ola bilər

  1. Kadavradan orqan çıxarılması və bu prosesin koordinasiyası
  2. Beyin ölümü nədir və necə təyin edilir?
  3. Böyrək donorları (1-ci hissə)
  4. Böyrək donorları (2-ci hissə)

Böyrəküstü vəz törəməsi nə qədər qorxuludur?

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Əl yardımlı laparoskopik donor nefrektomiyası
Dr.Kamran Beydullayev

Təbabətdə radioloji müayinələrin tətbiqi artdıqca orqanizmdə olan və səssiz qalan bəzi patoloji törəmələrin aşkara çıxması halları tez tez rast gəlinir. Bu törəmələrdən biri də böyrəküstü vəzidə rast gəlinən patoloji törəmələrdir. Bu şəkildə aşkar edildiklərinə görə bunlara insidentaloma da deyilir. Qarın boşluğunun KT müayinələri zamanı bu törəmələr 1.5% hallara qədər rast gəlinə bilər. Meyitlərin yarılması zamanı isə hətta 9% hallarda böyrəküstü vəzilərdə insidentalomalar qeyd edilir.

Heç bir əlamət vermədikdə belə bu törəmələr ətraflı araşdırılmalıdır. Bu araşdırmaların məqsədi vəzinin funksiyasının pozulmasının olub olmaması və vəzidə olan kütlənin bədxassəli olmasının istisna edilməsi üçündür.

Bu kütlə nə ola bilər?

  • Adenoma
  • Mielolipoma
  • Lipoma
  • Kista
  • Feoxromasitoma
  • Böyrəküstü vəz xərçəngi
  • Başqa orqan xərçənginin metastazı
  • Hiperplaziya
  • Vərəm

Dr. Kamran Beydullayev
Çıxardılmış sağ tərəfli böyrəküstü vəz kütləsi

50% dən çox hallarda bu törəmələr normal funksiyalı və yaxud hiperfunksiyalı xoşxassəli törəmələr olur. Mielolipomalar, kistalar, lipomalar adətən adi KT müayinə ilə rahat diaqnoz qoyulur. Feoxromositomalar isə dah çox özlərinin kliniki manifestasiyaları ilə bəlli olurlar. Ən çətin diaqnoz qoyulması isə adrenal xərcəng və metastatik xərcəng törəmələridir. Onlar kiçik ölçüdə olduqda adenomaları xatırladırlar.

Böyrəküstü vəzi törəməsinin diaqnozunun qoyulması üçün radioloji, biokimyəvi üsullarla bərabər bəzən incə iynə biopsiyası, sitoloji müayinə və az hallarda isə vəz venasının seçimli kanyulyasiyası və laborator müayinə üçün qan götürülməsi müayinələri aparılır.

Kistalar, mielolipomalar və vəz daxili qansızmaları kontrassiz KT müayinədə asanlıqla təyin etmək olur. Çox böyük olmadıqca və ağrı vermədikcə olnar əməliyyat olunmurlar. KT müayinədə xoşxassəli adenomaları da xərcəng törəməsindən fərqləndirən cəhəti onların kənarlarının hamar olması, ətraf toxumalardan rahat fərqlənməsi, homogen konsistensiyalı olması, kapsul daxilində olmasıdır. Xərcənf törəməsinin təsviri isə bunun əksi olur və ətraf limfa düyünlərinin böyüməsi ilə müşahidə edilir.

Dr. Kamran Beydullayev
Adrenal kütlə

Hal hazırda törəmənin sıxlığını göstərən Hounsfield vahidindən (HU) istifadə edilir. Adenomalar adətən 10 HU dan kiçik olurlar. Karsinomalar isə 18 HU dan daha sıx olurlar, baxmayaraq ki, bu göstərici olanların 15% xoşxassəli ola bilər.

Bunlar da sizə maraqlı ola bilər.

Böyrəküstü vəzi xəstəlikləri haqqında qısa

Düz bağırsaq xərcəngi. Mezorektal eksiziya niyə lazımdır?

Mədə xərcəngi zamanın müalicə strategiyası

Klatskin şişi

Yatrogenik öd yolları zədələnmələri və müalicəsi 

Xolangiokarsinoma nədir?

Böyrəküstü vəzi xəstəlikləri haqqında qısa

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Böyrəküstü vəzilər hər iki böyrəyin üstündə yerləşmiş bir vəz orqanıdır. Onlar üçbucaq formadadırlar, histoloji iki hissə ayırd edilir.

  • İçəri medulyar hissə – burada epinefrin istehsal olunur (adrenalin)
  • Xarici kortikal hissə – burada da steroid hormonlar (aldesteron və kortizol) sintez edilir.

adrenal gland
Böyrəküstü vəz

Sağlam həyatı saxlamaq üçün böyrəküstü vəzi orqanizmdə müxtəlif funksiyaları kontrol edən çoxlu kritik hormonlar ixrac  edir. Bunlara su duz mübadiləsini tənzimləyən, stress situasiyalarda bədənin reaksiyasını müəyyən edən, qan təzyiqinə təsir edən hormonları göstərə bilərik.

Əgər böyrəküstü vəzi normal işləməsə bu zaman ixrac etdikləri hormonların miqdarı az və ya çox ola bilər. Böyrəküstü vəzinin normal işləməməsinə səbəb həm onun özündə yaranan problemlərlə əlaqəli ola bilər, həm də vəzdən kənarda olan bəzi orqanların təsirindən ola bilər. Bu orqanlar böyrəküstü vəzinin işini kontrol edən beyindəki hipotalamus və pitutiary vəz ola bilər.

Böyrəküstü vəzidə problem aşkar edildikdə komputer tomoqrafiya (KT) və maqnit rezonans (MR) müayinədən estifadə edilir. Bundan başqa laborator müayinələr diaqnoz qoymağa kömək edir.

Böyrəküstü vəzinin müayinəsi və xəstəliklərin diaqnozu mürəkkəb bir prosesdir və ilkin olaraq vəzidə olan törəmənin hiperfunsional  və ya sakit, bədxassəli və ya xoşxassəli olmasını aşkarlamaqdır.

KT müayinəsi
Böyrəküstü vəz törəməsi -KT müayinəsi

Vəzidə yaranan ən major 4 xəstəlik bunlardır.

  1. Böyrək üstü vəzi xərcəngi
  2. Konn sindromu (hiperaldesteronizm) – bu xəstəlik zamanı vəz toxuması normadan artıq aldosteron ixrac edir. Bu həm də birincili hiperaldosteronizm adlanır.
  3. Kuşing sindromu – Kortizol adlanan hormonun böyrəküstü vəz tərəfindən normadan artıq ifraz olunmasından yaranır. Bu problem böyrəküstü vəzidən daha çox pituitari vəzin şişlərində yaranır. Lakin xərcəng olmayan böyrəküstü vəzi törəmələri də Kuşing sindromu yarada bilər.
  4. Feoxromositoma – Bu xəstəlik adrenalin sintez edən böyrəküstü vəzin medulyar hissəsinin şişlərində yaranır.

Bunlar da maraqlı ola bilər

Düz bağırsaq xərcəngi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Düz bağırsaq şişlərinin digər yoğun bağırsaq şişləri ilə çoxlu ümumi ortaq nöqtələri olduğundan onları adətən bir yerdə kolorektal şişlər adlandırırlar. Düz bağırsaq yoğun bağırsağın təqribən 15 sm uzunluqda olan son hissəsidir. Yoğun bağırsağın digər hissələrinin şişləri ilə xarakter etibari ilə böyük bir fərq olmasa da müalicə taktikasında və proqnozlarda əhəmiyyətli fərqlər var. Düz bağırsaq çanaqda dar bir sahədə yerləşdiyindən onun əməliyyatı daha çətin və mürəkkəbdir. Əvvəllər radikal əməliyyatlara cəhd olunmasına baxmayaraq uzun dönəm üçün nəticələr çox pis idi. Son 30 ildə müalicə prinsiplərinin və texnikasının dəyişməsi ilə əlaqədar düz bağırsaq şişlərinin proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Düş bağırsaq xərcəngi
Düz bağırsaq şişi

Düz bağırsaq şişlərinin əlamətləri hansılardır? Əvvəlcədən demək istəyirəm ki, düz bağırsağın şişinin əlamətləri kimi təsvir olunanlar təkcə şiş xəstəliyinə xarakter deyil,  digər başqa xəstəliklərdə də ola bilər. Ona görə də bu ələmətlərə rast gəldikdə şiş xəstəliyi var kimi panik olmağa səbəb yoxdur.

  1. Nəcisdə qanın və seliyin olması
  2. Bağırsaq vərdişlərinin dəyişməsi. Məsələn həmişə ishala meyilli adamda qəbizliklərin başlaması, və ya tərsinə.
  3. Qarında ağrılar və ağrılı defekasiya
  4. Bağırsağın tam boşalmaması hissiyatı. Xəstə böyük bayıra çıxdıqdan sonra onda elə bir hissiyat olur ki, onun bağırsaqları tam boşalmadı
  5. Səbəbi izah olunmayan dəmir defisitli anemiya
  6. Səbəbi izah edilməyən çəki itkisi və ümumi zəiflik

Xərcəng xəstəliyi genlərin xəstəliyidir. Hüceyrənin nə zaman bölünəcəyi, nə zaman məhv olacağı haqqında informasiya ginlərdə yazılıb və bu prosesi onlar tənzimləyir. Bu genlər mutasiyaya məruz qaldıqda, yəni dəyişikliyə uğradıqda bu hüceyrələr lazım olmadığı halda bölünməyə davam edərək çoxalırlar və şiş toxumasını əmələ gətirirlər. Hüceyrələrdə mutasiya törədə bilən amillər çoxdurlar. İstənilən fiziki, kimyəvi, bioloji amillər gendə dəyişikliklər yarada bilər.

Kimlərdə düz bağırsaqda xərcəng yaranması riski daha çoxdur?

  1. Yaşlı xəstələr. Daha çox 50 yaşdan sonra əmələ gəlir.
  2. İltihabi bağırsaq xəstəlikləri ( Kron xəstəliyi, qeyri spesifik xoralı kolit)
  3. Kolorektal şiş riskini artıraq genetik vəziyyətlər. Məsələn ailəvi adenomatoz polipoz xəstəliyi.
  4. Əgər ailədə kolorektal şiş tarixçəsi varsa
  5. Əgər əvvəllər bağırsaqda polip və şiş olubsa bu da risk faktor sayılır.
  6. Alkoqol və siqaret çəkən adamlarda daha çox rast gəlinir
  7. Az bitki mənşəli və daha çox qırmızı ət yeyən adamlarda risk daha yüksəkdir.
  8. Şəkərli diabet və piylənmə xəstəliyi riskləri artırır.

Düz bağırsaq xərcəngi
Kolonskopla müayinə

Kolorektal şişləri vaxtında aşkar etmək onlardan xilas olmaq şansını çox çox yüksəldir. Bu səbəbdən də 50 yaşdan yuxarı şəxslərə skrininq məqsədi ilə vaxtaşırı kolonskop müayinəsindən keçmək məsləhət görülür.

Kmaran Beydullayev
Dr. Kamran Beydullayev

Bunlar da maraqlı ola bilər.