Hepatit B haqqında ən çox soruşulan suallar

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hepatit nədir?
Qaraciyərin iltihabına hepatit deyilir. Hər hansı səbəbdən qaraciyər iltihablaşanda onun funksiyaları pozulur. Qaraciyərin iltihabına səbəb ola bilən xəstəliklər alkoqolizm, zəhərlənmə, dərmanların əlavə təsiri və s. ola bilər. Ən çox yayılmış səbəb isə viruslardır. Ən çox yayılmış hepatit virusları hepatit A, B və C viruslarıdır.
Hepatit A, hepatit B və hepatit C xəstəlikləri arasında nə fərq var?
Bunların hər biri müxtəlif viruslar tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir. Onlar eyni əlamətlərlə üzə çıxsa da müxtəlif yollarla yayılar və qaraciyəri müxtəlif cür zədələyir. Hepatit A qısa müddətli infeksiyadır və xəstələrdə uzun müddət qalmır. Hepatit B və C də qısa müddətli infeksiya kimi başlayır, amma əksər xəstələrdə xroniki vəziyyətə keçir. Hepatit A və hepatit B üçün vaksinlər mövcuddur. Lakin hepatit C nin qarşısını almaq üçün vaksin yoxdur.
Hepatit B nədir?
Hepatit B xəstəliyi hepatit B virusu tərəfindən törədilmiş qaraciyərin infeksion xəstəliyidir.
Kəskin hepatit B. Hepatit B virusu ilə qarşılaşmış orqanizmdə adətən 6 müddətində davam edən qısa müddətli xəstəlikdir. Xəstəlik yüngül formadan ağır formaya qədər müxtəlif kəskinliklə keçə bilər. Bəzi insanlar bu virusu müalicəsiz özündən kənarlaşdıra bilir. Virusu özündən kənarlaşdıra bilən adamlar bu xəstəliyə qarşı immunitet əldə edir və bir də bu virusa yoluxmur. Bəzi hallarda isə kəskin infeksiya xroniki infeksiyaya keçir.
Xroniki hepatit B xəstəliyi isə həyat boyu davam edən, zaman keçdikcə qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi ciddi sağlamlıq problemi yarada bilən xəstəlikdir.
Kəskin hepatitin xroniki hepatitə keçməsi ehtimalı nə qədərdir?
Bu rəqəm xəstənin yaşından asılıdır. 1 yaşına qədər yoluxan uşaqların 90% də xroniki infeksiya əmələ gələcəkdir. 1-5 yaş arasında yoluxanların 25-50% də xəstəliyin xronikiləşməsi ehtimal edilir. Yetkin insanlarda isə əksəriyyət, hətta bəzi məlumatlara görə 95% virusu orqanizmdən təmizləyə bilir.
Hepatit B xəstəliyi ilə yoluxanların sayı ildən ilə necə dəyişir?
Hepatit B vaksinlərinin proqramlı şəkildə vurulması ilə əlaqədar olaraq hepatit B xəstəliyi ildən ilə azalmaqdadır.
Azərbaycanda xroniki hepatit B xəstələrinin sayı nə qədərdir?
Konkret bir statistika yoxdur. Lakin xəstəliyin yayılmasına görə ölkələr əhalinin 2% in altında, 2-7%, və 7% -dən yuxarı olan ölkələrə bölünür. Azərbaycanda əhalinin 2-7%-nin bu xəstəliklə yoluxması hesab edilir.
Dünya üzrə bu rəqəm neçədir?
Hesab edilir ki, dünyada 260 milyon adam xronik hepatit B xəstəliyi ilə xəstədir.
Hepatit B necə yayılır?
Hepatit B virusu ilə infektə olan qan, sperma və digər mədən mayeləri əvvəllər bu infeksiyaya yoluxmamış insanın bədəninə daxil olduqda yoluxma baş verə bilər.
• Doğuş zamanı infeksiyalı anadan uşağa keçə bilər
• İnfeksiyalaşmış partnyorla cinsi əlaqə zamanı
• İynə, şpris və digər alətlərin ortaq istifadəsi zamanı
• Diş şotkası, ülgüc və tibbi avadanlığın ortaq istifadəsi zamanı
• İnfeksiyalı xəstənin qanı ilə və ya açıq yarası ilə birbaşa kontakt zamanı
• Tibb işçiləri infeksiyalı xəstənin qanına bulaşmış iynə ilə və ya digər iti alətlərlə zədə aldıqda
Hepatit B yeməklə, su ilə, süd vermə ilə, qucaqlaşmaqla, öpüşməklə, əl sıxmaqla, asqırmaq və öskürməklə keçmir. Hepatit B ilə xəstə olan xeyli insan xəstəliklərindən xəbərdar deyil və xəstəlik yaya bilirlər.
Hepatit B virusu cinsi əlaqə ilə yayıla bilərmi?
Bəli. Xəstə insanın bütün bədən mayeləri, o cümlədən sperma viruslu olur və yoluxmaya səbəb ola bilər.
Kimin daha çox hepatit B xəstəliyinə yoluxmaq ehtimalı var?
• İnfeksiyalı anadan doğuş zamanı uşaq
• Narkotik istifadəçiləri iynə və şprisləri bölüşən zaman
• Hepatit B li xəstənin seks partnyoru
• Hepatit B ilə bir evdə yaşayan insanlar
• Tibb işçiləri
• Hemodializ xəstələri
Əgər kimsə hepatit virusu ilə kontakta olubsa və hepatitə yoluxmaq ehtimalı olduğunu düşünürsə nə etməlidir?
Bu vəziyyət adətən xəstə qanına bulaşmış iynələrlə zədə alan tibb işçilərinin başına gəlir. Risk altında olan analiz verməlidir və hepatit B yə qarşı immun vəziyyəti qiymətləndirilməlidir. Əvvəllər hepatit B keçirmiş və ya vaksinasiya olunmuş insanlarda analizdən sonra heç nəyə ehtiyacı olmaya bilər. Amma qanda immuniteti olmayan risk altında olanlara hepatit B immunoqlobulin inyeksiyası olunmalıdır.
Hepatit B virusu orqanizmdən kənarda nə qədər müddətə yaşayır?
Orqanizmdən kənarda virus 7 gün yaşaya bilər. Bu müddətdə hələ onun infeksiyalaşdırmaq imkanı var.
Əgər mən əvvəllər hepatit B ilə xəstələnmişəmsə mənim yenə də bu xəstəliyə yoluxmaq şansım varmı?
Əgər siz əvvəllər yoluxmusunuzsa və orqanizminiz bu virusu bədəndən təmizləyibsə sizin yenidən yoluxmaq şansınız yoxdur.
Hepatit B xəstəliyi olan qan və ya orqan donoru ola bilərmi?
Xeyr
Hepatit B-nin qarşısı alına bilərmi?
Bəli. Peyvənd olunmaqla hepatit B-nin qarşısını almaq olar. Peyvənd təhlükəsizdir, effektlidir.
Hepatit B vaksini necə təsir göstərir?
Hepatit B vaksini orqanizmin immun sistemini stimulyasiya edir, orqanizmdə virusa qarşı anticisimlər əmələ gəlir və hepatit B virusları ilə kontaktda olduqda bu anticisimlər virusu zərərsizləşdirir.
Kimlərə vaksin olunur?
• Bütün uşaqlar
• 19 yaşına çatmamış və əvvəllər vaksinasiya olunmamış hər kəs
• Seks partnyoru hepatit B xəstəsi olanlar
• Infeksiyalı qanla təmasda olan insanlar
• Hepatit C virusu olan və digər qaraciyər xəstəliyi olanlar
• HİV virusu daşıyıcıları
• Hepatit B xəstəliyindən qorunmaq istəyən hər bir kəs
Hepatit B vaksini təhlükəsizdirmi?
Bəli. Hepatit B vaksinindən sonra ciddi problem yaranması üçün çox az risk var.
Hepatit B immunoqlobulini nədir?
Hepatit B immunoqlobulini hepatit B virusuna qarşı hazır anticisimlərdir. Onlar qısa zaman ərzində xəstədə immunitet yaratmaq üçündür. Adətən müəyyən dövr üçün və tez immunitet yaratmaq üçün vurulur. Hepatit B xəstəsi olan anadan doğuş zamanı uşağa, hepatit B li seks partnyoru olanlara, hepatit B xəstəsinin qanı ilə kontaktda olmuş tibb işçiləri və s.
Hepatit B xəstəliyinin əlamətləri hansılardır?
Yoluxanların yalnız 30-50% də əlamətlər olur. Kiçik uşaqların əksəriyyətində əlamətlər olmur. Hepatit B xəstəliyinin kəskin dövründə əlamətlər qrip virusuna yoluxan zaman olan ümumi əlamətlərdir. Bunlardan başqa qaraciyərin zədələnməsini göstərən sarılıq, sidiyin tündləşməsi kimi digər əlamətlər də yarana bilər. Əlamətlər virus ilə kontaktda olandan 3 ay sonra yaranır və bəzən 6 aya qədər davam edə bilər. Xronik hepatit B xəstəliyinin çox vaxt heç bir əlaməti olmur. Xroniki xəstəlik arada kəskinləşdikdə kəskin infeksion xəstəlik əlamətləri ilə, uzun xəstəlikdən sonra isə qaraciyərin irəliləmiş xəstəliyi əlamətləri ilə təzahür edə bilir. Xəstəlik 10 illərlə əlamətsiz qala bilər.
Hepatit B virusu həyati təhlükə yaradırmı?
Bəli. Düzgün müalicə etmədikdə, xəstəliyi kontrol etmədikdə kəskin qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə və qaraciyər sirrozuna gətirib çıxara bilər. Lakin bu vəziyyətə 18 yaşdan sonra yoluxanların yalnız 15 %-i, 18 yaşdan əvvəl yoluxanların isə 25 % i gəlib çıxır.
Hepatit B xəstəliyi müalicə olunurmu?
Kəskin dövrdə hepatit B xəstəliyin müalicəsi sadəcə dəstəkverici tədbirlərdən ibarətdir.
Xroniki hepatit B xəstəliyi zamanı isə virusa qarşı müxtəlif dərmanlardan istifadə edilir. Bilmək lazımdır ki, bütün Hepatit B xəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə və hansı müalicəyə ehtiyac olmasını həkim təyin edir. Müalicə başlanılan xəstə adətən ömrü boyu bu dərmanı qəbul edir.
Xəstələr özləri qaraciyərlərini necə qorumalıdırlar?
Alkoqoldan uzaq durmaları lazımdır. Müxtəlif dərman maddələri, qida əlavələri və s. qəbulu zamanı müalicə həkiminizlə məsləhətləşməlisiniz. Mütəmadi müayinələr olunmalısınız.

Bunlar da maraqlı ola bilər.