Sirroz nədir?

Dr. Rəna Əliyeva, Hepatoloq( Mərkəzi Neftçilər Xəstəxanası Orqan Transplantasiya şöbəsi)

Dr. Rəna Əliyeva
Dr. Rəna Əliyeva

Sirroz nədir?

Qaraciyər bir çox zədələnməyə qarşı çox stereotipik nekroz (hüceyrələrin ölməsi) və regenerasiya ilə cavab verir. Ancaq çox zaman meydana gələn memarlıq işləri anormal olur və bağ toxumasının artması səbəbilə qaraciyər nodullara (düyünlərə) ayrılmış olur. Sirroz-(yunan dilində narıncı rəngli anlamına gəlir və xəstə qaraciyərin görüntüsünü tərif edir) qaraciyər toxumasının bu düyünlü görüntüsünə və diffuz fibrozisinə verilən patoloji termindir və təəəssüf ki, bir çox qaraciyər xəstəliyinin son ortaq nöqtəsidir. Düyünlər 3mm-dən kiçik olarsa, mikronodulyar sirroz, 3mm-dən böyük isə makronodulyar sirroz deyilir. Amerika Birləşmiş Ştatlarında sirroz ən çox Hepatit C və alkoqola bağlı meydana çıxır və ölüm səbəbləri arasında 12-ci yerdədir, ildə isə təqribən 25.000 insanın ölümünə səbəbdir. Qaraciyər toxumasında baş verən patoloji degenerasiya  hepatosellülyar yetməzlik(qaraciyər hüceyrəsi yetməzliyi) və portal hipertenziyaya gətirib çıxarır. Qaraciyər toxumasının yetərsizliyi sarılıq, koaqulopatiya(qanın laxtalanma sisteminin pozulması) və ensefalopatiya ilə nəticələnir. Sirroza bağlı portal hipertenziya gastroezofaqeal varislərə, assitə və hipersplenizmə yol açır. Sirroz, qaraciyər yetməzliyi və portal hipertenziyanın klinik olaraq görünən nəticələri bunlardır:

-Palmar eritem ( qırmızı ovuc)

-Arterial hörümçək –Spider naevi (damarların dəridə tor şəkillənməsi)

-Flapping tremor ( çırparaq titrəmə)

-Fetor hepatikus (pis iy gəlməsi)

-Ginekomastiya (kişilərdə  süd vəzilərinin patoloji böyüməsi)

-Testikulyar atrofiya ( testislərin kiçilməsi)

-Sarılıq

-Maye toplanması

-Assit

-Splenomeqaliya (dalağın böyüməsi)

-Ensefalopatiya ( huşun pozulması)

-Qastroezofaqeal varislər (mədə-qida borusu damarlarının genişlənməsi)

Sirroz  hepatosellülyar yetməzliyin varlığı və ya yoxluğuna görə kompensasiya olmuş və kompensasiya olmamış(dekompensə) olaraq klassifikasiya olunur. Kompensə xəstələr özlərini yaxşı hiss edə bilirlər, laboratoriya analizlərinin nəticələri normal ola bilir. Bu xəstələrin  bəzilərində sirrozlu qaraciyər tamamən təsadüfən bir UZİ, kompüter-tomoqrafiya müayinəsində və ya başqa bir səbəblə laporatomiya edildiyi zaman aşkarlana bilir.

Dekompensasiya isə sarılıq və assitlə ortaya çıxır. Dekompensasiyaya səbəb olan faktorlar bunlardır:

-Özbaşına bitkisəl və ya dərman müalicəsi

-İnfeksiyalar

-Qastrointestinal qanama

-Qaraciyər xəstəliyinin irəliləməsi.

Assit qaraciyər xəstəliyinin ən çox rast gəlinən ağırlaşmasıdır və həyata neqativ təsir edərək, nəinki varlığı qarında rahatsızlığa səbəb olur, həmçinin ciddi şəkildə ağciyər problemlərinə, təkrarlayan infeksiyalara, böyrək yetməzliyinə, yırtıqların əmələ gəlməsinə yol açır. Ümumən, uzun sürədə sağqalmanın pessimist xəbərvericilərindən biridir.

Bunlar da maraqlı ola bilər

 

 

 

Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Kəskin qaraciyər çatmazlığı əvvəllər qaraciyər xəstəliyi olmayan şəxsdə qısa bir müddət ərzində (bir neçə gün və həftə) qaraciyər funksiyalarının itməsinə deyilir. Kəskin qaraciyər çatmazlığı xroniki qaraciyər çatışmazlığına nisbətən daha az rast gəlinir. Kəskin qaraciyər çatışmazlığı həm də fulminant qaraciyər çatışmazlığı adlandırılır. Bu vəziyyətin çox ciddi ağırlaşmaları var ki, bunlara da qanaxma və kəllədaxili təzyiqin artması aiddir. Bu xəstələrin hospitalizasiya olunması labüddür. Əksər hallarda müalicə ilə xəstəni vəziyyətdən çıxartmaq mümkün olsa da, bəzi hallarda qaraciyər transplantasiyası yeganə müalicə üsulu olur.

Kəskin qaraciyər çatışmazlığının əlamətləri bunlardır:

  1. Dəri və selikli qişaların saralması
  2. Qarının yuxarı sağ tərəfində ağrıların olması
  3. Qarında şişkinliyin əmələ gəlməsi
  4. Ürəkbulanma və qusma
  5. Ümumi zəiflik
  6. Huşun qarışması
  7. Yuxuculluq

Kəskin qaraciyər çatışmazlığı həyati təhlükəli vəziyyətdir, əgər xəstədə sarılıq, huşun qaralması, davranışın dəyişməsi ilə bərabər qarının yuxarı nahiyəsində ağrılar əmələ gəlirsə dərhal həkimə müraciət etmək lazımdır.

Səbəbləri:

Kəskin qaraciyər çatışmazlığında qaraciyər hüceyrələri əhəmiyyətli dərəcədə zədə görürlər və lazım olan funksiyanın yerinə yetirə bilmirlər.

  1. Asetaminofen zəhərlənməsi – Yol verilən dozadan artıq asetaminofen (tylenol, paracetamol) qəbul etməklə yaranan kəskin qaraciyər çatışmazlığı ən çox rast gəlinən səbəblərdəndir. Xəstələr tək bir dəfə həddən artıq yüksək doza qəbul etməklə və ya bir neçə gün məsləhət görülən dozadan artıq qabul etməklə bu vəziyyətə düşə bilərlər. Kimsə yol verilən dozadan artıq asetaminofen qəbul edərsə vaxt itirmədən, kəskin qaraciyər çatışmazlığı əlamətlərinin yaranmasını gözləmədən həkimə müraciət etmək lazımdır. Çünki, əlamətl 48 saatdan sonra əmələ gələcək ki, bu da gec ola bilər.
  2. Bəzi təyin olunmuş dərmanlar: antibiotiklər, qıcolmaya qarşı olan dərmanlar, qeyri steroid iltihab əleyhinə olan dərmanlar kəskin qaraciyər çatışmazlığı törədə bilər.
  3. Bitki əlavələri – qaraciyər çatışmazlığı verən herbal dərmanlar, və əlavələrlə zəhərlənmə halları
  4. Hepatit virusları – Hepatit A, hepatit B və hepatit E kəskin qaraciyər çatışmazlığı verə bilər. Bunlardan başqa bəzi hallarda Epşteyn Barr, sitomeqalovirus və herpes virusu da kəskin qaraciyər çatışmazlığı verə bilər.
  5. Toksinlər – müxtəlif zəhərli göbələklərin toksinləri, soyuducularda olan karbon tetraxlorid və s. maddələr səbəb ola bilər.
  6. Autoimmun xəstəlik – Kəskin qaraciyər çatışmazlığı autoimmun xəstəlikdən də yarana bilər.
  7. Qaraciyər venalarında olan xəstəliklər- Baddi Kiari sindrom
  8. Metabolik xəstəliklər – Çox az rast gəlinən metabolik xəstəliklərdən Vilson xəstəliyi kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Hamiləlik zamanı yaranan kəskin yağlı qaraciyər də buna aiddir.
  9. Xərcəng xəstəliyi- qaraciyərə yayılmış xəcəng xəstəliyi də qaraciyər çatışmazlığına səbəb ola bilər.
  10. Şok – septik vəziyyət və şok qaraciyərin qan dövranını pozaraq qaraciyər çatışmazlığı verə bilər.
  11. Çox sayda kəskin qaraciyər çatışmazlığının aydın olmayan səbəbi də olur.

Kəskin qaraciyər çatışmazlığı niyə görə təhlükəlidir?

  1. Beyin toxumalarına həddən artıq maye toplanmasına səbəb ola bilər. Buna beyin ödemi deyirik. Beyin ödemi kəllədaxili təzyiqi yüksəldə bilər
  2. Qan laxtalanma sisteminin pozulmasına və qanaxmaya səbəb ola bilər. Kəskin qaraciyər çatışmazlığı zamanı qaraciyər qan laxtalanma faktorlarını sintez edə bilmir və qanın laxtalanması pozulur. Bu da çox zaman həzm traktında qanaxmalara səbəb olur, hansıları ki, kontrol etmək bəzən çox çətin olur.
  3. İnfeksiya inkişaf edə bilər. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrin ağciyərlərində, sidik yolları və qanda infeksiya yarana bilər.
  4. Böyrək çatışmazlığı

Necə diaqnoz qoymaq olar?

Qaraciyər sınaqları, protrombin zamanı, İNR, Albumin kimi qanın biokimyəvi analizləri olunmalıdır. Adətən qaraciyər enzimləri katastrofik yüksəlmiş olur, İNR və bilirubin yüksəlməkdə davam edir, Albuminin isə miqdarı azalır.

Ultrasəs müayinə, komputer tomoqrafiya və maqnit rezonans müayinələri oluna bilər. Bunlar adətən Baddi Çiari və şiş kimi xüsusi səbəbləri müəyyən etməyə kömək edir.

Qaraciyər biopsiyası. Bu kəskin qaraciyər çatışmazlığının səbəbini müəyyən etməyə də kömək edə biər.

Müalicə

Kəskin qaraciyər çatışmazlığı stasionarda, intensiv terapiya və ya reanimasiya şöbələrində aparılmalıdır. Yaxşı olar ki, müalicə ümumilikdə transplantasiya servisi olan xəstəxanada aparılsın. Adətən aparılan müalicənin məqsədi kəskin qaraciyər çatışmazlığının ağırlaşmalarının qarşısını almağa yönəldilir ki, qaraciyər sağalmağa vaxt qazansın.

Zəhərlənmənin antidotları istifadə edilə bilər. Məsələn asetaminofen zəhərlənmələrində asetilsistein istifadə edilir.  Asetilsistein digər səbəblərlə yaranmış kəskin qaraciyər çatışmazlığında da kömək edir. Göbələk zəhərlənmələrində də zəhər əleyhinə dərmanlardan istifadə edilir.

Kəskin qaraciyər çatışmazlığı dərmanlar vasitəsi ilə müalicə edilə bilmədikdə qaraciyər transplantasiyası yeganə yol olur. Bu xəstələrin transplant komandasına vaxtında tanıdılması transplantasiya əməliyyatı üçün donor hazırlığına vaxt itirməməyə səbəb olar.

Ümumilikdə isə müalicə beyin ödeminin yaranmaması üçün, infeksiyanın qarşısını almaq üçün, kəskin qanaxmaların olmaması üçün aparılan profilaktik dəstəkverici tədbirlərdən ibarətdir.

 

Sizə bunlar da maraqlı ola bilər.

Qaraciyər zədələnmələrində dərəcələnmə sistemi     http://virtualklinika365.com/?p=227

Öd yollarının zədələnmələri, öd qaçaqları zamanı müalicə taktikası   http://virtualklinika365.com/?p=246

Xolangiokarsinoma nədir?   http://virtualklinika365.com/?p=208

Öd yollarının xoşxassəli strikturası və müalicəsi     http://virtualklinika365.com/?p=304

Yatrogenik öd yolları zədələnmələri və müalicəsi    http://virtualklinika365.com/?p=258