Yoğun bağırsaq şişlərinin əlamətləri

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Yoğun bağırsaq şişinin əlamətləri ilə tanış olmadan öncə bilmək lazımdır ki, bu əlamətlər təkcə yoğun bağırsaq xərcənginə xarakterik deyil. Çoxlu xəstəliklər vardır ki, onlar da bu əlamətlərlə üzə çıxır. Bunlara qıcıqlanan bağırsaq sindromu, iltihabi bağırsaq xəstəlikləri, babasil, bağırsaq infeksiyaları və sairə aiddir. Əksər hallarda bu əlamətlər olan adamda xərcəng xəstəliyi deyil, digər xəstəliklər olur. Bu əlamətlərin olması sadəcə ondan xəbər verir ki, siz öz doktorunuzla görüşməli və vəziyyətinizi aydınlaşdırmalısınız.

Yoğun bağırsaq xərcənginin ən çox rast gəlinən əlamətləri aşağıdakılardır.

  1. Bağırsaq vərdişlərinin dəyişməsi. Bu o deməkdir ki, xəstənin əvvəllər vərdiş elədiyi bağırsaq hərəkətləri dəyişməyə başlayır. Məsələn, qəbizliyə meyilli olan xəstədə ishal əmələ gəlir və ya tərsinə, gündə 1 dəfə böyük bayıra çıxan xəstə indi bunu 2-3 gündən bir edir, nəcis nazikləşir və sairə.
  2. Böyük bayıra çıxmaq istəyi. Xəstələrdə elə bir hissiyat olur ki, o böyük bayıra çıxmaq istəyir, amma defekasiyadan sonra bu hiss keçmir. Bu adətən solda, düz bağırsağa yaxın şişlərdə olur.
  3. Düz bağırsaq qanaxması. Bu bəzən xəstə stul ifrazı zamanı nəcisin üstündə qan olması ilə təzahür edir, bəzən də defekasiya olmadıqda belə anusdan qan axması ilə görsənir.
  4. Qarında sancışəkilli ağrılar. Şiş bağırsaq mənfəzini daraltdıqca bağırsaq möhdəviyyatının keçməsi çətinləşir, kompensator bağırsaq peristaltikaları qarında sancışəkilli ağrıların əmələ gəlməsinə səbəb olur. Adətən kolonun sağ tərəfində olan şişlər qanazlığı və qanaxma ilə manifestasiya edir, sol tərəfdəki şişlər isə bağırsaq keçməməzliyi əlamətləri ilə. Çünki, kolonun sağ tərəfi daha geniş mənfəzə malik olur, və burada mənfəzin daralmasına qədər digər əlamətlər üzə çıxır.
  5. Ümumi zəiflik və yorğunluq
  6. Çəkinin azalması. Şiş toxumasının ifraz etdiyi toksiki maddələr orqanizmdə maddələr mübadiləsini pozur, eyni zamanda iştahsızlıq yaradır ki, bu da bir neçə ay ərzində çəki itkisinə səbəb olur.

Bir daha təkrar etmək istəyirəm ki, bu əlamətlər digər xəstəliklərə də aiddir, və bu əlamətlər olan xəstələrin əksəriyyətində şiş olmur. Lakin bu əlamətlər olduqda mütləq həkiminizə müraciət edin. Yoğun bağırsaq şişlərinin müalicəsinin effektivliyi onların vaxtında diaqnoz qoyulmasından çox asılıdır. Əgər vaxtında diaqnoz qoyularsa xəstələrin 90% -i bu xəstəlikdən birdəfəlik xilas ola bilər.

Bunlar da maraqlı ola bilər

Yoğun bağırsaq şişlərinin səbəbləri və risk faktorlar

Kron xəstəliyi

Qeyri spesifik xoralı kolit

Bağırsaq şişinə görə əməliyyatdan video

 

 

 

Kron Xəstəliyi

Kron xəstəliyi həzm traktının ağızdan anusa qədər istənilən nahiyəsini zədələyə bilən iltihabi bağırsaq xəstəliyinin bir tipidir. Xəstəlik əlamətləri qarın ağrısı, ishal (iltihab güclü olduqda qanlı ishal ola bilər) , hüksək hərarət və çəki itirmə ola bilər. Digər ağırlaşmaları həzm traktından kənarda da ola bilər ki, bunlara da qanazlığı, dəri səpgiləri, artritlər, gözlərdə iltihab, yorğunluq aiddir. Bu xəstələrdə bağırsaq keçməzliyi ola bilər və onlarda bağırsaq xərçənginin olması riski digərlərindən daha çoxdur.

Kron xəstəliyinin səbəbi məlum deyil və hesab edilir ki, bu genetik meyilli adamlarda ətraf mühitin, immun sistemin və mikrobların birlikdə təsirindən yaranır. Orqanizmin immun sistemi mikroblara qarşı hazırlanmış anticisimlər vasitəsi ilə həzm traktına hücum edir ki, bu da xroniki iltihabi bağırsaq xəstəliyinə səbəb olur. Əslində Kron xəstəliyi immun sistemə bağlı xəstəlik olsa da bu autoimmun xəstəlik hesab edilmir. Autoimmun xəstəlikdə anticisimlər orqanizmin öz toxumalarına qarşı hazırlanır, burada isə bakteriyalara qarşı. Altda yatan immun proses tam aydın olmasa da bu vəziyyətin immunçatışmazlığı olduğu məlumdur. Təqribən xəstələrin yarısı genetik meyilli xəstələrdir ki, burada da 70-ə qədər genin bu prosesdə iştirak etməsi sübut olunub. Siqaret çəkənlərdə bu xəstəliyə tutulmaq ehtimalı digərlərindən 2 dəfə çoxdur. Bu həm də qastroenteritlərdən sonra əmələ gələ bilər. Diaqnoz biopsiya, radioloji və bağırsaq mənfəzinin görünüşü ilə qoyulur.

Kron xəstəliyini tam sağalda bilən dərman vasitəsi və ya cərrahi əməliyyat mövcud deyil. Müalicə üsulları simptomları yüngülləşdirməyə, remisiya (simptomlardan azad) dövrünü saxlamağa və kəskinləşmənin qarşısını almağa yönəldilir. Yeni diaqnoz qoyulmuş xəstələrdə qısa dövr üçün kortikosteroidlər istifadə edilir ki, xəstəlik sürətlə yüngülləşdirilsin, bundan sonra isə methotreksate və thiopurine ilə kəskinləşmələrin qarşısını almağa çalışılır. Müalicənin vacib hissələrindən biri də siqaret çəkən xəstələrdə bunu tərgizdirməkdir. 5 xəstədən biri il ərzində bir dəfə stasionar müalicəyə ehtiyac duyur, 10 il müddətində xəstə olanların yarısına qədəri cərrahi əməliyyat olunur. Bu xəstələrdə əməliyyat maksimum şəkildə az istifadə olunmağa çalışılmalıdır, xüsusi ilə abses, xərçəng və bağırsaq keçməzliyi kimi zəruri hallarda cəhd edilməlidir.

Avropa və Şimali Amerikada Kron xəstəliyi hər 1000 nəfərdən 3 nü xəstələndirir. Asiya və Afrikada isə buna daha az rast gəlinir.

Qeyri Spesifik Xoralı Kolit

Bağırsağın iltihabi xəstəlikləri Qeyri Spesifik Xoralı Kolit və Kron xəstəliyi olmaqla iki bir birindən fərqli lakin oxşar cəhətləri olan xəstəliklərdən ibarətdir.
QSXK nədir?
QSXK yoğun bağırsağın içəri qatlarını iltihablaşdıran və orada xoralar əmələ gətirən və bütün həyat boyu sürən xəstəlikdir. Adətən yoğun bağırsağın aşağı bölmələrini – düz bağırsağı və S vari bağırsağı zədələyir, amma bu yoğun bağırsağı tam başdan axıra qədər əhatə edə bilər. Ümumi qanunauyğunluq belədir ki, yoğun bağırsağın nə qədər uzun seqmenti prosesə cəlb olunursa, xəstəliyin gedişi də bir o qədər ağır olur.
Kimlərə xəstələnir?
Xəstəlik istənilən yaşda başlaya bilər, amma əksər xəstələrdə diaqnozun qoyulması 15-25 yaş arası dövrə təsadüf edir.
Səbəbi nədir?
Ekspertlər bu xəstəliyin səbəbi haqqında qəti fikirə gələ bilmirlər. Və hal hazırda düşünülür ki, bu orqanizmin immun sisteminin bağırsağın normal bakteriyalarına qarşı hiper aktivlik səbəbindən yaranır. Və ya hansısa bakteriya və ya virus buna səbəb ola bilər. Əgər ailədə QSXK tarixçəsi varsa o zaman bu xəstəliyə tutulma ehtimalın digər insanlardan daha çoxdur.
Xəstəliyin əlamətləri hansılardır?
İshal, qarında ağrılar, düz bağırsaq qanaxması
Eləcədə bəzi xəstələrdə hərarət, iştahsızlıq, çəki itirmə ola bilər.Bu xəstəlik həmçinin oynaq ağrılarına, gözdə və qaraciyərdə problemlərə səbəb ola bilər.
Xəstəliyin gedişi necədir?
Bəzi xəstələrdə xəstəlik gəlir və gedir, yəni kəskinləşir və remisiya dövrünə keçir. Bəzi xəstələrdə aylarla və ya illərlə xəstəliyin heç bir əlaməti olmur, yəni xəstəlik remisiya mərhələsində olur. 5-10% xəstədə isə hər zaman xəstəlik əlamətləri olur.
Xəstəlik nə qədər ağır ola bilər?
Gedişinə və ağırlığına görə xəstəliyi yüngül, orta ağırlıqlı, ağır və çox ağır formalara bölürük. Müalicə taktikası buna görə dəyişir. Yüngül formada 4 dəfədən az stul olur, nəcisdə qan olmur, analizlər normal olur.
Orta ağır formada 4-6 dəfə nəcis ifrazı olur. EÇS yüngül dərəcədə yüksəlmiş olur.
Ağır formada 6-10 dəfə stul olur. Nəcisdə qan olur. Xəstədə hərarət, qanazlığı və yüksəlmiş EÇS olur.
Çox ağır formada 10 dəfədən çox nəcis ifrazı düz bağırsaqdan daimi qan axma, hərarət, anemiya, qarın ağrıları, qan köçürməyə ehtiyac, rantgen şəkildə çox genişlənmiş bağırsaqlar olur.Ağır və çox ağır xəstələrin stasionar müalicəyə ehtiyacı vardır.
Diqnoz necə qoyulur?
Təbii ki, həkim xəstəni fiziki müayinə edir, müəyyən testlər edir. Bəzi müayinələr xəstəliyi birbaşa təsdiq etmək üçündür, bəzi müayinələr isə bu xəstəliklə eyni əlamətləri olan xəstəliklərlə differensasiya etmək üçündür. Yəni bu əlamətlər Kron xəstəliyində də, divertikulitdə də və başqa xəstəliklərdə də ola bilər. Onları bir birindən ayırmaq lazım gəlir.
Hansı müayinələr aparıla bilər?
Kolonskopiya ucunda kamera olan nazik fibrooptik cihaz düz bağırsaqdan yoğun bağırsağın mənfəzinə yeridilir, və bütün yoğun bağırsaq tam şəkildə görüntülənir. Bağırsaq divarındakı xoralar, iltihab, bağırsağın hansı nahiyələrinin xəstələndiyini gözlə görüb qeyd etmək olur. Bu zaman bağırsaq divarından və xoralardan biopsiya da almaq mümkündür.
Qan analizləri orqanizmdə olan infeksiyanı və iltihabı aşkarlamaqda kömək edə bilər.
Nəcisin analizi – bu da nəcisdə qanı, iltihabı və infeksiyanı aşkarlamağa imkan verə bilər.
Necə müalicə olunur, tam müalicə edilə bilirmi?
Xəstəlik hər kəsdə fərqli keçir. Ekpert həkim sizə xəstəlik əlamətlərinin azalmasına və kəskinləşmələrin olmamasına kömək edəcəkdir. Əksər xəstələr Aminosalisilat turşusu, steroid kimi dərmanlara və orqanizmin immun sistemini aşağı salan dərmanlara ehtiyac duyur.
Dieta gözləməyə ehtiyac varmı?
Bir qisim xəstələr özləri aşkar edir ki, bəzi qidalar onlarda xəstəliyin kəskinləşməsinə səbəb olur. Əgər belə bir şey qeyd edilirsə həmin qidaları yeməmək məsləhətdir. Amma nəzərinizdə saxlamalısınız ki, orqanizmi güclü saxlamaq üçün və çəki itirməmək üçün normal bir şəkildə qidalanmağa ehtiyac vardır.
Bu xəstələrin cərrahi əməliyyata ehtiyacı ola bilərmi?
Bəli. Əgər simptomlar çox kəskin olarsa və konservativ müalicəyə tabe olmazlarsa o zaman cərrahi əməliyyat təklif oluna bilər. Cərrahi əməliyyat həm də planlı şəkildə yoğun bağırsaq xərçəngini önləmək və müalicə etmək səbəbindən ola bilər.
QSXK xəstəliyi sizin həyatınıza necə təsir edə bilər?
10 ildən artıq bu xəstəliklə xəstə olanlarda yoğun bağırsaq şişi olmaq ehtimalı vardır. Xəstəlik müddəti artdıqca xərcəng xəstəliyinin əmələ gəlmə ehtimalı da artır. Ona görə də bu cür xəstələr vaxtaşırı şişə görə skrin olunmalıdırlar. Vaxtaşırı yoxlamalar şiş xəstəliyini erkən mərhələdə aşkar etməyə imkan verir ki, bu da onun müalicəsini asanlaşdırır.
Bəzən bu xəstəlik çox kəskin keçir və xəstələrə psixi və sosial sarsıntılar da verir. Bu zaman ailə üzvlərinin, dostların və profesionalların köməyinə də ehtiyac ola bilər.