Dr. Kamran Beydullayevlə müsahibə

AZƏRBAYCAN » CƏMİYYƏT

Kamran Beydullayev: İnsanlar daha rasional düşünməli və vaxtında peyvənd olunmalıdırlar

06 Noyabr 2019, 11:25 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews. Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bu gün transplantologiya – müasir elmin ən mühüm nailiyyətlərindən biridir, tibb sahəsində əldə edilən ən yüksək zirvədir.

Əgər bir vaxtlar orqan transplantasiyası elmi fantastika sahəsinə aid edilirdisə, bu gün belə əməliyyatların həyata keçirilməsi nəticəsində yüzlərlə insanın həyata qaytarılması reallığa çevrilib.

Transplantologiya perspektiv sahə olub, şübhəsiz ki, nə vaxtsa insanlar tərəfindən adi tibbi əməliyyat kimi qəbul olunacaq, hələlik isə bu sahədə təcrübəli və peşəkar həkimlər sayladır. Belə həkimlərdən biri Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloq Kamran Beydullayevdir.

Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin imtahanlarını keçərək ümumi cərrahiyyə diplomunu almışdır. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Dr.Kamran Beydullayev müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 12-yə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Dr.Kamran Beydullayevlə müsahibəni diqqətinizə çatdırırıq:

-Doktor, Siz artıq 23 ildir ki, cərrah işləyirsiniz, 10 ildir ki, orqan transplantasiyası əməliyyatlarıda həyata keçirirsiniz. Təcrübənizdə daha çox hansı əməliyyatlar olub? Ən çox hansı orqan transplantasiyası əməliyyatı icra etmisiniz?

-Bəli, mən son 10 ildə ümumi cərrahiyyə əməliyyatları ilə yanaşı, orqan transplantasiyası əməliyyatlarını da icra edirəm. Bunlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları daxildir. Ümumi cərrahiyyə əməliyyatlarına isə seçim qoymuruq, bütün cərrahi əməliyyatları – qida borusundan başlamış mədə, mədəaltı vəzi, bağırsaqlar, öd yolları, dalaq və s. – hamısını icra edirik. Ümumi cərrahiyyə əməliyyatlarında statistika aparmamışıq, amma yəqin ki, bu statistika digər böyük ümumi cərrahiyyə mərkəzlərinin statistikasından çox da fərqlənməz. Qaraciyər transplantasiyası ilə bağlı olaraq bu sahənin əməliyyatlarında daha dərin biliyə və vərdişlərə malik olduğumuz üçün hepatobiliar əməliyyatlarla bir az daha çox rastlaşırıq. Qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəlikləri ilə bağlı müraciətlər çox olur.

Mən fəaliyyətimin son 10 ilində 550-dən çox böyrək transplantasiyası, 180-dən çox qaraciyər transplantasiyası əməliyyatlarında iştirak etmişəm. Qeyd edim ki, Azərbaycan üçün bu rəqəm yetərincə böyük rəqəmdir və mən bu rəqəmi söyləməkdən qürur duyuram.

-Müalicəsi yalnız orqan transplantasiyası olan bəzi xəstəliklərə yoluxmamaq üçün peyvəndlər mövcuddur. Bu xəstəliklərə qarşı peyvənd olunmaqla, qarşısını almaq mümkündürmü?

-Burada söhbət yəqin ki, hepatit B virusundan gedir, çünki qaraciyər sirrozuna gətirib çıxaran xəstəliklərdən yalnız hepatit B-yə qarşı peyvənd mövcuddur. Hepatit C-yə qarşı peyvənd hal-hazırda təəssüf ki, mövcud deyil. Situasiya belədir ki, biz adətən son dönəm qaraciyər xəstəlikləri ilə qarşılaşırıq, onların yeganə yolu transplantasiya qalır ki, biz də onu icra edirik. Son dönəm qaraciyər xəstəliyinə – sirroza qədər qaraciyər uzun müddət xəstə vəziyyətdə olur. Onu xəstələndirən səbəblər çoxdur, bunların böyük bir hissəsini də virus hepatitləri təşkil edir. Virus hepatitlərinə hepatit A, hepatit B, hepatit C, hepatit D və hepatit E aiddir.

Hepatit A virusuna qarşı peyvənd var. Amma hepatit A virusunun özünün xroniki qaraciyər xəstəliyi yaratması çox nadir halda rast gəlinə bilir. Daha doğrusu, nadir hallarda hepatit A virusu qaraciyər sirrozuna gətirib çıxara bilər. Yalnız kəskin qaraciyər çatışmazlığı dövründə hepatit A-ya görə qaraciyər transplantasiyası edilməsi mümkündür.

Hepartit C üçün vaksin mövcud deyil. Hepatit B-nin isə qarşısını almaq mümkündür. Hazırda dövlət tərəfindən hepatit B-yə qarşı doğum evlərində bütün uşaqlara ilk peyvəndlər vurulur, müəyyən fasilələrlə – 2 aydan, 6 aydan sonra növbəti dozalar vurulur. Həqiqətən, bu peyvəndlər vurulan insanlar hepatit B virusundan tam immun oluna bilir.
Qeyd etmək istəyirəm ki, son vaxtlar sosial mediada peyvəndlərin əleyhinə olan fikirlərə tez-tez rast gəlirik. Bəzən ajiotajmı yaratmaq üçün, populizm xatirinəmi, yoxsa başqa bir səbəbdənmi, tanınmış adamlar və ya həkimlər çalışırlar ki, peyvəndləri pisləsinlər, müxtəlif əlavə təsirləri olduğu haqda miflər uydururlar. Mən burdan insanlara səslənirəm ki, daha rasional düşünsünlər və vaxtında peyvənd olunsunlar.

-Dediniz ki, uşaqların peyvənd olunması vacibdir. Bəs böyüklərdə necə olmalıdır? Onlar da peyvənd olunmalıdırlar?

– Yaşın fərqi yoxdur, əgər uşaq vaxtı kimsə peyvənd olunmayıbsa, onların immun vəziyyəti yoxlanılır, bu vaxta qədər bu xəstəliyə yoluxub-yoluxmamaları aşkarlanır, immun statusları müəyyən edilir. Yəni bəzən olur ki, peyvənd olunmadan hepatit B virusu ilə qarşılaşırlar, xəstələnib sağalırlar. Böyüklərdə 18 yaşdan sonra təqribən 40-50 %-i hepatit B virusuna yoluxduqdan sonra virusundan tam təmizlənirlər. Həmin xəstələrdə təbii immunitet olur, onlarda vaksinasiyaya ehtiyac yoxdur. Ona görə də analiz verib immun statusunu yoxlayırlar. Əgər hepatit B-yə qarşı immunitet yoxdursa, vaksin oluna bilərlər. Onlar da eyni qaydada vaksinasiya olunmalıdırlar. Vaksinasiya olunublarsa, amma immun statusları zəifdirsə, bonus doza vaksinasiya ala bilərlər. Uşaq vaxtı hepatitə yoluxanlarda 95% xəstəlik xroniki qalır.

-Vaxtında hepatitlərə qarşı peyvəndlər edilərsə, mütəmadi olaraq analizlər verdikdə qaraciyəri bu xəstəliklərdən sığortalamaq mümkündürmü?

-İnsanlar hepatit B virusundan tam profilaktika oluna bilərlər, belə ki, peyvəndlə yetərincə yüksək immunitet yarada bilərlər. Biz hamımız, həkimlər və tibb bacıları immunizasiya olmuşuq, biz hepatitli xəstələrlə işləyirik, onlarla kontaktda oluruq, olur ki, iynə batır, gözümüzə qan sıçrayır, amma biz yoluxmuruq, çünki yetərin qədər immunitetimiz yüksəkdir. Təəssüf ki, hepatit C-yə qarşı peyvənd yoxdur.

-Əksər hallarda insanlar hər hansı xəstəliyə yoluxduqdan sonra həkimlərin dedikləri analizləri verir və gözləmədiyi, heç bir ağrı onları narahat etmədən hepatit virusunun daşıyıcısı olduqları məlum olur. Hepatiti vaxtında aşkarlamaq üçün nə etmək lazımdır? Bu xəstəliyə tutularkən hansı əlamətlər özünü göstərir? Analiz vermədən hepatitə yoluxmağı necə bilmək olar?

-Hepatit olub-olmamağını bilməyin ən düzgün, etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir. Burada xroniki qaraciyər xəstəliyi törədən hepatit B və hepatit C-dən söhbət gedirsə, onların B-də 20%-i kəskin formada keçir, yəni saralma ilə müşahidə olunur, C-də isə saralma hallarına daha az rast gəlinir. Digər hallarda hepatitə yoluxma hiss olunmur, yuxarı tənəffüs yollarımın katarı kimi, qrip kimi qısa xəstəlik əlamətləri müşahidə olunur, bunlar qeyri-spesifik əlamətlərdir. Ona görə də yeganə yol analiz verməkdir. Bütün əməliyyat olunan, doğuşa gedən, stasionarda olan xəstələr məcburi yoxlanır, analiz verir, bilmədən bu virus daşıyıcısı olduğu məlum olur.

-İnsanların hepatit viruslarına daha çox hansı səbəblərdən yoluxma ehtimalı var?

-Mən qeyd etmək istəyirəm ki, aşkar etdiyimiz hepatit B və hepatit C virusları daşıyıcalırının çoxu yoluxmalarının hər hansı stomatoloji klinikalarda olduğunu söyləyirlər. Biz özümüz də bir neçə diş klinikasına müraciət edib söhbət edəndə məlum olub ki, həkimlərin böyük əksəriyyəti aseptika, antiseptika qaydalarını bilmir, bir qismi də bu qaydalara laqeyd yanaşır. Onların fikri, diqqəti virusa yoluxmaq təhlükəsizliyindən çox, dişin müalicəsində konsentrasiya olunur. Nəzərə almır ki, xəstəni virusa yoluxdurmaqla bu xəstəyə ömürlük bəla gətirə bilər. Biz tez-tez virusa yoluxmuş xəstənin somatik, psixoloji və maliyyə problemləri yaşadığını görürük, bu tək onun özü üçün yox, bütün ailəsi üçün böyük bir sarsıntıdır. Bəzi ailələr bu xəbərdən şoka düşmüş olur. Bu işin ciddiliyinin prioritet olmasına çalışmalıyıq. Diş klinikalarında həkimlər bəzən tibb bacılarının iştirakı olmadan proseduralar edirlər ki, bu zaman da ümumi setin alətlərinin bulaşması qaçılmaz olur. Diş həkimləri alətlərə, aksessuarlara sadəcə antiseptik məhlullar püskürtməklə kifayətlənirlər, halbuki, hər xəstə üçün bunlar dəyişilməlidir.

-Son vaxtlar tez-tez cavan insanlarda və xüsusən də, uşaqlarda qaraciyər sirrozu, hepatitlər, böyrək çatışmazlığı və s. aşkarlanır. Adətən eşitmişik ki, belə xəstəliklər pis vərdişlərdən əmələ gəlir. Maraqlıdır, erkən yaşlarda bu xəstəliklər necə yaranır? Bundan qorunmaq üçün hansı tədbirləri görməliyik?

-Uşaq vaxtı yaranan sirrozların çoxu irsi, genetik xəstəliklərlə bağlı ola bilər. Onların qarşısını almaq mümkün olmur, yalnız yaranan zaman müalicə etmək mümkün olur. Təbii ki, pis vərdişlərdən bu xəstəlik yarana bilər, məsələn, alkoqollu içkilərə aludəçilik qaraciyər sirrozuna gətirib çıxarır. Necə edək ki, xəstələnməyək? Sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena, hər bir insana lazım olan normal həyat tərzi. Qorunmaq üçün bundan artıq heç nə lazım deyil. Mütəmadi tibbi müayinədən keçmək, analizlər verib yoxlanmaq, vaxtında peyvənd olunmaq lazımdır. Bəzən xəstəliyin ilk əlamətləri əmələ gələndə insanlar gözləyirlər ki, bəlkə keçdi, bəlkə sağaldı, amma yaxşı olar ki, elə o müddətdə də həkimə müraciət etsinlər, xəstəlik vaxtında aşkar edilərsə daha effektli müalicə edilməklə müsbət nəticə əldə etmək olar.

-Orqan transplantasiyası zəruri olan xəstəliyə məruz qalmış insan üçün donor tapmaq nə qədər çətin prosesdir? İdeal donor necə olmalıdır? Donora qarşı tələblər hansılardır?

-Mən hazırda transplantasiya komandasında donorlarla daha çox məşğul oluram. Donor üçün ilk tələbimiz – qan qrupunun xəstənin qan qrupuna uyğun olmasıdır, qaraciyər transplantasiyası üçün yaşı 18-dən 55- qədər, böyrək transplantasiyası üçün isə 18 yaşdan başlayaraq yuxarı yaş həddi qoymamışıq, hətta 78 yaşında da donorumuz olub, dünyada 84 yaşında böyrək donoru var.

İkincisi, könüllü, təmənnasız qaraciyərinin bir parçasını verən insanlar, bu, ilk növbədə, qohumlardır, emosional və ya genetik bağlılığı olan insanlar ola bilər. Bunlar ilkin seçim üçün şərtlərdir. Donorlar gətiriləndən sonra biz onları kliniki, instrumental, laborator müayinə edirik. Belə ki, donor özü də sağlam olmalıdır, çünki o da böyük əməliyyata məruz qalır. Riskləri artıra biləcək xəstəliyi olmamalıdır, viruslu olmamalıdır. Sağlam olmalıdır ki, xəstəyə əlavə xəstəlik keçirməsin.

Üçüncü şərt əməliyyatın texniki icrasının mümkünlüyünü aydınlaşdırmaqdır. Başqa müayinələrdə (kompüter tomoqrafiyası və digər müayinələr) qaraciyərin həcminin yetərin qədər olması, xəstəyə bir parça verəndən sonra özünə qalan hissənin yetərli qədər olması, damarlarının bu əməliyyatı icra etməyə imkan verməsi və s., böyrək transplantasiyasında da eyni şəkildə.
Bəzən elə olur ki, bir xəstə üçün bir donor tapmaq kifayət edir və əməliyyat icra olunur. Elə hallar da olur ki, 10 namizəd donor kimi yoxlanılır, heç biri uyğun gəlmir…
Hazırda bütün dünyada donor qıtlığı var, bu səbəbdən də marjinal donorlar istifadə olunur. Dünyada KADAVRA proqramı var. Bizim ölkəmizdə bu istiqamətdə iş gedir. Əgər bu proqramı qurmaq mümkün olarsa, bunun hesabına müəyyən mənada donor qıtlığı məsələsi həll edilmiş olar.

-Həkim-transplantoloq kimi xəstələrinizə orqan köçürdükdən sonra keçirdiyiniz hisslər barədə nə deyə bilərsiniz? Bir insan həyatını xilas etmək, bir insanı yenidən yaşatmaq Sizin üçün nə deməkdir?

-Həqiqət budur ki, biz bunu adi, gündəlik bir iş kimi qəbul edirik. Bəlkə də karyeramın ilk illərində hər uğurlu əməliyyatdan sonra qürur kimi bir hiss yaşayırdım. Professional vərdişdənmi irəli gəlir, – deyə bilmərəm, hazırda elə bir xüsusi hiss keçirmirəm. Qəribə görünsə də, deyərdim ki, bəlkə də bu bir tərəfdən yaxşıdır, o mənada ki, emosiyalar sənin qərar verməyinə təsir etmir. Əslində kənardan görünən odur ki, orqan transplantasiyasına gəlmiş xəstələr çox üzülmüş vəziyyətdə olurlar, görünüşləri acınacaqlı olur. Təsəvvür edin, həyatının son günlərinii sayan bir insan əməliyyatdan sonra özünü yenidən həyata qayıtmış insan kimi hiss edir, görünüşləri tam dəyişir. Kənardan bu möcüzə kimi görünə bilər, amma mən bu prosesdə özümü qəhrəman saymıram.

-Maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Qaraciyər transplantasiyasında donor əməliyyatı (şəkillərdə)

Op.Dr.Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, Əlaqə nömrəsi 0504063853

Donorun əməliyyat stolunda vəziyyəti.
CUSA cihazı parenximanın disseksiyasında istifadə edilir.
İnstrumentlər stolu
Sağ tərəfli hepatektomiya üçün kəsik

2.5 dəfə böyüdücü luplar daha dəqiq görüntü verir
Falciform və Coranal bağlar kəsilir.
Qaraciyərlə aşağı boş vena arasındakı kiçik qaraciyər venaları bağlanır, kəsilir
Makuçi liqamenti kiçik gloverlərlə tutulub kəsilir və tikilir.
Sağ hepatik vena asqıya alınmaq üçün dissektorla dönülür
Sağ hepatik vena penrose asqısı ilə asılıb. daha aşağda 6 cı seqmenti drenaj edən aksesuar vena görsənir. Bu vena əməliyyatın axırına qədər saxlanırv və qorunur. Resipient tərəfdə bu vena da anastomoz ediləcək.
Qaraciyər qapısı disseksiya edilir. Şəkildəki öd kisəsi arteriyasıdır.
Öd kisəsi axarı da asqıya alınıb
Sağ qaraciyər arteriyası dissektorla dönülüb. Fərqli olan tərəfi sağ qaraciyər arteriyasının xoledoxun önündən keçməsidir. Bu tez tez rast gəlinən variasiya deyil.
Sağ portal vena asqıya alınır
Sağ portal vena və arteriya sıxıldıqda qaraciyərin səthinə demarkasiya xətti alınır. parenxima bu xətt boyunca disseksiya edilir.
Parenxim disseksiyası
Parenxim daxilindəki xırda damarları bağlaamaq üçün metal kliplərdən istifadə edilə bilər
Parenximanı disseksiya etmək üçün Clamp Crush üsulundan və ya CUSA dan istifadə etmək olar. Şəkildə Kelli alətinin köməyi ilə parenxima əzilir.
CUSA
Parenxim disseksiyası sağ öd yolları yatağına çatdıqda yataq sağ arter və portal vena ilə bərabər dönülərək penrose rezin önə tərəfə keçilir. Bu manevr sağ qaraciyər elementlərini qorumaqla parenxim disseksiyasını bitirməyə imkan verir.
Penrose asqı parenximanın aşağı boş venadan aralanmasına şərait yaradır və bu da ikincinin disseksiya zamanı zədələnməsinə mane olur.
Parenxim disseksiyası bitdikdən sonra öd kisəsi axarı kanyulasiya edilir və əməliyyatdaxili xolangioqrafiya üçün hazırlanır.
Kəsik xəttini ayarlamaq üçün sağ öd yolları yatağına iri kliplər qoyulur. Xolangioqrafiyada bu kliplər haradan kəsməli olduğumuzu göstərəcək
Xolangioqrafiya üçün C-arm rentgen cihazından istifadə edilir.
Bu şəkildən kəsəciyimiz xətti təsvir edə bilərik
Sağ öd yolları kəsilir
Sağ arter kəsilir
Sağ porta Pott sıxıcıları ilə tutulur və kəsilir
Aksesuar qaraciyər venası və Sağ qaraciyər venası glover sıxıcıları ilə tutularaq kəsilir
Resipient tərəfə verilməzdən öncə orqan tərəzidə çəkilir
Damarların və öd yollarının güdülü növbə ilə tikilir
Daha bir əməliyyatı uğurla başa vurmuş donor komandası

Kəskin qaraciyər çatışmazlığının müalicəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Kəskin qaraciyər çatışmazlığı qısa müddət ərzində ( bir neçə gün və ya həftə) qaraciyərin funksiyalarının kəskin pozulmasına deyilir. Qaraciyərin sintetik və detoksikasiya funksiyalarının pozulması sarılıq, ensefalopatiya, koaqulopatiya və multiorqan çatışmazlığına gətirib çıxarır. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə ölüm 40-50% təşkil edir. Ölümə səbəb adətən beyin ödemi və ya multiorqan çatışmazlığı olur.
Kəskiin qaraciyər çatışmazlığı zamanı müalicənin 3 əsas istiqaməti vardır: ümumi dəstəkverici terapiya, xəstəliyi yaradan səbəbin müalicə edilməsi və qaraciyər transplantasiyasına uyğun xəstələrin erkən aşkar edilməsi. Müalicə prosesi zamanı koma vəziyyətinə nəzarətə, maye balansının uyğunluluğuna, infeksiya kontrolunun ciddiliyinə və hemodinamik parametrlərin stabilliyinə yaxından diqqət yetirmək lazımdır. Koaqulyasiya profili, qanın ümumi analizi, qan qazları və metabolik göstəricilər davamlı monitor olunmalıdır. Sistem perfuziyasını və damardaxili mayeni normal saxlamaq mümkün olduqda multiorqan çatışmazlığın maye köçürülməsinə baxmayaraq təzyiqi aşağı olan xəstələrə vazopressor dərmanlarla kömək etmək olar. 3-cü v 4-cü dərərcədə koma vəziyyətində olan xəstələr intubasiya olunmalıdır. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə immunitet kəskin aşağı olur və onlar infeksiyaya qarşı həssas olurlar. Bu səbəbdən də yüksək səviyyədə infeksiya nəzarəti olmalıdır. Qan, bəlğəm, sidik təkrar təkrar əkilməyə göndərilməlidir və geniş tərkibli antibiotiklər təyin edilməlidir. Koaqulopatiyaya qarşı plazma və koaqulyasiya fakotrları qanaxma olmadıqca və ya hansısa invaziv prosedura planlaşdırılmırsa adətən təyin edilmir.
Xəstəliyin səbəbindən asılı olaraq spesifik müalicə effektli ola bilər və mümkün qədər erkən başlanmalıdır. Xəstəliyin inkişafı da diqqətlə izlənilməlidir ki, qaraciyər transplantasiyasının zamanı gecikdirilməsin. Paraçetamol zəhərlənmələri zamanı N asetil sistein maddəsinin təyini qaraciyərin zədələnməsini azalda bilər. Son tədqiqatlar digər səbəbli kəskin qaraciyər çatışmazlıqlarında da N asetil sisteinin köməyi olduğunu göstərir. Autoimmun səbəbli kəskin qaraciyər çatışmazlıqlarında kortikosteroidlərin təyin edilməsi fayda verir. Hepatit B xəstələrdə antiviral dərmanların faydalı olduğu göstərilir. Amanit Phalloides göbələyi ilə zəhərlənmə zamanı aktiv kömürün təyin olunması qana sorulan zəhərin azalmasına səbəb olur. Hamiləliklə bağlı kəskin qaraciyər çatışmazlığında hamiləlik dayandırmalıdır.

Bunlar da maraqlı ola bilər

 

Sirroz xəstəliyinin müalicəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Op. Dr. kamran Beydullayev

Sirroz xəstəliyinin müalicəsi dedikdə onun əlamətlərinin aradan qaldırılması üçün və ağırlaşmalarının qarşısının alınması üçün görülən tədbirlər nəzərdə tutulur. Məqsəd sirrozun getdikcə daha da pisləşməsi prosesinin sürətini azaltmaqdır. Sirroz xəstəliyi isə müalicə edilib sağaldıla bilən xəstəlik deyil. Sirrotik qaraciyərdən xilas olmanın yeganə yolu qaraciyər transplantasiyasıdır.
Aşağıdakı tədbirlər sirrozun səbəbini aradan qaldıra bilər, onun pisləşməsi zürətini zəiflədə bilər və ağırlaşmalarını profilaktika edə bilər.
Həyat tərzi
1. Sirrozlu xəstələr alkohol qəbulundan tam imtina etməlidirlər.
2. Əgər çəki artıqlığı varsa mümkün qədər çəki itirmək lazımdır.
3. Mütəmadi fiziki hərəkətlər etmək lazımdır ki, əzələ kütləsinin azalmasına yol verilməsin.
4. Yüksək səviyyədə gigiyena qaydalarına əməl etmək lazımdır.
5. Bəzi hepatit viruslarına və periodik qrip viruslarına qarşı peyvənd edilməsinə ehtiyac ola bilər.
6. Lazımsız dərmanların istifadəsindən qaçmaq lazımdır.

Qaraciyər sirrozu
Assitin səbəbləri

Diet dəyişiklikləri
Balanslı qidalanma faydalıdır. Sirrozlu xəstələrə lazım olan bürün qida məhsullarını almalıdırlar. Zəifləmiş qidalanma sirroz xəstələrində tez tez rast gəlinən haldır.
Qidada yemək duzlarının miqdarının azaldılması ödemin əmələ gəlməsinin və orqanizmdə artıq maye toplanmasının qarşısını alır.
Qidada əlavə protein olması məsləhətdir. Sirrotik qaraciyrin qlikogen ehtiyatı azalır. Bu o deməkdir ki, qida qəbul olunduqdan bir müddət sonra qanda energi üçün istifadə edilməsi gərəkən maddələr olmur. Bu səbəbdən də orqanizm əzələ toxumasından istifadə edir ki, bu da əzələ kütləsinin azalmasına səbəb olur. Ona görə də qida ilə əlavə protein qəbul etməyə ehtiyac duyulur.
Qida qəbulunun sayını artırıb miqdarını azaltmaq daha faydalıdır.

Assitin səbəbləri

Dərmanlar.
Xəstəlik törədən səbəbə qarşı dərman preparatlarından istifadə edilə bilər. Hepatit viruslarının müalicəsi effektli ola bilər.
Xəstəliyin əlamətlərin aradan qaldırmaq üçün istifadə edilən dərmanlara sidik qovucular, venoz sistemdə təzyiqi azaldan dərmanlar, qaşınmanın qarşısını alan kremlər aiddir.
Ağırlaşmaların qarşısını alan tədbirlər görülə bilər. Bunlara sirrotik xəstələrdə qanaxma riski yaradan varikoz genişlənmiş qida borusu venalarının endoskopik yolla bağlanması aiddir. Varikoz venalara band atılması müəyyən müddət üçün qanaxmanın qarşısını alır.
Ətraflarda ödem və qarında assit toplanması zamanı az duzlu yeməklər, sidik qovucular kömək edə bilər. Bəzi hallarda isə mayenin boşaldılmasına ehtiyac ola bilər.
Sirrozu olan xəstələrin bəzilərində beyinin funksiyasının pozulması baş verə bilir. Bu hal ensefalopatiya adlanır. Hepatik ensefalopatiyanın qarşısını alan əsas dərman laktulozadır.
Qanın laxtalanma sisteminin pozulması sirroz xəstələri üçün xarakterikdir. Bu zaman K vitamininin qəbulu və ya xəstəyə plazma köçürülməsi faydalı ola bilər.
Qaraciyər transplantasiyası sirrozun yeganə radikal müalicəsidir.

Bunlar da maraqlı ola bilər

Hepatit B haqqında ən çox soruşulan suallar

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hepatit nədir?
Qaraciyərin iltihabına hepatit deyilir. Hər hansı səbəbdən qaraciyər iltihablaşanda onun funksiyaları pozulur. Qaraciyərin iltihabına səbəb ola bilən xəstəliklər alkoqolizm, zəhərlənmə, dərmanların əlavə təsiri və s. ola bilər. Ən çox yayılmış səbəb isə viruslardır. Ən çox yayılmış hepatit virusları hepatit A, B və C viruslarıdır.
Hepatit A, hepatit B və hepatit C xəstəlikləri arasında nə fərq var?
Bunların hər biri müxtəlif viruslar tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir. Onlar eyni əlamətlərlə üzə çıxsa da müxtəlif yollarla yayılar və qaraciyəri müxtəlif cür zədələyir. Hepatit A qısa müddətli infeksiyadır və xəstələrdə uzun müddət qalmır. Hepatit B və C də qısa müddətli infeksiya kimi başlayır, amma əksər xəstələrdə xroniki vəziyyətə keçir. Hepatit A və hepatit B üçün vaksinlər mövcuddur. Lakin hepatit C nin qarşısını almaq üçün vaksin yoxdur.
Hepatit B nədir?
Hepatit B xəstəliyi hepatit B virusu tərəfindən törədilmiş qaraciyərin infeksion xəstəliyidir.
Kəskin hepatit B. Hepatit B virusu ilə qarşılaşmış orqanizmdə adətən 6 müddətində davam edən qısa müddətli xəstəlikdir. Xəstəlik yüngül formadan ağır formaya qədər müxtəlif kəskinliklə keçə bilər. Bəzi insanlar bu virusu müalicəsiz özündən kənarlaşdıra bilir. Virusu özündən kənarlaşdıra bilən adamlar bu xəstəliyə qarşı immunitet əldə edir və bir də bu virusa yoluxmur. Bəzi hallarda isə kəskin infeksiya xroniki infeksiyaya keçir.
Xroniki hepatit B xəstəliyi isə həyat boyu davam edən, zaman keçdikcə qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi ciddi sağlamlıq problemi yarada bilən xəstəlikdir.
Kəskin hepatitin xroniki hepatitə keçməsi ehtimalı nə qədərdir?
Bu rəqəm xəstənin yaşından asılıdır. 1 yaşına qədər yoluxan uşaqların 90% də xroniki infeksiya əmələ gələcəkdir. 1-5 yaş arasında yoluxanların 25-50% də xəstəliyin xronikiləşməsi ehtimal edilir. Yetkin insanlarda isə əksəriyyət, hətta bəzi məlumatlara görə 95% virusu orqanizmdən təmizləyə bilir.
Hepatit B xəstəliyi ilə yoluxanların sayı ildən ilə necə dəyişir?
Hepatit B vaksinlərinin proqramlı şəkildə vurulması ilə əlaqədar olaraq hepatit B xəstəliyi ildən ilə azalmaqdadır.
Azərbaycanda xroniki hepatit B xəstələrinin sayı nə qədərdir?
Konkret bir statistika yoxdur. Lakin xəstəliyin yayılmasına görə ölkələr əhalinin 2% in altında, 2-7%, və 7% -dən yuxarı olan ölkələrə bölünür. Azərbaycanda əhalinin 2-7%-nin bu xəstəliklə yoluxması hesab edilir.
Dünya üzrə bu rəqəm neçədir?
Hesab edilir ki, dünyada 260 milyon adam xronik hepatit B xəstəliyi ilə xəstədir.
Hepatit B necə yayılır?
Hepatit B virusu ilə infektə olan qan, sperma və digər mədən mayeləri əvvəllər bu infeksiyaya yoluxmamış insanın bədəninə daxil olduqda yoluxma baş verə bilər.
• Doğuş zamanı infeksiyalı anadan uşağa keçə bilər
• İnfeksiyalaşmış partnyorla cinsi əlaqə zamanı
• İynə, şpris və digər alətlərin ortaq istifadəsi zamanı
• Diş şotkası, ülgüc və tibbi avadanlığın ortaq istifadəsi zamanı
• İnfeksiyalı xəstənin qanı ilə və ya açıq yarası ilə birbaşa kontakt zamanı
• Tibb işçiləri infeksiyalı xəstənin qanına bulaşmış iynə ilə və ya digər iti alətlərlə zədə aldıqda
Hepatit B yeməklə, su ilə, süd vermə ilə, qucaqlaşmaqla, öpüşməklə, əl sıxmaqla, asqırmaq və öskürməklə keçmir. Hepatit B ilə xəstə olan xeyli insan xəstəliklərindən xəbərdar deyil və xəstəlik yaya bilirlər.
Hepatit B virusu cinsi əlaqə ilə yayıla bilərmi?
Bəli. Xəstə insanın bütün bədən mayeləri, o cümlədən sperma viruslu olur və yoluxmaya səbəb ola bilər.
Kimin daha çox hepatit B xəstəliyinə yoluxmaq ehtimalı var?
• İnfeksiyalı anadan doğuş zamanı uşaq
• Narkotik istifadəçiləri iynə və şprisləri bölüşən zaman
• Hepatit B li xəstənin seks partnyoru
• Hepatit B ilə bir evdə yaşayan insanlar
• Tibb işçiləri
• Hemodializ xəstələri
Əgər kimsə hepatit virusu ilə kontakta olubsa və hepatitə yoluxmaq ehtimalı olduğunu düşünürsə nə etməlidir?
Bu vəziyyət adətən xəstə qanına bulaşmış iynələrlə zədə alan tibb işçilərinin başına gəlir. Risk altında olan analiz verməlidir və hepatit B yə qarşı immun vəziyyəti qiymətləndirilməlidir. Əvvəllər hepatit B keçirmiş və ya vaksinasiya olunmuş insanlarda analizdən sonra heç nəyə ehtiyacı olmaya bilər. Amma qanda immuniteti olmayan risk altında olanlara hepatit B immunoqlobulin inyeksiyası olunmalıdır.
Hepatit B virusu orqanizmdən kənarda nə qədər müddətə yaşayır?
Orqanizmdən kənarda virus 7 gün yaşaya bilər. Bu müddətdə hələ onun infeksiyalaşdırmaq imkanı var.
Əgər mən əvvəllər hepatit B ilə xəstələnmişəmsə mənim yenə də bu xəstəliyə yoluxmaq şansım varmı?
Əgər siz əvvəllər yoluxmusunuzsa və orqanizminiz bu virusu bədəndən təmizləyibsə sizin yenidən yoluxmaq şansınız yoxdur.
Hepatit B xəstəliyi olan qan və ya orqan donoru ola bilərmi?
Xeyr
Hepatit B-nin qarşısı alına bilərmi?
Bəli. Peyvənd olunmaqla hepatit B-nin qarşısını almaq olar. Peyvənd təhlükəsizdir, effektlidir.
Hepatit B vaksini necə təsir göstərir?
Hepatit B vaksini orqanizmin immun sistemini stimulyasiya edir, orqanizmdə virusa qarşı anticisimlər əmələ gəlir və hepatit B virusları ilə kontaktda olduqda bu anticisimlər virusu zərərsizləşdirir.
Kimlərə vaksin olunur?
• Bütün uşaqlar
• 19 yaşına çatmamış və əvvəllər vaksinasiya olunmamış hər kəs
• Seks partnyoru hepatit B xəstəsi olanlar
• Infeksiyalı qanla təmasda olan insanlar
• Hepatit C virusu olan və digər qaraciyər xəstəliyi olanlar
• HİV virusu daşıyıcıları
• Hepatit B xəstəliyindən qorunmaq istəyən hər bir kəs
Hepatit B vaksini təhlükəsizdirmi?
Bəli. Hepatit B vaksinindən sonra ciddi problem yaranması üçün çox az risk var.
Hepatit B immunoqlobulini nədir?
Hepatit B immunoqlobulini hepatit B virusuna qarşı hazır anticisimlərdir. Onlar qısa zaman ərzində xəstədə immunitet yaratmaq üçündür. Adətən müəyyən dövr üçün və tez immunitet yaratmaq üçün vurulur. Hepatit B xəstəsi olan anadan doğuş zamanı uşağa, hepatit B li seks partnyoru olanlara, hepatit B xəstəsinin qanı ilə kontaktda olmuş tibb işçiləri və s.
Hepatit B xəstəliyinin əlamətləri hansılardır?
Yoluxanların yalnız 30-50% də əlamətlər olur. Kiçik uşaqların əksəriyyətində əlamətlər olmur. Hepatit B xəstəliyinin kəskin dövründə əlamətlər qrip virusuna yoluxan zaman olan ümumi əlamətlərdir. Bunlardan başqa qaraciyərin zədələnməsini göstərən sarılıq, sidiyin tündləşməsi kimi digər əlamətlər də yarana bilər. Əlamətlər virus ilə kontaktda olandan 3 ay sonra yaranır və bəzən 6 aya qədər davam edə bilər. Xronik hepatit B xəstəliyinin çox vaxt heç bir əlaməti olmur. Xroniki xəstəlik arada kəskinləşdikdə kəskin infeksion xəstəlik əlamətləri ilə, uzun xəstəlikdən sonra isə qaraciyərin irəliləmiş xəstəliyi əlamətləri ilə təzahür edə bilir. Xəstəlik 10 illərlə əlamətsiz qala bilər.
Hepatit B virusu həyati təhlükə yaradırmı?
Bəli. Düzgün müalicə etmədikdə, xəstəliyi kontrol etmədikdə kəskin qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə və qaraciyər sirrozuna gətirib çıxara bilər. Lakin bu vəziyyətə 18 yaşdan sonra yoluxanların yalnız 15 %-i, 18 yaşdan əvvəl yoluxanların isə 25 % i gəlib çıxır.
Hepatit B xəstəliyi müalicə olunurmu?
Kəskin dövrdə hepatit B xəstəliyin müalicəsi sadəcə dəstəkverici tədbirlərdən ibarətdir.
Xroniki hepatit B xəstəliyi zamanı isə virusa qarşı müxtəlif dərmanlardan istifadə edilir. Bilmək lazımdır ki, bütün Hepatit B xəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə və hansı müalicəyə ehtiyac olmasını həkim təyin edir. Müalicə başlanılan xəstə adətən ömrü boyu bu dərmanı qəbul edir.
Xəstələr özləri qaraciyərlərini necə qorumalıdırlar?
Alkoqoldan uzaq durmaları lazımdır. Müxtəlif dərman maddələri, qida əlavələri və s. qəbulu zamanı müalicə həkiminizlə məsləhətləşməlisiniz. Mütəmadi müayinələr olunmalısınız.

Bunlar da maraqlı ola bilər.

 

 

Beyin ölümünün patofiziologiyası

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

beyin ölümü
Beyin ölümünün patofiziologiyası

Beyin ölümünün patofiziologiyası
Beyin ölümü dedikdə bütün funksiyalarının yox olması ilə müşahidə olunan mərkəzi sinir sisteminin tam ölümü nəzərdə tutulur. Bu zaman xəstənin huşu və nəfəs almaq qabiliyyəti itir. Beyin ölümü orqanizmdə pisləşməyə gedən bir prosesi başlayır ki, hətta ən yaxşı dəstəkləyici müalicə ilə belə bu prosesi saxlamaq olmur.
Müxtəlif tədqiqatlar zamanı beyin ölümü olan orqanizmdə aşağıdakı problemlər aşkarlanır: şəkərsiz diabet, qan təzyiqinin aşağı olması, bədən temperaturunun aşağı olması, hipokalemiya, şəkərin qanda yüksək olması, hipernatremiya, qanın laxtalanma sistemində olan pozğunluqlar və s. Bütün bu problemlər donor orqanları zədələyə bilər və qaydaya salınmadıqda orqanizmin bütün sistemlərinin tam çatışmazlığına səbəb ola bilər. Zamanla bu dəyişikliklər daha ciddi şəkil alır. Bu səbəbdən də beyin ölümü elan edildikdən sonra orqanların tezliklə çıxarılması məsləhətdir.
Hipotoniya – təzyiqin aşağı olması ən tez tez rast gəlinən və təhlükəli ağırlaşmalardan biridir. Buna səbəb periferik damarlarda tonusun aşağı düşməsi, kəskin hipovolemiya və ürəyin disfunksiyasıdır. Adətən vazopressin və maye köçürməklə aradan qaldırılır.
Şəkərsiz diabet yaranmasına səbəb hipotalamus – pitutary vəzi arasındakı əlaqənin pozulmasıdır. Bu zaman antidiuretik hormonun ifrazı itir və çoxlu sidik ifrazına səbəb olur. Yetərincə qaydasına qoyulmadıqda şəkərsiz diabet hipovolemiya, hipotoniyaya səbəb olur ki, bu da orqanların perfuziyasını pozur və kəskin elektrolit inbalansı yaradır.
Tiroksin çatışmazlığı. Bəzi tədqiqatlar donorun müalicə protokoluna tiroksin daxil etməklə transplantasiyaya yararlı orqanların sayının artmasını iddia edirlər.
Hiperqlisemiya tez tez rast gəlinir. Bu mədəaltı vəzinin insulin ifrazının azalması ilə deyil, periferik toxumaların insulinə rezistentliyinin artması ilə əlaqədardır.
Ağciyərlərin neyrogenik ödemi beyin ölümü olan xəstələrin müalicəsi zamanı baş verə biər.
Hipotermiya hipotalamusda termorequlyator sistemin itməsi səbəbindən baş verir. Bəzən müalicə məqsədi ilə də qəsdən hipotermiya yaradılsa da bədən temperaturu 34 C dən yuxarı olmalıdır.
Ölmüş beyin toxumasından toxuma plazminogen aktivləşdiricisi və toxuma fibrinolitik agentlərin qan dövranına daxil olması qanın laxtalanma sistemində pozulmalara gətirib çıxarır və müxtəlif diatezlərlə görsənir.

Bunlar da maraqlı ola bilər

Beyin ölümü nədir və necə təyin edilir?
Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
Böyrək Transplantasiyası məlumat sessiyası
Böyrək donorları (1-ci hissə)
Böyrək donorları (2-ci hissə)
Kimlərə böyrək köçürülməlidir? Son dönəm böyrək xəstəliyinin səbəbləri
Böyrək Transplantasiyası, yoxsa dializ

Uşaqlarda qaraciyər transplantasiyasına göstərişlər

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Kamran Beydullayev

Uşaqlarda qaraciyər transplantasiyasının əsas göstərişləri aşağıdakılardır.
1. Ekstra hepatik xolestaz – biliar atreziya
2. İntrahepatik xolestaz: sklerozlaşan xolangit, Alagille sindromu, proqressiv ailəvi qaraciyərdaxili xolestaz, heç bir sindroma aid olmayan qaraciyərdaxili öd yollarının bağlanması
3. Metabolik xəstəliklər: Vilson xəstəliyi, alfa antitripsin çatışmazlığı, Krigler Najjar sindromu, öd turşusu metabolizminin anadangəlmə pozğunluğu, tirosinemiya, sidik cövhəri dövranının xəstəlikləri, orqanik asidemiya, asid lipaza deffekti, oksaluriya tip 1, karbohidrat metobolizmi xəstəlikləri
4. Kəskin qaraciyər çatışmazlığı
5. Digər səbəblər: birincili qaraciyər şişləri, sistik fibrosis

Uşaqlarda qaraciyər çatışmazlığının səbəbləri

Xolestatik qaraciyər xəstəlikləri
Bir yaşına qədər qaraciyər transplantasiyası olunan uşaqların 65% də səbəb biliar atreziya olmuşdur. Bu xəstələrə bəzən Kassay əməliyyatı edilir, lakin bu çox zaman effektsiz olur, və ikincili biliar sirroza səbəb olur. Qaraciyərdaxili xolestatik xəstəliklər diaqnoz qoyulduqda isə birbaşa qaraciyər köçürülməsinə göstəriş yaranır.
Metabolik xəstəliklər
Qaraciyərdə struktur dəyişiklik yaratmasına görə metabolik xəstəliklər iki qrupa bölünür. Qaraciyərdə struktur dəyişiklik yaradan xəstəliklərə Vilson, alfa antitripsin çatışmazlığı, tirosinemiya aiddir. Bunlar son dönəm qaraciyər xəstəliyi yaradır, qaraciyərdə xərcəng riski daşıyır və qaraciyər çatışmazlığına səbəb ola bilir. Krigler Najjar sindromu, ornitin transkarbamilaz çatışmazlığı kimi xəstəliklər ikinci qrupa aiddir.
Kəskin qaraciyər çatışmazlığı
Kəskin qaraciyər çatışmazlığı uşaqlarda daha az rast gələn xəstəlikdir.
Qaraciyər şişləri
Rezeksiya oluna bilməyən hepatoblastomalar qaraciyər transplantasiyasına göstərişdir.

Bunlar da maraqlı ola bilər

  1. Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
  2. Canlı qaraciyər və böyrək donorlarının ilkin nəticələri, Mərkəzi Neftçilər Xəstəxanasının orqan transplantasiya şöbəsi
  3. Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi

Beyin ölümü donorlarının müayinəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Həkim Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Tibbi koordinatorun əsas funksiyalarından biri donora lazım olan düzgün müayinələrin təyin edilməsidir. Burada əsas məqsəd donorun kliniki vəziyyətinin onun orqanlarının transplantasiya üçün yararsız hala gətirməməsindən əmin olmaq və donordan resipientə əlavə xəstəlik keçirməməsinə əmin olmaqdır.
Əvvəlcə orqan orqan deyil, ümumi müayinələr edilməlidir. Bundan ötrü
1. Ölümün səbəbi müəyyən edilməlidir. Ölümün səbəbi müəyyən edilən zaman aktiv və kontrol olunmayan infeksion və neoplanstik xəstəliklər inkar edilməlidir.
2. Xəstəliyin kliniki gedişi təkrar nəzərdən keçirilməlidir. Pasientin əvvəlki xəstəlikləri, pis vərdişləri, aldığı müalicələr gözdən keçirilir və orqanların funksiyasını poza bilən xəstəliklər aşkarlanır.
3. Pasientin perfuziya və oksigenasiya veziyyəti qiymətləndirilir. Xəstənin hemodinamik və tənəffüs statusuna baxılır və bu vəziyyətdən orqanın zədə almaması aydınlaşdırılır.
Mütləq əks göstərişlər
1. HİV pozitiv
2. Virus, bakteriya və ya göbələk mənşəli kontrol olunmayan sepsis
3. Aktiv bədxassəli şiş xəstəliyi. Bura yalnız mərkəzi sisir sisteminin şişləri, bazosellular karsinoma, və uşaqlığın ,,in situ,, karsinomaları aid edilmir. Bəzi ölkələr bəxsassəli şiş olan donorları kornea üçün əks göstəriş hesab etmir.
Nisbi əks göstərişlər
Bəzi pasientlər donorluq üçün ideal olurlar. Digər bir qismi isə bir az riskli donorlar olurlar. Buna aşağıdakılar səbəb ola bilər.
• Kliniki – yaş, əvvəlki xəstəlikləri
• Hemodinamiki – 4-8 saatdan çox müddətdə aşağı təzyiqlə olmaq, inotroplara resistant olmaq, kardiak arest epizodlarının olması
• Biokimyəvi – Qaraciyər enzimlərinin 2 dəfədən artıq yüksək olması, kreatinin 2mg% dən yüksək olması, hemoqlobinin 8 dən aşağı olması, oksigenin parsial təzyiqinin 65-70 mmHg dən aşağı olması və s.
• Farmakoloji – inotrop dərmanların qəbulu, yüksək dozada vazopressin və hepatotoksik dərmanların qəbulu
Morfoloji – qaraciyərin ultrasəs müayinədə yağlı olması, exokardioqrafiyada abnormallıq və s.

Bunlar da maraqlı ola bilər

  1. Kadavradan orqan çıxarılması və bu prosesin koordinasiyası
  2. Beyin ölümü nədir və necə təyin edilir?
  3. Böyrək donorları (1-ci hissə)
  4. Böyrək donorları (2-ci hissə)

Kadavradan orqanın çıxarılması və bu prosesin koordinasiyası

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Dr. Kamran Beydullayev
Op. Dr. Kamran Beydullayev

Kadavradan orqanın çıxarılması və bu prosesin koordinasiyası.
1-ci mərhələ: Donorun aşkar edilmsi
Potensial orqan donorunun aşkar edilməsi və diaqnozunun qoyulması. Reanimasiya şöbələrində müalicə həkimi, reanimatoloq, neyro cərrah və ya nevroloq tərəfindən edilir.
2-ci mərhələ: Məlumatın verilməsi
Beyin ölümü aşkar edildikdən sonra və diaqnoz qoyulduqdan sonra Respublika Transplant Mərkəzinə məlumat verilir. Koordinator xəstə haqqında tam informasiya toplayır. Potensial donorun orqanlarının yararlığı nəzərdən keçirilir. Xəstənin yaxınlarının kontaktları və telefon nömrələri qeyd edilir.
3-cü mərhələ: Ailə ilə birinci söhbət
Reanimatoloq xəstənin adamların xəstənin vəziyyəti barədə məlumatlandırmalıdır. Bu zaman məlumat aydın olmalıdır, xəstənin adamları xəstədə geri dönməyən beyin zədələnməsinin olmasınıbilməlidirlər. Xəstəyə beyin ölümü diaqnozu qoyulması bildirilməlidir. Xəstəliyin başqa yerdə müalicə oluna biləcəyi kimi yalançı ümüdlər verilməməlidir, xəstənin adamlarını çaşdıran sözlər ( məsələn ciddi şəkildə xəstədir) işlədilməməlidir. Bu məlumatı verən həkim qəti şəkildə donorluq haqqında söhbət açmır və donorluq üçün razılıq alınmasında iştirak etmir.
4-cü mərhələ: Sənədlərin təkrar yoxlanması
Respublika Transplantasiya Mərkəzinin kordinatoru bütün sənədləri təkrar yoxlayır və toplanrıda müzakirəyə çıxarır.

orqan bağışlamaq
Orqan bağışı

5- ci mərhələ: Ailə ilə ikinci söhbət
Beyin ölümü və potensial donor olmaq şansı dəyərləndirildikdən sonra xəstə yaxınlarının əlaqə telefonu və ünvanı administrativ kordinatora ötürülür. Administrativ koordinator ailə ilə kontakt yaradır və xəstəxana kordinatoru bu işdə ona kömək edir. Görüş üçün xüsusi otaq olmalıdır, reanimasiya şöbəsi bu məqsəd üçün uyğun yer deyil. Razılıq alındıqdan sonra bu yazılı şəkildə təsbit olunur.
6-cı mərhələ: Orqanın çıxarılması və çatdırılması
Razılıq əldə edildikdən sonra tibbi koordinator xəstənin məlumatlarının transplant mərkəzlərə göndərir. Onlar bu məlumatlara nəzər yetirib əlavə müayinələr və ya edilmiş müayinənin təkrarlanmasını istəyə bilərlər. Orqanlar transplant komandalar tərəfindən çıxarılandan sonra uyğun mərkəzlərə göndərilir.
7 –ci mərhələ:
Bütün proses sənədləşdirilib Respublika Transplantasiya Mərkəzinin komputer sisteminə daxil edilir. Xəstənin qohumlarına təhvil verilməsinə və ailəyə sosial dəstək verilməsinə nəzarət edilir.

Bunlar da maraqlı ola bilər

  1. Beyin ölümü nədir və necə təyin edilir?
  2. Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
  3. Böyrək Transplantasiyası məlumat sessiyası
  4. Böyrək donorları (1-ci hissə)
  5. Böyrək donorları (2-ci hissə)
  6. Kimlərə böyrək köçürülməlidir? Son dönəm böyrək xəstəliyinin səbəbləri
  7. Böyrək Transplantasiyası, yoxsa dializ

 

Beyin ölümü nədir və necə təyin edilir.

Ümumi cərrah, cərrah transplantoloq
Op. Dr. Kamran Beydullayev

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Beyin ölümü diaqnozu necə qoyulur?
Beyin ölümü beyin kötüyü daxil olmaqla beyinin bütün funksiyalarının geridönməz şəkildə dayanmasıdır.
Beyin ölümü diaqnozu qoyulması üçün ilkin şərtlər
Beyin ölümü diaqnozu qoyulması üçün aşağıdakı şərtlər olmalıdır.
1. Pasient komada olmalıdır və komanın səbəbi bəlli olmalıdır.
2. Pasientdə spontan tənəffüs olmamalıdır və süni tənəffüs aparatına qoşulu olmalıdır
3. Xəstənin ölümünə səbəb olan hadisə ən azı 6 saat əvvəl olmalıdır və səbəb aydın şəkildə göstərilməlidir. ( kəllə beyin travması, beyindaxili qanaxma)
4. Pasient kardiovaskulyar şokda olmamalıdır.
5. Aydın endokrin və metabolik kənaraçıxmalar korreksiya edilməlidir
İstisnalar
1. Pasient hipotermik olmamalıdır. Bədən temperaturu ən azı 35.5 C dən aşağı olmamalıdır, aşağı olduqda normal hala gətirilməlidir.
2. Pasient heç bir sedativ, əzələ relaksantları, antikonvulsantlar, hipnotik, narkotik və antidepressant qəbul etməməlidir. Əgər xəstə əvvəllər belə bir dərman qəbul edibsə bu dərmanın qanda səviyyəsi sıfır olmalıdır.
3. Yol qəza hadisəsində, dərman zəhərlənməsində, səbəbi məlum olmayan komalarda toksikoloji müayinə aparılmalıdır. Bu cür müayinə imkanı olmadığı zaman beyin ölümü diaqnozu qoymaq üçün 5 gün gözləmək lazımdır.
4. Komanın metabolik və endokrinoloji səbəbləri istisna edilməlidir.
5. Pasientdə beyin aktivliyinin heç bir əlaməti olmamalıdır.
Beyin ölümü diaqnozunu kimlər qoymalıdır?
1. Beyin ölümü olan pasientlərin müayinə olunmasında təcrübəsi olan nyrocərrah, nevroloq, reanimatoloq və anestezioloq, daxili xəstəliklər üzrə mütəxəssis və pediatr beyin ölümü diaqnozunun qoyulmasına cəlb edilə bilər.
2. Nefroloq və ya transplantasiya komandasının hər hansı bir üzvü bu prosesdə iştirak etməməlidir.
Beyin ölümü diaqnozu necə qoyulur?
1. İlkin kliniki müayinə. Pasientin komada olduğunu təsdiqləməli, hər hansı qıcolma aktivliyi, dekortikasiya və deserebrasiya hərəkətlərinin olmamasını aydınlaşdırmaq lazımdır. Frontal sinusların üzərinə basmaqla üzün qırışdırılmasına fikir verilir və motor reaksiyası yoxlanılır. Ağrı stimuluna olan motor reaksiyası mənfi olmalıdır.
2. Beyin kötüyü refleksləri.
• Göz bəbəyinin işığa reaksiyası göz bəbəklərini işıqlandırmaqla qeyd edilir.
• Korneal reflekslər pambıqla buynuzlu qişaya toxunulur və göz qırpmasının olmaması qeyd edilir.
• Okulo-sefalik refleks . Pasientin başı neytral vəziyyətdə saxlanılır, sonra iki əllə tutulub sağa və sola hərəkət etdirilir. Normal halda göz almaları əks istiqamətdə hərəkət edir. Beyin ölümü olan xəstələrdə göz almaları başla eyni istiqamətd hərəkət edir.
• Vestibular – okular refleks. Xarici qulaq keçəcəyinə 50ml buz kimi soyuq su tökülür. 20-30 saniyədən sonra gözlərin hərəkəti müşahidə edilir. Göz hərəkətinin olmaması beyin ölümündən xəbər verir.
• Yuxarı və aşağı hava yollarının stimulyasiyası ( gag refleks). Sorucu kateter udlağa və traxeyaya toxundurulur və ögümə refleksi alınır. Beyin ölümü zamanı bu müşahidə edilmir.
3. Müayinələr arasındakı fərq büyüklər üçün 6 saat olacaq.
4. Bütün beyin kötüyü reflekslərinin itmiş olduğu yoxlandıqdan sonra təsdiqləyici test icra edilir. Təsdiqləyici test elektroensefaloqram və angiogram ola bilər.
5. Apnea testi. Apnea testi 6 saat fasilə ilə aparılmış 2 müayinədən sonra edilən ən axırıncı tesdir. Bu test bir dəfə aparılır və spontan tənəffüsün olmamasını göstərir. Pa Co2 nin səviyyəsinin qanda kritik səviyyəyə ( 50-60 mm Hg) çatmasına əmin olmaq lazımdır. Xəstəyə əvvəlcə 100% 02 on dəqiqə müddətinə verilir, sonra ventilyator saxlanılır. Bu müddətdə oksigen verilməsi davam edir. Xəstə süni tənəffüs aparatından ayrıldığı müddətcə heç bir respirator hərəkət olmadıqca apnea test pozitiv sayılır.

 

Bunlar da maraqlı ola bilər.

  1. Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
  2. Böyrək Transplantasiyasının ağırlaşmaları
  3. Böyrək Transplantasiyası məlumat sessiyası
  4. Böyrək Transplantasiyası, yoxsa dializ