Qaraciyər transplantasiyasında donor əməliyyatı (şəkillərdə)

Op.Dr.Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, Əlaqə nömrəsi 0504063853

Donorun əməliyyat stolunda vəziyyəti.
CUSA cihazı parenximanın disseksiyasında istifadə edilir.
İnstrumentlər stolu
Sağ tərəfli hepatektomiya üçün kəsik

2.5 dəfə böyüdücü luplar daha dəqiq görüntü verir
Falciform və Coranal bağlar kəsilir.
Qaraciyərlə aşağı boş vena arasındakı kiçik qaraciyər venaları bağlanır, kəsilir
Makuçi liqamenti kiçik gloverlərlə tutulub kəsilir və tikilir.
Sağ hepatik vena asqıya alınmaq üçün dissektorla dönülür
Sağ hepatik vena penrose asqısı ilə asılıb. daha aşağda 6 cı seqmenti drenaj edən aksesuar vena görsənir. Bu vena əməliyyatın axırına qədər saxlanırv və qorunur. Resipient tərəfdə bu vena da anastomoz ediləcək.
Qaraciyər qapısı disseksiya edilir. Şəkildəki öd kisəsi arteriyasıdır.
Öd kisəsi axarı da asqıya alınıb
Sağ qaraciyər arteriyası dissektorla dönülüb. Fərqli olan tərəfi sağ qaraciyər arteriyasının xoledoxun önündən keçməsidir. Bu tez tez rast gəlinən variasiya deyil.
Sağ portal vena asqıya alınır
Sağ portal vena və arteriya sıxıldıqda qaraciyərin səthinə demarkasiya xətti alınır. parenxima bu xətt boyunca disseksiya edilir.
Parenxim disseksiyası
Parenxim daxilindəki xırda damarları bağlaamaq üçün metal kliplərdən istifadə edilə bilər
Parenximanı disseksiya etmək üçün Clamp Crush üsulundan və ya CUSA dan istifadə etmək olar. Şəkildə Kelli alətinin köməyi ilə parenxima əzilir.
CUSA
Parenxim disseksiyası sağ öd yolları yatağına çatdıqda yataq sağ arter və portal vena ilə bərabər dönülərək penrose rezin önə tərəfə keçilir. Bu manevr sağ qaraciyər elementlərini qorumaqla parenxim disseksiyasını bitirməyə imkan verir.
Penrose asqı parenximanın aşağı boş venadan aralanmasına şərait yaradır və bu da ikincinin disseksiya zamanı zədələnməsinə mane olur.
Parenxim disseksiyası bitdikdən sonra öd kisəsi axarı kanyulasiya edilir və əməliyyatdaxili xolangioqrafiya üçün hazırlanır.
Kəsik xəttini ayarlamaq üçün sağ öd yolları yatağına iri kliplər qoyulur. Xolangioqrafiyada bu kliplər haradan kəsməli olduğumuzu göstərəcək
Xolangioqrafiya üçün C-arm rentgen cihazından istifadə edilir.
Bu şəkildən kəsəciyimiz xətti təsvir edə bilərik
Sağ öd yolları kəsilir
Sağ arter kəsilir
Sağ porta Pott sıxıcıları ilə tutulur və kəsilir
Aksesuar qaraciyər venası və Sağ qaraciyər venası glover sıxıcıları ilə tutularaq kəsilir
Resipient tərəfə verilməzdən öncə orqan tərəzidə çəkilir
Damarların və öd yollarının güdülü növbə ilə tikilir
Daha bir əməliyyatı uğurla başa vurmuş donor komandası

Uşaqlarda qaraciyər transplantasiyasına göstərişlər

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Kamran Beydullayev

Uşaqlarda qaraciyər transplantasiyasının əsas göstərişləri aşağıdakılardır.
1. Ekstra hepatik xolestaz – biliar atreziya
2. İntrahepatik xolestaz: sklerozlaşan xolangit, Alagille sindromu, proqressiv ailəvi qaraciyərdaxili xolestaz, heç bir sindroma aid olmayan qaraciyərdaxili öd yollarının bağlanması
3. Metabolik xəstəliklər: Vilson xəstəliyi, alfa antitripsin çatışmazlığı, Krigler Najjar sindromu, öd turşusu metabolizminin anadangəlmə pozğunluğu, tirosinemiya, sidik cövhəri dövranının xəstəlikləri, orqanik asidemiya, asid lipaza deffekti, oksaluriya tip 1, karbohidrat metobolizmi xəstəlikləri
4. Kəskin qaraciyər çatışmazlığı
5. Digər səbəblər: birincili qaraciyər şişləri, sistik fibrosis

Uşaqlarda qaraciyər çatışmazlığının səbəbləri

Xolestatik qaraciyər xəstəlikləri
Bir yaşına qədər qaraciyər transplantasiyası olunan uşaqların 65% də səbəb biliar atreziya olmuşdur. Bu xəstələrə bəzən Kassay əməliyyatı edilir, lakin bu çox zaman effektsiz olur, və ikincili biliar sirroza səbəb olur. Qaraciyərdaxili xolestatik xəstəliklər diaqnoz qoyulduqda isə birbaşa qaraciyər köçürülməsinə göstəriş yaranır.
Metabolik xəstəliklər
Qaraciyərdə struktur dəyişiklik yaratmasına görə metabolik xəstəliklər iki qrupa bölünür. Qaraciyərdə struktur dəyişiklik yaradan xəstəliklərə Vilson, alfa antitripsin çatışmazlığı, tirosinemiya aiddir. Bunlar son dönəm qaraciyər xəstəliyi yaradır, qaraciyərdə xərcəng riski daşıyır və qaraciyər çatışmazlığına səbəb ola bilir. Krigler Najjar sindromu, ornitin transkarbamilaz çatışmazlığı kimi xəstəliklər ikinci qrupa aiddir.
Kəskin qaraciyər çatışmazlığı
Kəskin qaraciyər çatışmazlığı uşaqlarda daha az rast gələn xəstəlikdir.
Qaraciyər şişləri
Rezeksiya oluna bilməyən hepatoblastomalar qaraciyər transplantasiyasına göstərişdir.

Bunlar da maraqlı ola bilər

  1. Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
  2. Canlı qaraciyər və böyrək donorlarının ilkin nəticələri, Mərkəzi Neftçilər Xəstəxanasının orqan transplantasiya şöbəsi
  3. Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi

Qaraciyər sirrozları zamanı mədə bağırsaq qanaxması

Dr. Rəna Əliyeva, Hepatoloq

Dr. Rəna Əliyeva
Dr. Rəna Əliyeva

 

 

Son dönəm qaraciyər xəstələrində mədə-bağırsaq qanaxması

 

Qaraciyər sirrozunda  qaraciyərin toxuması bərkiyir. Bu səbəbdən də  bədənin qanı qaraciyərə daxil ola bilmir, çünki ciddi dirənclə qarşılaşır və portal venada təzyiq artaraq, əlavə damarların genişlənməsinə səbəb olur. Bu damarlardan gələcəkdə ağırlaşma yarada bilməsi baxımından ən çox diqqət edilməsi gərəkən qida borusu-mədə varikoz genişlənmiş damarlardır. İncə divarlı bu damarlar asanlıqla partlaya bilir və dramatik qanaxmalara səbəb olurlar. Kəskin varikoz qanaxmalar sirroza bağlı ölümlərin 1/3-nü təşkil edirlər.

Varis qanaxmasında 2 mərhələ mövcuddur:

I kəskin mərhələ- Qanaxmaların 50%-i özbaşına dayanır.

II Gec mərhələ- 3 yüksək təkrar qanama riski daşıyır və yüksək riskli periodlar bunlardır: İlk 3 gün, ilk 10 gün, ilk 6 həftə.

Xəstə yaşının 60-dan çox olması, böyrək yetməzliyinin olması, çox genişlənmiş böyük damarların olması, ilk qanaxmanın ağır keçməsi təkrar qanaxma üçün risk faktorlarıdır.

Qısa not: Bəzi xəstələrdə yayqın şəkildə(diffuz) mədə-bağırsaq  qanaxması, digərlərində Mallory-Weiss yırtığı, başqa bir qrupunda portal hipertenziyaya bağlı qastropatiya(yayqın olaraq mədə divarlarından qansızmalar) və ya mədə xorası qanaxması səbəbləri də ola bilər.

Müalicəsi

3 addımda həyata keçirilir:

  1. Həyata qaytarmaq.
  2. Qanamanı dayandırmaq.
  3. Ağırlaşmaların qarşısını alaraq müalicə etmək.

Həyata qaytarmaq üçün aqressiv şəkildə maye və qan  köçürülməlidir.

Ağırlaşmalar aspirasiya (qan və mədə möytəviyyatının nəfəs yoluna düşməsi), infeksiya, ensefalopatiya(huşun itməsi), böyrək yetməzliyidir. Bu ağırlaşmaların qarşısını almaq üçün gərəkərsə xəstə intubasiya (xəstənin suni tənəffüs aparatına qoşulması) edilir, mədəyə burundan zond (nazoqastral zond) qoyulur.

90% hallarda qanaxma endoskopik bantlama (və ya skleroterapiya) ilə dayandırıla bilir. Qanama davam edir və qastroenteroloq endoskopiya etmək istəmirsə, o zaman nazoqastral zonddan mədə yuyulur və  Blackmore zondu yerləşdirilir.

Başqa bir seçenək isə TİPSS-dir.

Qaraciyər nəqli sirrozun portal hipertenziya və varikoz damarların

qanaxmasınının birdəfəlik müalicəsinə səbəb olur.

Bunlar da maraqlı ola bilər.

 

 

Qaraciyər sistlərinin (kistalar) bədxassəli olma ehtimalı

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi Cərrah və Cərrah Transplantoloq, 0504063853

Kamran Beydullayev
Kamran Beydullayev

Qaraciyər sistləri (kistalar) insanların 5% də mövcuddur. Bu sistlər 90% hallarda heç bir əlamət vermir, adətən təsadüfən xəstə tamamilə başqa bir xəstəliyə görə müayinə olarkən aşkar edilir. USM və KT müayinələrin geniş yayılması son vaxtlar bu sistlərin daha tez tez rastlanmasına gətirib çıxarıb. Qaraciyər sisti aşkar olunmuş xəstələri ən birinci narahat edən ,, bu bədxassəli şiş ola biləlmi?,, sualıdır.  Qaraciyər sistlərinin 95%-i xoşxassəlidir.

Qaraciyər sistlərinin xəstəni necə narahat edə bilər?

95% qaraciyər sisti olan xəstələrdə heç bir şikayət olmur. Sistin ölçüsü və yerləşməsinin əlamətlərin əmələ gəlməsində yeri ola bilər. Sistlər 5sm dən kiçik olduqda demək olar ki, heç vaxt heç bir əlamət vermirlər. Bəzən sistlər çox böyük olduqda ağrılar verə bilər. Bəzən isə öd yollarını sıxaraq bağlaya bilər. Sistlərin digər yaxınlıqda olan orqanları sıxmasından da əlamətlər əmələ gələ bilər. Məsələn mədə sıxıldıqda tez doymaq kimi şikayət yarana bilər. Amöb mənşəli sistlər zamanı yüksək hərarət müşahidə edilə bilər. Qaraciyərin sadə sistləri adətən laborator analizlərdə heç bir dəyişikliklər vermir.

Sistlərin bədxassəli olmasına nədən şübhələnə bilərik?

Bu adətən sistlərin USM və KT (komputer tomoqrafiya) görüntüsünə əsasən baş verir. Neoplastik (şişə bağlı) sistlərin adətən solid komponenti ( bərk hissəsi) olur.  Sadə kistaların bu cür komponentləri olmur, onların tərkibi aydın maye olur, içərisində arakəsmələr olmur, divrları hamar, sistin ətrafında isə heç bir toxuma reaksiyası olmur. Əgər radioloji müayinələr sistin təsvirində bu cür əlamətləri qeyd edirsə o zaman sistin ciddi qəbul edilməsi və tam araşdırılması lazım gəlir. Digər orqanlarda da eyni zamanda rast gəlinən ( böyrək, mədəaltı vəzi) çoxsaylı qaraciyər sistləri xoşxassəlidir. Zaman zaman sistin ölçülərinin böyüməsi mütləq o demək deyil ki, bu bədxassəlidir. Xoşxassəli sədə kistalar da böyüyürlər.

Qaraciyərin kistoz törəməsi
Qaraciyər sisti

Bəs qaraciyər sistlərinin radioloji görüntülərində şübhəli məqamlar varsa bu zaman nə etmək lazımdır?

Əgər sist 1sm-dən kiçikdirsə bu zaman radioloji müayinələr onun xarakterini təyin etməkdə çətinlik çəkə bilərlər. Bu sistlərin solid komponentini aşkar etmək olmur. Ona görə də bu ölçüdə olan sistlər yalnız müşahidə edilir. Xəstə müəyyən intervallardan bir təkrar müayinələr olunur. Əgər sistlər 5sm dən böyük olarlarsa o zaman onlar divarlarının irreqular olmasına, arakəsmələrin olmasına, solid komponentinin və tərkibində debrislərin olmasına görə baxılmalıdır. Həmişə nəzərə almaq lazımdır ki, bu əlamətlər olan sistlər də hamısı neoplastik olmur. Əvvəllər infeksiyalaşmış sadə sistlər, travma nəticəsində qaraciyər daxilində əmələ gəlmiş sistlər, parazitik sistlər də eyni oxşar görünüşə malik ola bilərlər.

Yaxşı bəs qaraciyər sistinin sadə deyil, mürəkkəb bir sist olduğu aşkar ediləndən sonra hansı addım atılmalıdır?

Növbəti addım mərkəzdən asılı olaraq dəyişir, vahid bir protokol yoxdur. Bəzi mərkəzlər hesab edir ki, bu sistlər artıq çıxarılmalıdır və histologiyaya göndərilməlidir. Çünki, yalnız bu üsulla bunun nə olduğunu demək olar və təhlükədən xilas olmaq olar. Bəzi mərkəzlər sistik mayeni aspirasiya edib musin adlanan maddənin miqdarını yoxlamağı və eyni zamanda orada olan onkomarkerləri təyin etməyi təklif edir. Bu biopsiyadan əvvəl mürəkkəb sistin exinokokk olmadığına əmin olmaq lazımdır. Amma nəzərə alınmalıdır ki, bu müayinənin də spesifikliyi və sensitivliyi yüksək deyil.

Qaraciyər sistlərinə görə əməliyyatın effektivliyi çox yüksəkdir. Mərkəzimizdə qaraciyərin cərrahi əməlliyyatlarını mütəmədə və sistematik icra edirik. Neoplastik qaraciyər sistlərinin tam kəsilib çıxarıla biləcəyi hallarda təkrar yaranma riskinin kifayət qədər az olduğunu deyə bilərik

Bunlar da maraqlı ola bilər.

 

 

Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Kəskin qaraciyər çatmazlığı əvvəllər qaraciyər xəstəliyi olmayan şəxsdə qısa bir müddət ərzində (bir neçə gün və həftə) qaraciyər funksiyalarının itməsinə deyilir. Kəskin qaraciyər çatmazlığı xroniki qaraciyər çatışmazlığına nisbətən daha az rast gəlinir. Kəskin qaraciyər çatışmazlığı həm də fulminant qaraciyər çatışmazlığı adlandırılır. Bu vəziyyətin çox ciddi ağırlaşmaları var ki, bunlara da qanaxma və kəllədaxili təzyiqin artması aiddir. Bu xəstələrin hospitalizasiya olunması labüddür. Əksər hallarda müalicə ilə xəstəni vəziyyətdən çıxartmaq mümkün olsa da, bəzi hallarda qaraciyər transplantasiyası yeganə müalicə üsulu olur.

Kəskin qaraciyər çatışmazlığının əlamətləri bunlardır:

  1. Dəri və selikli qişaların saralması
  2. Qarının yuxarı sağ tərəfində ağrıların olması
  3. Qarında şişkinliyin əmələ gəlməsi
  4. Ürəkbulanma və qusma
  5. Ümumi zəiflik
  6. Huşun qarışması
  7. Yuxuculluq

Kəskin qaraciyər çatışmazlığı həyati təhlükəli vəziyyətdir, əgər xəstədə sarılıq, huşun qaralması, davranışın dəyişməsi ilə bərabər qarının yuxarı nahiyəsində ağrılar əmələ gəlirsə dərhal həkimə müraciət etmək lazımdır.

Səbəbləri:

Kəskin qaraciyər çatışmazlığında qaraciyər hüceyrələri əhəmiyyətli dərəcədə zədə görürlər və lazım olan funksiyanın yerinə yetirə bilmirlər.

  1. Asetaminofen zəhərlənməsi – Yol verilən dozadan artıq asetaminofen (tylenol, paracetamol) qəbul etməklə yaranan kəskin qaraciyər çatışmazlığı ən çox rast gəlinən səbəblərdəndir. Xəstələr tək bir dəfə həddən artıq yüksək doza qəbul etməklə və ya bir neçə gün məsləhət görülən dozadan artıq qabul etməklə bu vəziyyətə düşə bilərlər. Kimsə yol verilən dozadan artıq asetaminofen qəbul edərsə vaxt itirmədən, kəskin qaraciyər çatışmazlığı əlamətlərinin yaranmasını gözləmədən həkimə müraciət etmək lazımdır. Çünki, əlamətl 48 saatdan sonra əmələ gələcək ki, bu da gec ola bilər.
  2. Bəzi təyin olunmuş dərmanlar: antibiotiklər, qıcolmaya qarşı olan dərmanlar, qeyri steroid iltihab əleyhinə olan dərmanlar kəskin qaraciyər çatışmazlığı törədə bilər.
  3. Bitki əlavələri – qaraciyər çatışmazlığı verən herbal dərmanlar, və əlavələrlə zəhərlənmə halları
  4. Hepatit virusları – Hepatit A, hepatit B və hepatit E kəskin qaraciyər çatışmazlığı verə bilər. Bunlardan başqa bəzi hallarda Epşteyn Barr, sitomeqalovirus və herpes virusu da kəskin qaraciyər çatışmazlığı verə bilər.
  5. Toksinlər – müxtəlif zəhərli göbələklərin toksinləri, soyuducularda olan karbon tetraxlorid və s. maddələr səbəb ola bilər.
  6. Autoimmun xəstəlik – Kəskin qaraciyər çatışmazlığı autoimmun xəstəlikdən də yarana bilər.
  7. Qaraciyər venalarında olan xəstəliklər- Baddi Kiari sindrom
  8. Metabolik xəstəliklər – Çox az rast gəlinən metabolik xəstəliklərdən Vilson xəstəliyi kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Hamiləlik zamanı yaranan kəskin yağlı qaraciyər də buna aiddir.
  9. Xərcəng xəstəliyi- qaraciyərə yayılmış xəcəng xəstəliyi də qaraciyər çatışmazlığına səbəb ola bilər.
  10. Şok – septik vəziyyət və şok qaraciyərin qan dövranını pozaraq qaraciyər çatışmazlığı verə bilər.
  11. Çox sayda kəskin qaraciyər çatışmazlığının aydın olmayan səbəbi də olur.

Kəskin qaraciyər çatışmazlığı niyə görə təhlükəlidir?

  1. Beyin toxumalarına həddən artıq maye toplanmasına səbəb ola bilər. Buna beyin ödemi deyirik. Beyin ödemi kəllədaxili təzyiqi yüksəldə bilər
  2. Qan laxtalanma sisteminin pozulmasına və qanaxmaya səbəb ola bilər. Kəskin qaraciyər çatışmazlığı zamanı qaraciyər qan laxtalanma faktorlarını sintez edə bilmir və qanın laxtalanması pozulur. Bu da çox zaman həzm traktında qanaxmalara səbəb olur, hansıları ki, kontrol etmək bəzən çox çətin olur.
  3. İnfeksiya inkişaf edə bilər. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrin ağciyərlərində, sidik yolları və qanda infeksiya yarana bilər.
  4. Böyrək çatışmazlığı

Necə diaqnoz qoymaq olar?

Qaraciyər sınaqları, protrombin zamanı, İNR, Albumin kimi qanın biokimyəvi analizləri olunmalıdır. Adətən qaraciyər enzimləri katastrofik yüksəlmiş olur, İNR və bilirubin yüksəlməkdə davam edir, Albuminin isə miqdarı azalır.

Ultrasəs müayinə, komputer tomoqrafiya və maqnit rezonans müayinələri oluna bilər. Bunlar adətən Baddi Çiari və şiş kimi xüsusi səbəbləri müəyyən etməyə kömək edir.

Qaraciyər biopsiyası. Bu kəskin qaraciyər çatışmazlığının səbəbini müəyyən etməyə də kömək edə biər.

Müalicə

Kəskin qaraciyər çatışmazlığı stasionarda, intensiv terapiya və ya reanimasiya şöbələrində aparılmalıdır. Yaxşı olar ki, müalicə ümumilikdə transplantasiya servisi olan xəstəxanada aparılsın. Adətən aparılan müalicənin məqsədi kəskin qaraciyər çatışmazlığının ağırlaşmalarının qarşısını almağa yönəldilir ki, qaraciyər sağalmağa vaxt qazansın.

Zəhərlənmənin antidotları istifadə edilə bilər. Məsələn asetaminofen zəhərlənmələrində asetilsistein istifadə edilir.  Asetilsistein digər səbəblərlə yaranmış kəskin qaraciyər çatışmazlığında da kömək edir. Göbələk zəhərlənmələrində də zəhər əleyhinə dərmanlardan istifadə edilir.

Kəskin qaraciyər çatışmazlığı dərmanlar vasitəsi ilə müalicə edilə bilmədikdə qaraciyər transplantasiyası yeganə yol olur. Bu xəstələrin transplant komandasına vaxtında tanıdılması transplantasiya əməliyyatı üçün donor hazırlığına vaxt itirməməyə səbəb olar.

Ümumilikdə isə müalicə beyin ödeminin yaranmaması üçün, infeksiyanın qarşısını almaq üçün, kəskin qanaxmaların olmaması üçün aparılan profilaktik dəstəkverici tədbirlərdən ibarətdir.

 

Sizə bunlar da maraqlı ola bilər.

Qaraciyər zədələnmələrində dərəcələnmə sistemi     http://virtualklinika365.com/?p=227

Öd yollarının zədələnmələri, öd qaçaqları zamanı müalicə taktikası   http://virtualklinika365.com/?p=246

Xolangiokarsinoma nədir?   http://virtualklinika365.com/?p=208

Öd yollarının xoşxassəli strikturası və müalicəsi     http://virtualklinika365.com/?p=304

Yatrogenik öd yolları zədələnmələri və müalicəsi    http://virtualklinika365.com/?p=258

 

 

 

 

 

Qaraciyər travmaları zamanı istifadə edilən dərəcələnmə sistemi

1994 cü ildə yaradılmış Amerika Travma Cərrahiyyəsi Assosiasiyasının (AAST – American Association of Surgery for Trauma)  tərtib etdiyi qaraciyər zədələnmələrinin dərəcələnməsi ən çox istifadə edilən klassifikasiya sistemidir.

1-ci dərəcə (grade)

Qaraciyərin səthinin 10%-dən az sahəsini tutan subkapsulyar hematoma və ya kapsulun cırılması və qaraciyər parenximasının 1 sm dən dərin olmayan cırılması

2-ci dərəcə

Qaraciyər səthinin 10-50% ni əhatə edən subkapsulyar hematoma

Parenximdaxili 10sm dən kiçik diametrli hematoma

Uzunluğu 10 sm dən kiçik, dərinliyi isə 1-3 sm arası olan parenxima cırılması

3-cü dərəcə

Qaraciyər səthinin 50%- dən çoxunu təşkil edən susbkapsulyar hematoma

Parenximdaxili 10sm-dən böyük diametrli hematoma və ya genişlənməkdə olan hematoma

Parenximin 3 sm-dən dərin cırılması

4 cü dərəcə

Qaraciyər payının 25-75% ni əhatə edən parenximal cırılma və ya 1-3 arası Coinaud seqmentləri əhatə edən cırılma

5 ci dərəcə

Qaraciyərin payının 75% dən çoxunu əhatə edən cırılma, və ya eyni payın 3 dən çox Coinaud seqmentini əhatə edən cırılma

Venoz damarların cırılması – qaraciyərin mərkəzi iri venalarının və ya retrohepatik venalarının cırılması

6 cı dərəcə

Vaskulyar – Qaraciyərin bir hissəsinin qopması