Klatskin şişi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Kamran Beydullayev
Kamran Beydullayev

Klatskin şişi nədir?

Sağ və sol qaraciyər axarlarının birləşib ümumi qaraciyər axarı əmələ gətirdiyi nahiyədə -qaraciyər qapısında  yaranan xərcəng şişi Klatskin şişi adlanır. Öd yollarından inkişaf edən xərcəng xəstəliyi xolangiokarsinoma adlanır. Bunun da 70%-ə qədəri Klatskin şişi olur.

Öd yollarında kəskin və xroniki proseslərə səbəb ola bilən bir çox xəstəliklər bu nahiyədə xərcəng əmələ gəlməsinə səbəb ola bilər. Bunlara Birincili sklerozlaşan xolangit, Karol xəstəliyi, Pankreas axarının abnormal açılması nəticəsində olan refluks, parazit infeksiyası, öd yollarında olan daş və sairə xəstəliklər aid ola bilər. Adətən 60 yaşdan sonra rastgəlmə tezliyi artır.

Klatskin şişinin ilkin mərhələləri əlamətsiz keçir. Xəstəlik inkişaf etdikcə əlamətlər əmələ gəlir. Bu əlamətlər qarında ağrı, izah edilə bilməyən çəki itkisi, ümumi zəiflik, qaşınma, sarılıq ola bilər.  Metastazlar olduqda buna uyğun əlamətlər də əmələ gələ bilər.

Klatskin şişinin diaqnozu adətən radioloji üsullarla qoyulur. Ultrasəs müayinə ilkin vasitə kimi istifadə edilə bilər. Lakin tam dəqiq görüntü və əməliyyat üçün lazım olan informasiya KT müayinə nəticəsində alına bilər. Endoskopik retroqrad xolangiopankreatoqrafiya diaqnoz qoyulmasında yararlı ola bilər. Bu həm də biopsiya üçün istifadə edilir. Laborator müayinələrdən CA 19-9 onkomarkerinin yüksəlməsi xolangiokarsinomaya işarədir. Amma bu bütün hallarda yüksəlmir. Qaraciyərin laborator göstəricilərinin dəyişməsi şişin ölçüsü ilə və öd yollarını blok etməsi ilə bağlı olur.

Klatskin şişi
Klatskin şişinin klassifikasiyas

Klatskin şişinin müalicəsinin məqsədi şişi kəsib çıxartmaq və öd yollarının davamlılığını bərpa etməkdir. Xəstəliyin ilkin mərhələlərdə diaqnozu bu xəstəlikdən tam sağalmaq üçün şans verir. Cərrahi əməliyyatdan başqa radioterapiya və kimyəvi terapiya da istifadə edilə bilər. Müalicənin effektivliyi şişin hansı mərhələdə aşkarlanmasından asılıdır. Şişin çox böyük ölçülərində bu müalicə çox da faydalı olmur.

Əməliyyat zamanı şiş tam sağlam toxumalar səviyyəsindən kəsilib çıxarılmalıdır. Bu halda qaraciyərin quyruqlu payının kəsilib çıxarılması da bu prinsipı əməl etməyə kömək edir.

Əməliyyat mümkün olmadıqda ödün axınını təmin etmək üçün plastik və metal stentlər qoyula bilər. Bu həm ERXP, həm də invaziv radioliji metodla qoyula bilər.

Perkutan transhepatik kateter ödün xaricə axmasına kömək edə bilər və palliativ tədbirlərin bir hissəsidir.

perkutan transhepatik kateter
hepatikoyeyunostomiya

Xəstəlik gec mərhələlərdə aşkarlandığı üçün proqnoz çox da sevindirici deyil. Əməliyyat oluna bilən xəstələr üçün 30%-ə qədər  xəstəlikdən tam xilas olmaq şansı var.

P.S. Bu şişlərin müalicəsi qaraciyər transplantasiya mərkəzlərində aparılmalıdır. Əməliyyat kifayət qədər tələbkardır, müxtəlif ağırlaşmalarla müşahidə edilə bilər. Qaraciyər əməliyyatları ilə müntəzəm məşğul olan komandalaraın bu şişlə mübarizədə daha uğurlu olması ehtimal daha yüksəkdir. Orqan transplantasiya mərkəzi olaraq bu cür xəstələrə müalicə üçün müraciət etməyi təklif edə bilərik.

Klatskin şişi
Kamran Beydullayev

Bunlar da maraqlı ola bilər.

 

 

Xolangiokarsinoma -Öd yolları xərcəngi

Öd yollarının hüceyrələrindən inkişaf edən xərcəng xəstəliyinə xolangiokarsinoma deyilir.  Bu öd yolları həm qaraciyər daxilində var, həm də qaraciyərdən kənarda. Bu şişlərin əmələ gəlmə səbəbi aydın deyil. Diaqnoz qoyulan ərəfəyə qədər  xolangiokarsinomalar  adətən kifayət qədər irəliləmiş mərhələdə olurlar. Xolangiokarsinomalar öy yollarının istənilən nahiyəsindən inkişaf edə bilər. Adətən onlar öd yollarının mənfəzini bağlayaraq mexaniki sarılıq yaradırlar. Qadınlarda və kişilərdə eyni nisbətdə əmələ gələ bilərlər, 65 yaşdan sonra daha tez tez rast gəlinir. Aşağıdakı xəstəlikləri olan insanların bu xəstəliyə tutulma şansları daha çoxdur.

1.       Öd yolları kistaları (xoledoxal sistlər)

2.       Xroniki öd yolları və qaraciyərin iltihabi xəstəlikləri

3.       Qaraciyərin parazit invaziyası

4.       Birincili sklerozlaşan xolangit

5.       Xoralı kolit

Əlamətləri

1.       Qızdırma və üşütmə ( xolangit əlaməti)

2.       Tünd rəngli sidik və açıq rəngli nəcis ( mexaniki sarılıq)

3.       Qaşınma (öd turşuları)

4.       İştahanın azalması

5.       Qarının yuxarı sağ tərəfində kürəyə irradiasiya edən ağrılar

6.       Çəkinin azalması

7.       Dərinin saralması

Müayinələr

1.       Komputer tomoqrafiya və ultra sən müayinəsi

2.       ERCP ( endoskopik retroqrad xolangiopankreatoqrafiya)

3.       ERCP vasitəsi ilə götürülən biopsiya xəstəliyi təsdiqləyə bilər.

4.       Qaraciyərin sınaqlar

Müalicənin məqsədi şişi və onun yaratdığı öd yolları blokadasını aradan qaldırmaqdır. Şişin çıxarılması mümkün olan hallarda cərrahi əməliyyat  seçim müalicədir və xəstəni birdəfəlik xilas edə bilər. Bəzən diaqnoz qoyulan ana qədər şiş uzaq orqanlara yayılmış vəziyyətdə olur. Bu zaman əməliyyat mümkün olmur.

Kimyəvi müalicə və şüa müalicəsi adətən əməliyyatdan sonra verilir ki, şişin geri qayıtmasını əngəlləsin. Amma onun da faydası hələ sübut olunmayıb.Endoskopik yollarla stentin qoyulması öd yollarında olan blokadanı müvəqqəti aradan qaldırmaq üçündür. Şiş çıxarıla bilinmədiyi hallarda bu üsul mexaniki sarılığı aradan qaldırmaq üçün istifadə edilir.

Proqnos

Şişin cərrahi çıxarılması bir qrup insanlara tam sağalmaq imkanı verir.