Düz bağırsaq xərçəngi. Mezorektal eksiziya niyə lazımdır?

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Düz bağırsaq xərçəngi geniş yayılmış xərcəng növlərindən biridir. Köhnə tədqiqatlarda düz bağırsaq xərcənginə görə əməliyyat olunan xəstələrin 30%- dən çoxunda şişin təkrar əmələ gəlməsi  qeyd edilir. Düz bağırsaq xərcənginin cərrahi müalicəsinin əsas təməl prosedurları abdominoperineal rezeksiya (düz bağırsağın anusla birlikdə kəsilib çıxarılaraq daimi kolostomanın qoyulması) və aşağı ön rezeksiyasıdır . Bu əməliyyatların yüksək riskləri vardır. 1979 cu ildə Healed düz bağırsaq xərcənglərində lokal təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaldan daha bir cərrahi texnika təklif etdi. Bu cərrahi texnika total mezorektal eksiziya adlanır (TME). Bu üsulun mahiyyəti mezorektumu əhatə edən visseral fassiyanın çanağı örtən parietal fassiyadan iti üsulla kəsilərək disseksiya edilməsidir. Düz bağırsaq xərcənginin cərrahi əməliyyatı zamanı bu məntiqi müstəvidən mezorektumun tam kəsilib çıxarılması əməliyyatın nəticəsinə əhəmiyyətli dərəcədə təsir edir. Əməliyyat zamanı total mezorektal eksiziya edilməyən xəstələrlə müqayisədə şişin yaxın müddət üçün təkrar olunma göstəricisi bu prosedura tətbiq olunandan sonra  30% dən 5% ə qədər enmişdir.

Düz bağırsaq xərcəngi
Total mezorektal eksiziya

Araşdırmalar yuxarı düz bağırsaq xərcəngi zamanı şiş hüceyrələrinin mezorektumda şişin sərhəddindən 5 sm dən distala yayılmadığını göstərir.

Total mezorektal eksiziya əməliyyatının nisbətən daha yüksək ağırlaşma riskləri var. Bunlara anastomoz qaçaqları, yara infeksiyası, sidik və seksual disfunksiyalar, və daha tez tez defekasiya halları aiddir.

Son zamanlar bu əməliyyat laparoskopik icra edilir. İlk başlanğıcda əməliyatın laparaskopik icra edilməsinə şübhə ilə yanaşılsa da, sonralar tədqiqatlar göstərdi ki, şişin təkrar olunma riskində də, ağırlaşmaların olma riskində də laparoskopik üsul açıq üsuldan heç də fərqlənmir.

Total mezorektal eksiziya
Düz bağırsaq xərcəngi

Hal hazırda düz bağırsaq xərcənginin müalicəsində multidissiplinar yaxınlaşma tətbiq olunur. Bu müalicəyə kimyəvi və radioterapiya da daxildir. Əməliyyatdan öncə kimyəvi terapiya və ya radioterapiyanın tətbiq olunması şişin həcmcə kiçilməsinə səbəb olur və əməliyyatı texniki asanlaşdırır və lokal təkrar olunma riskini azaldır.

Dr. Kamran Beydullayev
Kamran Bedullayev

Bunlar da maraqlı ola bilər

 

 

Yoğun bağırsaq xərcənginin cərrahi müalicəsinin təməl prinsipləri

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Giriş. Yoğun bağırsaq şişlərinin cərrahi müalicəsi bu xəstəliyin müalicəsinin əsas dayaq sütunu sayılır. Yoğun bağırsaq xərçənginin yaşlı adamlarda daha tez tez rastlandığını, bu xəstəliklə bərabər çoxlu sayda yanaşı xəstəliklərinin olmasını nəzərə alsaq bu əməliyyatın da kifayət qədər riskli olmasını söyləmək lazımdır. Bundan başqa bu xəstəlik çox zaman bağırsaq keçməməzliyi və kəskin qanaxmalarla müraciət edir və onlar təcili əməliyyat olunurlar ki, bu da morbidliyi və mortaliti göstəricilərini artırır. Son zamanlar klassik açıq əməliyyatlar müxtəlif əl yardımlı laparoskopik, total laparoskopik, robot texnikaları ilə zənginləşdirilmişdir. Bütün bunlara baxmayaraq kolorektal cərrahiyənin ümumi prinsipləri dəyişməz olaraq qalıb.

Yoğun bağırsaq xərcəngi bədxassəli şiş səbəbindən ölümə görə 3 cü yerdə durur. Amerikada və Avropada daha geniş yayılmışdır. Tədqiqatçılar hesab edir ki, diet faktorunun burda çox böyük rolu var. ,,Fast food,, xolestrolla zəngin qidalar, alkoqol və s. günahlandırılan amillərdəndir. Bundan başqa aşağı fibrinli qidalar qəbizliyə səbəb olur ki, bu da hesab edilir ki, karsinogen maddələrin bağırsaq divarı ilə kontakt müddətinin uzanmasına və xərcəng ehtimalının yüksəlməsinə səbəb olur. Müxtəlif genetik xəstəliklər də bu prosesdə iştirak edir.

Əməliyyatönü hazırlıq. Yoğun bağırsaq şişlərində əvvəllər ancaq cərrahi üsuldan istifadə edilirdi. Sonralar kimyəvi müalicə və radioterapiya cərrahi əməliyyatlara yardımçı olmağa başladı. Bağırsağın cərrahi rezeksiyası müalicənin əsas hissəsidir və xəstəyə bu xəstəlikdən birdəfəlik xilas olmaq şansı verir. Bu xəstələrdə adətən yanaşı xəstəliklər olduğu üçün əməliyyatdan öncə onların yetərincə müayinələr olunub, əməliyyata hazırlanmasında fayda var. Bundan başqa KT müayinə vasitəsi ilə digər orqanlarda və ağciyərdə metastazların olub olmaması aydınlaşdırılmalı, tam kolonskopiya vasitəsi ilə sinxron xərcəngin olub olmaması bilinməli, karsinoembryogen antigen əməliyyatdan sonrakı skriininqə faydalı olması üçün ölçülməlidir. Bundan başqa rektal şişlərdə endoskopik ultrasəs müayinəsi şişin hansı qatlara yayılmasını da çox dəqiqliklə göstərir.

Yoğun bağırsaq xərcəngi bu istiqamətdə uyğun təcrübəsi olan cərrah tərəfindən icra edilməlidir. Həm də bu müalicədə multidissiplinar komanda iştirak etməlidir. Bu komandaya radioloq, şüa müalicəsi spesialisti, kimyəvi terapiya edəcək həkim, histopatoloq və cərrah daxil olmalıdır.

Əməliyyatdan öncə xəstə mütləq metastazların mövcud olub olmaması üçün müayinələr olunmalıdır. Amma metastazların olması əməliyyata əks göstəriş deyildir. Çünki xərcəngin ağırlaşmaları olan bağırsaq keçməzliyinin və qanaxmaların müalicəsi də elə əməliyyatdır. Lakin bu zaman daha qənaətçil əməliyyat texnikasından istifadə etmək məsləhətdir.

Əməliyyatın ümumi prinsipləri. Şişin yerləşməsindən asılı olaraq kolon əməliyyatı üçün müxtəlif həcmli əməliyyatlar mövcuddur. Məhdud və kənari rezeksiyalar yetərli deyildir. Əməliyyat zamanı şişin drenaj olunduğu limfa hövzəsi də kəsilib çıxarılmalıdır. Rezeksiya kəsikləri şişdən ən azı 5 sm məsafədə olmalıdır. Əməliyyat zamanı bütün qarın boşluğu tam şəkildə müayinə olunmalıdır. Əməliyyat zamanı çıxarılan limfa düyünlərinin sayı 12 dən çox olduqda məqbul sayılır. Müxtəlif əməliyyat texnikaları istifadə edilir. Bunlara sağ tərəfli hemikolektomiya, genişləndirilmiş sağ hemikolektomiya, köndələn çənbər bağırsaq rezeksiyası, sağ tərəfli hemikolektomiya, S-vari bağırsaq rezeksiyası əməliyyatları aiddir. Bundan başqa qeyri spesifik xoralı kolit və ailəvi adenomatoz polipoz üçün proktokolektomiya əməliyyatı icra edilir. Kolostoma və ileostoma texnikaları isə təcili yardım setində və ya yuxarıda sadalanan əməliyyatların bir parçası kimi istifadə edilə bilər.

Düz bağırsaq şişlərində əməliyyat yüksək və ya aşağı ön rezeksiyadan ibarətdir. Anastomozlar uc uca və uc yana qoyula bilər. Düz bağırsaqda çox distalda yerləşən şişlər üçün qarın aralıq rezeksiyası əməliyyatı aparıla bilər. Bu xəstələr daimi kolostoma ilə qalmalı olurlar. Adətən anal sfinkterdən 5 sm məsafədə olan şişlərdə bu əməliyyat tətbiq olunur. Sirkulyar staplerlərin tətbiqi indi daha dərin nahiyələrdə anastomozlar qoymağa imkan verir. Bundan başqa total mezorektal eksiziya aşağı ön rezeksiya və qarın aralıq rezeksiyaları üçün məsləhət görülür. Yuxarı rektal şişlər zamanı mezorektal eksiziya şişdən əz azı 5 sm aşağıda olmalıdır. Əməliyyatın bu hissəsi zamanı çanaq avtonom sinirlərini və sinir kələflərini zədələməməyə çalışmaq lazımdır. Şişin perforasiyasından ehtiyatlı olmaq lazımdır. Düz bağırsaq şişlərində rezeksiyanın sərhəddi distalda şişdən 2sm məsafədə olsa yetərlidir.

Çox aşağı səviyyəli anastomozlar çox yüksək anastomoz qaçağı ehtimalları ilə tanındığı üçün bu əməliyyatlarda müvəqqəti yuxarı kolostoma qoyulması da məsləhət ola bilər.

Təcili Əməliyyatlar. Yoğun bağırsaq şişlərinin təcili müraciətləri zamanı əgər perforasiya və çoxlu qanitirmə yoxdursa əməliyyatı çalışıb gündüz vaxtı klinika tam gücü ilə fəaliyyət göstərən vaxtda etmək məsləhətdir. Sol tərəfli şişlərdə adətən xəstənin vəziyyəti yol verirsə Hartman proseduru və ya əlverişli situasiyalarda rezeksiya edib uc uca anastomoz qoyulması texnikası seçilə bilər. Sağ tərəfli şişlərdə isə adətən sağ hemikolektomiya əməliyyatı və birincili anastomoz edilir. Burada stoma çıxarılmasına adətən ehtiyac olmur.

Hal hazırda endoskopik stentlərin qoyulması kliniki eksperiment keçməkdədir. Bu üsul əməliyyatı təcili setdən planlı əməliyyata çevirməyə imkan verə bilər.

Laparoskopla ilk kolektomiya əməliyyatı 1991 ci ildə həyata keçirilib. Tədqiqatlar göstərir ki, laparoskopik yaxınlaşma zamanı da onkoloji prinsiplərə tam riayət etmək mümkündür. Bu əməliyyat həm əl yardımlı laparoskopiya, həm də total laparoskopiya texnikası ilə həyata keçirilə biər.

Bunlar da maraqlı ola bilər

Bağırsaq xərcəngi genetik xəstəlikdirmi?

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Bağırsaq xərcənginin təqribən 5-10% -i genlə ötürülən mutasiyalar səbəbindən yaranır. Mutasiyalar valideyndən övladına ötürülən genetic dəyişikliyə deyilir.

Bu xəstəliklərdən ikisi daha çox tədqiq olunmuşdur. Bunlar FAP (familial adenomatous polyposis) ailəvi adenomatoz polipoz və HNPCC ( hereditary non polypos colon cancer) irsi ötürülən polipsiz kolon xərcəngidir. Bunlardan başqa digər AFAP (Attenuated familial adenomatouz polyposis) və MAP (MUTYH associated polyposis) kimi iris ötürülən bağırsaq xərcənginə səbəb olan genetic mutasiyalar da məlumdur.

Bəzi ailələrdə yoğun bağırsaq xərcənginin çox güclü tarixçəsi mövcuddur, amma hansı genin mutasiyasının buna səbəb olması aydınlaşdırla bilinmir. Həm də bu yoğun bağırsaq şişinin ailə tarixçələri təkcə baırsaq şişi törədən gen səbəbindən deyil, bu insanları bağırsaq xərcənginə həssas edə bilən gen səbəbindən də yaranması mümkündür.

İrsi ötürülən yoğun bağırsaq xərcəngləri bunlardır.

  1. FAP- ailəvi adenomatoz polipoz. Yoğun bağırsaqda yüzlərlə və minlərlə xərcəngönu poliplər müvcud olur.
  2. Linç sindromu-HNPCC. Bu halda bağırsaq şişi polipdən inkişaf etmir və bu xəstələrdə endometriumun, yumurtalığın, sidik yollarının, beynin, mədənin və mədəaltı vəzinin də xərcənginin olma ehtimalı yüksəkdir.
  3. MYH –lə bağlı polipoz. Bu zaman bağırsaqda FAP –ın yüngül formalarında rast gəlinə bilən qədər xərcəngönü poliplər rastlanır.

Bir sıra genetik testlər mövcuddur ki, pasientlərin yoğun bağırsaq xərcənginə yoluxmaq ehtimalının yüksəlməsini göstərsin. Bu mutasiyalara MLH1, MSH2, APC, MCH 6, PMS 2 və MUTYH aiddir. Bu testlər vasitəsi ilə xəstənin və ailə üzvlərinin bağırsaq xərcəngi risklərini müəyyən etmək olar.

Ümumilikdə söyləsək yaxın qohumlarda bağırsaq xərcənginin olması pasientin bağırsaq xərcəngi tutma ehtimalını yüksəldir, və bu fakt risk faktor sayılır. Amma yoğun bağırsaq şişlərinin 90 % nin heç bir irsiyyətlə əlaqəsi olmamasını bilmək lazımdır.

Bunlar da maraqlı ola bilər

Yoğun bağırsaq şişlərinin əlamətləri

Yoğun bağırsaq şişlərinin səbəbləri və risk faktorlar

Kron xəstəliyi

Qeyri spesifik xoralı kolit

Yoğun bağırsaq şişlərinin əlamətləri

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Yoğun bağırsaq şişinin əlamətləri ilə tanış olmadan öncə bilmək lazımdır ki, bu əlamətlər təkcə yoğun bağırsaq xərcənginə xarakterik deyil. Çoxlu xəstəliklər vardır ki, onlar da bu əlamətlərlə üzə çıxır. Bunlara qıcıqlanan bağırsaq sindromu, iltihabi bağırsaq xəstəlikləri, babasil, bağırsaq infeksiyaları və sairə aiddir. Əksər hallarda bu əlamətlər olan adamda xərcəng xəstəliyi deyil, digər xəstəliklər olur. Bu əlamətlərin olması sadəcə ondan xəbər verir ki, siz öz doktorunuzla görüşməli və vəziyyətinizi aydınlaşdırmalısınız.

Yoğun bağırsaq xərcənginin ən çox rast gəlinən əlamətləri aşağıdakılardır.

  1. Bağırsaq vərdişlərinin dəyişməsi. Bu o deməkdir ki, xəstənin əvvəllər vərdiş elədiyi bağırsaq hərəkətləri dəyişməyə başlayır. Məsələn, qəbizliyə meyilli olan xəstədə ishal əmələ gəlir və ya tərsinə, gündə 1 dəfə böyük bayıra çıxan xəstə indi bunu 2-3 gündən bir edir, nəcis nazikləşir və sairə.
  2. Böyük bayıra çıxmaq istəyi. Xəstələrdə elə bir hissiyat olur ki, o böyük bayıra çıxmaq istəyir, amma defekasiyadan sonra bu hiss keçmir. Bu adətən solda, düz bağırsağa yaxın şişlərdə olur.
  3. Düz bağırsaq qanaxması. Bu bəzən xəstə stul ifrazı zamanı nəcisin üstündə qan olması ilə təzahür edir, bəzən də defekasiya olmadıqda belə anusdan qan axması ilə görsənir.
  4. Qarında sancışəkilli ağrılar. Şiş bağırsaq mənfəzini daraltdıqca bağırsaq möhdəviyyatının keçməsi çətinləşir, kompensator bağırsaq peristaltikaları qarında sancışəkilli ağrıların əmələ gəlməsinə səbəb olur. Adətən kolonun sağ tərəfində olan şişlər qanazlığı və qanaxma ilə manifestasiya edir, sol tərəfdəki şişlər isə bağırsaq keçməməzliyi əlamətləri ilə. Çünki, kolonun sağ tərəfi daha geniş mənfəzə malik olur, və burada mənfəzin daralmasına qədər digər əlamətlər üzə çıxır.
  5. Ümumi zəiflik və yorğunluq
  6. Çəkinin azalması. Şiş toxumasının ifraz etdiyi toksiki maddələr orqanizmdə maddələr mübadiləsini pozur, eyni zamanda iştahsızlıq yaradır ki, bu da bir neçə ay ərzində çəki itkisinə səbəb olur.

Bir daha təkrar etmək istəyirəm ki, bu əlamətlər digər xəstəliklərə də aiddir, və bu əlamətlər olan xəstələrin əksəriyyətində şiş olmur. Lakin bu əlamətlər olduqda mütləq həkiminizə müraciət edin. Yoğun bağırsaq şişlərinin müalicəsinin effektivliyi onların vaxtında diaqnoz qoyulmasından çox asılıdır. Əgər vaxtında diaqnoz qoyularsa xəstələrin 90% -i bu xəstəlikdən birdəfəlik xilas ola bilər.

Bunlar da maraqlı ola bilər

Yoğun bağırsaq şişlərinin səbəbləri və risk faktorlar

Kron xəstəliyi

Qeyri spesifik xoralı kolit

Bağırsaq şişinə görə əməliyyatdan video

 

 

 

Yoğun bağırsaq şişlərinin səbəbləri və risk faktorları

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Yoğun bağırsaq şişləri həm kişilərdə həm də qadınlarda geniş yayılmışdır. Bu xəstəlik xərcəng səbəbi ilə ölümlər arasında dünyada 3 cü yerdədir. Statistikada Amerika əhalisinin 5%-ə qədəri ömrünün hansısa mərhələsində bu xəstəliklə üzləşir. Bu xəstəliyə tutulanların da təqribən 30% elə bu səbəbdən də vəfat edir. Bu xəstəliyə tutulmanın risk faktorlarını bilməklə və vaxtı çatanda müntəzəm yoxlamalardan keçmənin əhəmiyyətini anlamaqla yuxarıda deyilən xoşagəlməz nəticələrdən qurtarmaq olar. Yoğun bağırsaq şişinin müalicəsinin nəticəsi onun aşkar edilmə vaxtından çox asılıdır. Əgər diaqnoz qoyulan anda şiş yayılıbsa o zaman xəstəlikdən birdəfəlik qurtarmaq şansları çox çox aşağı olur. Ümumilikdə 50 yaşdan etibarən insanların yoğun bağırsaq şişinə görə müntəzəm yoxlanması məsləhət görülür. Yoğun bağırsağın şişə görə skriin məqsədi ilə yoxlanması kolonskopla həyata keçirilir ki, bu müayinə metodunun da həssaslığı çox yüksəkdir. Bu o deməkdir ki, bu yolla yoğun bağırsaq şişi vaxtında aşkar edilir, və radikal müalicəyə yararlı olur. Bu yolla həm də şişönü vəziyyətləri aşkar etmək olar və vaxtında qarşısını almaq olar. Məsələn, bağırsaq poliplərinin aşkar edilməsi və elə endoskopla da çııxarılması buna aiddir.

Aşağıda sadalanan risk faktorları olan insanların bir qrupu 50 yaş deyil daha əvvəl bağırsaq şişinə görə yoxlanmalıdır. Ailədə bağırsaq şişi tarixçəsinin olması risk faktor olsa da nəzərə almaq lazımdır ki, yoğun bağırsaq xərçənginin əksəriyyəti əvvəllər ailəsində bağırsaq şişi olmayan insanlarda əmələ gəlir.

  1. Yaş– ən birinci risk faktorudur. Yoğun bağırsaq şişlərinin 81%-i yaşı 45 dən yuxarı olan insanlarda baş verir. Bunların da 65%-i 65-85 yaş arasında olan xəstələrdir.
  2. Alkoqol istifadəsi. Hal hazırda alkoqol kolorektal şişlər üçün major risk faktoru hesab edilir. Risk alkoqolun qəbulunu miqdarı ilə birbaşa xətti asılıdır. Hətta orta miqdarda alkoqol qəbulu insanı bu xəstəlik üçün risk altına qoyur.
  3. Şəkərli diabet. Bir neçə tədqiqat göstərmişdir ki, şəkərli diabetlə yoğun bağırsaq şişləri arasında əlaqə vardır. Şəkərli xəstələrin  digərlərindən 40% daha çox kolorektal şişlərə tutulmaq ehtimalı var. Başqa tədqiqatlar da bunun şəkərli xəstələrin qəbul etdiyi dietlə heç bir əlaqəsinin olmadığını göstərmişdir. Yəni şəkərli diabet sərbəst risk faktordur.
  4. Xüsuli ilə heyvan mənşəli yağlarla və xolestrolla zəngin qidaların yoğun bağırsaq şişləri ilə bağlılığı aşkarlanmışdır. Hesab olunur ki, yüksək yağlı qidalar bağırsaq hüceyrələrini kök hüceyrələrinə çevirə bilir ki, onlar da sonradan şiş hüceyrələrinə çevrilir. Fibrinlərlə, meyvə və tərəvəzlə zəngin olmayan qidalar da yüksəlmiş risklə bağlıdır.
  5. Etnik qruplar və irqlər. Etnosun da yoğun bağırsaq şişləri ilə bağlılığı sübut edilmişdir. Məsələn Amerikanın Afrikalı vətəndaşlarında bu xəstəlik digərlərindən 40% daha artıq rast gəlinir. Asiyalılarda isə bu müqayisədə bu xəstəlik daha az az olur.
  6. Ailə tarixçəsi. Əgər bir kəsin yaxın qohumu bağırsaq xərcəngi ilə xəstə olubsa, bu onun artıq bağırsaq xərcənginə tutulmaq riskinin digərlərindən daha artıq olması deməkdir. Əgər bu birinci dərəcəli qohumdursa bu risk iki dəfə və hətta 3 dəfə yüksəlir.
  7. Genetk faktor. Alimlər aşkar ediblər ki, hər 4 kolorektal şiş olan xəstənin birində genetik faktorun rolu var. Ən çox rast gəlinən irsi faktorlara ailəvi adenomatoz polipoz (FAP – familial adenomatouz poliposis)   xəstəliyini və İrsi polipoz olmayan bağırsaq xərcəngini  (HNPCC –hereditary non-polyposis colon canceer) göstərmək olar.
  8. İltihabi bağırsaq xəstəlikləri. Söhbət qeyri spesifik xoralı kolitdən və Kron xəstəliyindən gedir. Xəstələr nə qədər uzun müddət bu xəstəliklə xəstədirlərsə yoğun bağırsaq xərçənginin əmələ gəlmə riski bir o qədər yüksəkdir.
  9. Artıq çəki. Artıq çəki ilə bağırsaq şişi arasında əlaqə çox güclüdür. Artıq çəkili adamlar digərlərindən 30% artıq risk daşıyırlar.
  10. Xərcəngönü poliplər. Poliplər bağırsaq divarından mənfəzinə doğru inkişaf edən hüceyrə yığıntılarından ibarət bir törəmədir. Demək olar ki, bütün bağırsaq xərçəngləri normal hüceyrələrdən təşkil olunmuş adenomatoz pliplərdən inkişaf edir. Bu hüceyrələr sonralar dəyişərək bədxassəli olur və böyüməyə başlayır.
  11. Bu nəinki bağırsaqlar demək olar ki, bədəndə bütün orqan və sistemlərə təsir edir.

50 yaşına çatmış bütün insanlar yoğun bağırsaq şişlərinə görə müayinə olunmalıdır. Əgər sizdə bu şişlərin əmələgəlmə riskini artıran faktorlar varsa o zaman bağırsaq şişinə görə skriiningi daha erkən yaşda başlamaq üçün öz doktorunuza  müraciət edin.

Sizə həm də maraqlı ola bilər

Kron xəstəliyi

Qeyri Spesifik xoralı kolit