Xroniki genişlənən hematoma

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə 0504063853

Dr. Kamran Beydullayev
Kamran Beydullayev

Giriş

Adətən travmalardan sonra əmələ gələn hematomalar asanlıqla sorularaq yox olurlar. Amma bəzən bu hematomalar ətrafında fibroz psevdokapsullar əmələ gəlir və bu kapsulun içində maye toplaşaraq sist əmələ gətirir. Bu sistik törəmə aylar və bəzən də illər qalaraq yox olmur, əksinə genişlənməkdə və tam da aydın olmayan səbəbdən böyüməyə başlayır. Belə vəziyyətlərdə nəzərdən keçiriləcək və differensiyasiya ediləcək birinci amil bu törəmənin sarkoma ilə differensiyasiya edilməsidir.

Xəstə prezentasiyası

49 yaşında xəstə sol bud nahiyəsində şişkinlikdən və hərəkət zamanı ağrının olmasından şikayətlənir. Dediyinə görə 5 il əvvəl həmin nahiyədə travma alıb. Müayinələrdə bud nahiyəsində hematoma yarandığı söylənilib. Sonralar həmin şişkinlik qalmaqda davam edib. Sona 4 ayda isə tədricən böyüməyə başlayıb və ağrılar əmələ gəlib. Bu səbəbdən də klinikamıza müraciət edib.

Müayinədə ümumi vəziyyəti çox yaxşı, vital əlamətləri normaldır. Sol budun ön səthinin orta üçdə birində 10 sm diametrə yaxın bir şişkinlik görsənir. Şişkinlik bud əzələlərinin yığılma vəziyyətində daha aydın görsənir. Qızartı və yerli hərarət yüksəkliyi yoxdur. Palpasiyada ağrısızdır. Elastik konsistensiyalı, mobil şişkinlik dəriyə yapışmamışdır.

Laborator göstəricilər dəyişikliksizdir. Bud nahiyəsinin MRT müayinəsi bu nahiyədə olan sistik törəməni orqanizə olmuş hematoma kimi təsvir edir. Sarkomaya şübhəli bir şey görmür. Sistin aspirasiya mayesinin histoloji müayinəsi də sadəcə qan hüceyrələri göründüyünü qeyd edir.

Xəstəyə ,, Xroniki genişlənən hematoma,, diaqnozu qoyuldu və spinal anesteziya altında bud nahiyəsinin kistik törəməsinin kəsilib çıxarılması əməliyyatı icra edildi.

Bud nahiyəsinin travmadan sonrakı sisti
Bud nahiyəsinin xroniki genişlənən hematomasının çıxarılması əməliyyatı

Diskusiya

Xroniki genişlənən hematoma dedikdə travmadan ən azı 1 ay sonra belə hələ yox olmayan və böyüməkdə davam edən hematoma nəzərdə tutulur.  Bunun patogenezi hələ tam aydın olmasa da hesab edilir ki, qan və onun parçalanma məhsulları iltihab törədir və damarların keçiriciliyini artırır, eləcə də neoangiogenez prosesini sürətləndirir. Yeni yaranmış damarlardan axan qan qranulyasiya toxumasının formalaşmasına səbəb olur və hematomanın tədricən böyüməsinə səbəb olur. Hematomanın osmotikliyinin dəyişməsi də onun genişlənməsinə səbəb olan faktorlardan biri ola bilər.

Ən dəqiq diaqnozu kəsilib çıxarılmış törəmənin histoloji müayinəsi göstərir. Törəmə kəsilib çıxarıla bilmədikdə isə çox qiymətli məlumatı maqnit rezonans müayinəsi verə bilər.

Xroniki genişlənən hematomaların MRT ilə diaqnoz qoyulması çox asan olsa da yumşaq toxuma sarkoması ilə qarışdırma ehtimalı da vardır. Ona görə də MRT nin cavabı diqqətlə araşdırılmalı, sarkoma üçün xarakterik olan əlamətləri nəzərdən qaçırmamağa çalışılmalıdır. MRT dan başqa kliniki tarixçə də diaqnoz qoymağa kömək edə bilər. Məsələn travma hekayəsi hematomaya və ya törəmənin çox sürətlə böyüməsi  sarkomay işarə ola bilər. Xroniki genişlənən hematoma nəhayətdə neoplastik törəməyə də çevrilə bilər.

Cərrahiyə birinci seçim müalicə üsuludur. Əgər xroniki genişlənən hematomanın fibroz kapsulu tam çıxarılmasa onun təkrar əmələ gəlmək şansı yüksəkdir.

Nəticə:   Xroniki genişlənən hematomalar klinikasına görə yumşaq toxuma sarkomalarına bənzəyir, və müayinələr zamanı mütləq differensiyasiya olunmalıdır. Histoloji müayinə çox qiymətlidir.

Bunlar da maraqlı ola bilər.