Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853
Yırtıq dedikdə boşluq daxilindəki orqanların boşluğun divarında olan deffektdən, dəlikdən kənara çıxmasına deyilir. Ümumi cərrahiyyədə burada söhbət adətən qarın boşluğundan və qarının ön divarında olan defektdən gedir. Bu zaman qarın boşluğu orqanları onları əhatə edən peritonla bərabər qarın divarında olan dəlikdən (yırtıq qapısından) dəri altı sahəyə çıxır. Müxtəlif cür yırtıqlar mövcuddur. Bunlardan aşağıdakılar ən çox rast gəlinir.

- Qasıq yırtığı. Qasıq nahiyəsində qasıq büküşündən yuxarıda qabarma ilə görsənir. Bütün yırtıqların 75%-i qasıq yırtıqlarıdır. Kişilərdə qadınlardan daha çox rast gəlinir. Düz və çəp qasıq yırtıqları olmaqla iki hissəyə bölünür.
- Bud yırtığı. Qasıq büküşü nahiyyəsində, büküşdən aşağıda budun ön tərəfinin orta hissəsində qabarma ilə görsənir. Daha çox qadınlarda rast gəlinir və yırtığın çox yüksək boğulma ehtimalı var.
- Göbək yırtığı. Uşaqlarda anadangəlmə göbək dəliyinin açıq qalması ilə əmələ gəlir. Kiçik olduqda öz özünə bağlanır. Defekt böyük olduqda isə əməliyyata ehtiyac olur. Yaşlılarda isə davamlı qarındaxili təzyiqin yüksəlməsindən yarana bilər.
- Əməliyyatdan sonrakı yırtıq. Bu yırtıqlar əməliyyatdan bir neçə ay sonra yaranır. Yaşlılarda, steroid qəbul edənlərdə, artıq çəkili xəstələrdə, eyni nahiyədə bir neçə əməliyyat olan xəstələrdə əməliyyatdan sonra yırtıq gəlmə ehtimalı yüksəkdir. İndi isə gərginlikdən azad hernioplastika ilə bu nəticələr xeyli yaxşılaşıb.
- Epiqastral yırtıq. Bu yırtıqlar göbəkdən yuxarı ağ xətt adlandırılan orta xətdə yaranır. Adətən möhdəviyyatı peritonönü piy toxuması olur.
Qarındaxili təzyiqi yüksəldən şəraitlər yırtıq əmələ gəlməsinə səbəb ola bilərlər. Bunlar xroniki qəbizlik, xroniki öskürək, prostat vəzin böyüməsi, ağır yük qaldırma ola bilər. Bundan başqa artıq çəki və piylənmə, yırtıq xəstəliyi olan ailə tarixçəsi də risk faktorlar hesab edilir.
Yırtıqlar adətən yırtıq nahiyəsində qabarıqlığın əmələ gəlməsi ilə və həmin nahiyədə ağrılarla təzahür edir. Diaqnoz adətən tam kliniki əlamətlərlə qoyulur. Lakin bəzi hallarda ultrasəs müayinəsi və KT müayinə kömək edə bilər. Bu müayinələr çox piyli xəstələrdə xüsulilə yararlı olur.

Bütün boğulmuş yırtıqlar təcili cərrahi əməliyyata göstərişdir. Boğulmamış yırtıqlar da daimi ağırlaşma yarada bilmək potensialı daşıdığı üçün xəstə planlı şəkildə əməliyyat olunması məsləhətdir. Yırtıqların müalicəsi yalnız əməliyyatladır. Müxtəlif bandajlar və qeyri tibbi basitələr mənasızdır.
Yırtıq əməliyyatının mahiyyəti yırtıq kisəsini kəsib çıxartmaq və yırtıq halqasını, defektini plastika etməkdən, yəni ləğv etməkdən ibarətdir. Əvvəllər daha çox yırtıq halqasının kənarlarını bir birinə tikməklə defekti ləgv edirdilər. Amma iri defektlərdə davam edən təzyiq yırtığın təkrarlanmasına səbəb olurdu. Torlu implantlarla plastika populyarlaşdıqdan sonra isə bu iş daha asanlaşdı və nəticələr aydın şəkildə yaxşılaşdı. İndi yırtıq halqasının kənarlarına gərginlik vermədən halqa torla qapadılır. Halqanın bağlanması torun üzərindən baş verir və toru dan özündə inteqrasiya edir.
Son zamanlar yırtıqların laparoskopik yolla da təmiri populyarlıq qazanmaqdadır.
Bunlar da maraqlı ola bilər.
- Yırtıq əməliyyatlarında hansı tordan istifadə edilməlidir
- Boğulmuş yırtıq -laparoskopik əməliyyatdan video görüntü
- Yırtıq əməliyyatlarının qiymətləri